AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənistanda siyasi repressiyalar başladı

Ermənistanda siyasi repressiyalar başladı

Siyasət
07 Mart 2013, 11:29 1664
Ermənistan hakimiyyəti prezident seçkilərində Serj Sarksiyana qarşı rəqib olmuş şəxslərə qarşı repressiv addımlar atmaqda davam edir. Bu dəfə Milli Təhlükəsizlik Xidmətinin vəsatəti ilə, Yerevanın ümumi yurisdiksiya məhkəməsi sabiq prezidentliyə namizəd Vardan Sedrakyanın iki ay müddətinə həbs olunması haqqında qərar qəbul edib. Sedrakyan prezident seçkilərində digər namizəd Paruyr Ayrikyana qarşı sui-qəsd cinayət işi üzrə əsas şübhəli şəxs kimi tanınır və “dövlət və ya ictimai xadimin qətlə yetirilməsi” maddəsi üzrə ittiham olunur. Milli Müqəddərat Birliyinin lideri Paruyr Ayrikyan fevralın 1-nə keçən gecə odlu silahdan sağ çiyin nahiyəsindən yaralanmışdı. Naməlum şəxslər iki atəş açıb, lakin güllənin biri yan keçib. Bundan bir həftə sonra MTX Paruyr Ayrikyanı qətlə yetirməkdə şübhəli iki şəxsin - 47 yaşlı Xaçatur Poqosyan və 41 yaşlı Samvel Harutyunyanın tutulub saxlanıldığını bəyan etmişdi. Onların ikisi də prezidentliyə namizəd Vardan Sedrakyanla tanış olublar. Bundan başqa, Samvel Harutyunyan prezidentliyə namizədin qonşusudur. “Sedrakyan ona qarşı irəli sürülən ittihamları cəfəngiyat hesab edir və qəbul etmir” – deyə onun vəkili Aleksandr Sirunyan REGNUM informasiya agentliyinə deyib. Zərərçəkən Paruyr Ayrikyan isə Vardan Sedrakyanla tanış olmadığını və heç vaxt görüşmədiyini bildirib. “Bu işə aidiyyəti varsa da, o, yalnız vasitəçi ola bilər. Bu, sifarişlə icra edilən sui-qəsd cəhdidirsə, sifarişçilər ikiqat, üçqat gizli ola bilər” – deyə Ayrikyan deyib.

Ayrikyanın səhhətinə gəldikdə, Ermənistan prezidentliyinə keçmiş namizədin səhhəti dəyişməz olaraq qalmaqdadır. Bu barədə “News.am”a prezidentliyə keçmiş namizədin özü bildirib. Onun sözlərinə görə, sağ əlindəki ağrıların azalmasına hesablanmış müalicə kursunu davam etdirir, lakin irəliləmə müşahidə olunmur. Xaricdə müalicə keçməyi də planlaşdırmır. İndiki vəziyyəti hələ ən azı 3 ay davam edə bilər.
Öz növbəsində keçmiş Ermənistan prezidentliyinə namizəd, “İrs” partiyasının lideri Raffi Ovanisyan martın 10-da İrəvanın Azadlıq meydanında növbəti “həlledici” mitinq keçirməyi planlaşdırdığını bəyan edib. O, həmçinin martın 8-də Beynəlxalq qadınlar günü münasibəti ilə də mitinq keçirməyi planlaşdırır. Ovanisyan martın 10-a planlaşdırılmış mitinqdə yaşından asılı olmayaraq bütün xalqı iştirak etməyə dəvət edib. O, martın 8-nə təyin olunmuş bayram mitinqini gələcək uzun mübarizəyə hazırlıq mərhələsi kimi qiymətləndirib. Ovanisyan çıxışında İrəvanın Ağsaqqallar Şurasına (paytaxt parlamenti) mayın 5-ə təyin olunmuş seçkilərin əhəmiyyətini də qeyd edib. “Mayın 5-də xalq İrəvanda hakimiyyəti ələ keçirərək onu xalq paytaxtı edəcək və bu hadisə bizim mübarizəmizin indiki mərhələsində mühüm qələbə olacaq. Mayın 5-dək biz hələ aprelin 9-da da qalibiyyətli kütləvi aksiya keçirəcəyik” - deyə Ovanisyan vurğulayıb. Bundan əvvəl müxalifət ölkə prezidentinin andiçmə mərasimi günündə Azadlıq meydanında Ovanisyanın xalq inauqurasiyasını keçirəcəyini bəyan edib.

Bu arada Ermənistan Konstitusiya Məhkəməsi (KM) prezident seçkilərinin nəticəsinin etibarsız hesab edilməsi məsələsini araşdıracaq. Məhkəmə Raffi Ovanisyanın şikayət ərizəsini qəbul edib. Ovanisyan fevralın 18-də keçirilən prezident seçkilərinin etibarsız sayılmasını tələb edir. Qanuna əsasən, ərizəni araşdırmaq üçün KM-ə 10 gün vaxt ayrılır” - deyə “İrs” Partiyasının mətbuat katibi Hovsep Xurşudyan jurnalistlərə deyib. Raffi Ovanisyan tələb edir ki, “xalqın iradəsini əks etdirən səsvermənin həqiqi nəticələri” dərc edilsin, rəsmən bəyan edilən rəqəmlər isə etibarsız hesab edilsin. “Söhbət seçkilər zamanı saxtalaşdırma hallarından, seçki siyahılarının qeyri-şəffaflığı və bir sıra başqa pozuntulardan gedir. Məhkəməyə 16 səhifədən ibarət dəlillər siyahısı təqdim edilib” – deyə “İrs” Partiyası seçki qərargahının vəkili Karen Mejlumyan deyib. Partiyanın mətbuat katibi Hovsep Xurşudyanın sözlərinə görə, məhkəməyə müraciət edərək partiya öz siyasi mübarizəsini dayandırmır, mitinqlər davam edəcək. Konstitusiya Məhkəməsinə müraciətdən əvvəl isə Raffi Ovanisyan Ermənistan İnzibati Məhkəməsinə Mərkəzi Seçki Komissiyasının fəaliyyətsizliyi ilə bağlı şikayət ərizəsi təqdim edib. “İrs” partiyasının lideri MSK-nın 25 fevral tarixli qərarının etibarsız sayılmasını tələb edir. İnzibati məhkəmədə işə hakim Karen Avetisyan baxacaq. İclasın tarixi hələ müəyyən edilməyib. Ekspertlər bu qənaətdədir ki, proseslərin gedişi göstərir ki, müxalif qüvvələr Serj Sarkisyanı hakimiyyətdən kənarlaşdırana qədər mübarizə aparmaq niyyətindədirlər.

Məqsədinə nail olmaq üçün Ovanisyan və tərəfdarları 20 fevral tarixindən Yerevanda və Ermənistanın digər şəhərlərində mitinqlərə başlayıb. Ovanisyan bu mitinqləri "inqilabın başlanğıcı" elan edib. O bildirib ki, həyatı bahasına da olsa, erməni xalqı aprelin 9-dək qələbəni bayram edəcək: "Sizə dediklərimizi sözün hərfi mənasında başa düşün: mənim həyatımın bahasına aprelin 9-a qədər erməni xalqı qələbəmizi bayram edəcək". “İrs” partiyasının parlament fraksiyasının rəhbəri Ruben Akopyan isə bəyan edib ki, hakimiyyət kobud güc tətbiq etsə, bunun cavabsız qalacağını gözləməsin:

"Raffi Ovanisyanın təbəssümlərində qətiyyətsizlik axtarmaq lazım deyil. Zərurət yaransa, biz özünümüdafiə hüququmuzdan istifadə edəcəyik. Qoy kimsə düşünməsin ki, güc tətbiq etsə, cavabını almayacaq. İndi çoxları Ermənistanda qeyri-sabitlikdə maraqlı olmadığını deyir. Biz də bunda maraqlıyıq, lakin xalq öz hüquqları uğrunda mübarizə aparırsa, sabitlik elə budur, biz bu cür sabitlik istəyirik". Digər müxalifət təmsilçisi Nikol Paşinyan da qələbənin Sarkisyanın inauqurasiyasına qədər əldə olunacağını elan edib. “İrs” partiyasının Gənclər Təşkilatının üzvləri isə müdafiə naziri Seyran Ohanyana müraciət ediblər. Müraciətdə Serj Sarkisyanın hansısa məqamda ordu birləşmələrinə xalqa qarşı güc tətbiq etmək əmri verəcəyi ehtimalının yüksək olduğu bildirilir və müdafiə naziri bu əmrə tabe olmamağa çağırılır. Mitinqdə mübarizənin seçkilərin gerçək hüquqi nəticələri təsdiqlənənə kimi davam edəcəyi barədə şüarlar səsləndirilib. Erməni müğənni Ruben Axverdiyan çıxış edərək deyib ki, Sarkisyan artıq hakimiyyətdə qalmamalıdır.

Azər NURİYEV