AZE | RUS | ENG |

Ermənistanda sistemli xarakter alan miqrasiya problemi

Ermənistanda sistemli xarakter alan miqrasiya problemi
“Vestnik Kafkaza”: “Bunun real səbəblərindən biri də hərbi əməliyyatların yenidən bərpa olunma ehtimalıdır”

"Yeni hökumətin ölkədə iqtisadi atmosferin yaxşılaşdığı barədə bəyanatlarına baxmayaraq, ermənilər imkan düşən kimi ölkəni  tərk etməkdə israrlıdırlar”. Rusiyanın "Vestnik Kafkaza” saytının gəldiyi qənaət bundan ibarətdir. Nəşrdə dərc olunan məqalədə erməni müəllif yazır ki, 2011-ci ildə milli siyahıyaalınmanın nəticələrinə görə, ölkə əhalisinin sayı 3 milyon təşkil edib. 2013-cü ildə də vəziyyət dəyişməyib. Ancaq sonrakı illərin rəqəmləri bu sahədəki durumun getdikcə pisləşdiyini ortaya qoyub. 2015-ci ildə əhali sayı 3 milyondan da aşağı düşüb. 2016-cı ildə əhalinin sayı 2 milyon 998 min, 2017-ci ildə 2 milyon 972 min təşkil edib. Bu isə o anlama gəlir ki, miqrasiya sistemli xarakter daşıyır. Daha sonra müəllif vurğulayır ki, ümumiyyətlə, SSRİ dağıldıqdan sonra bu ölkədə miqrasiyasının miqyası köklü şəkildə artıb: "Bütövlükdə, bu ölkə üçün miqrasiyanın üç dalğası xarakterikdir - birinci dalğa müharibə və onun fəsadlarıdır. Azərbaycan torpaqlarının işğalı ilə başlanan bu proses Ermənistana xeyirdən çox ziyan gətirdi. Hakimiyyət ümid edirdi ki, bu torpaqları işğal etməklə, oralara xarici ölkələrdəki erməniləri köçürmək mümkün olacaq. Lakin prosesin əksi baş verdi. Bundan əlavə, erməni işğalı nəticəsində Azərbaycan və Türkiyə Ermənistanla iqtisadi əlaqələri dayandırdılar. Miqrasiyanın ikinci dalğası 90-cı illərin sonunda başladı. Bu hal, iqtisadi böhranla müşayiət olunmağa başladı. İşğal nəticəsində yaşanan blokada, ən əsası, Rusiyada 1998-ci il defoltu ölkəni bərbad günə saldı. SSRİ dağıldıqdan sonra Moskva ilə sıx münasibətlərini saxlayan Yerevan defoltun bütün ağırlığını öz üzərində hiss etdi. Üçüncü mərhələ 2000-ci illərin sonlarına təsadüf edir. Dünya qlobal böhranının təsir etdiyi ölkələr sırasında Ermənistan ilk sırada oldu və bu gün bu hal daha da güclənib. Ölkə əhalisinin əsas gəlir mənbəyi olan əmək miqrasiyası ən yüksək həddədir. İnsanlar sürətlə başqa ölkələrə köçüb gedir”.
Məqalə müəllifi daha sonra erməni ekspertlərinin fikirləri əsasında gəldiyi qənaəti bölüşüb: "Onlar hesab edirlər ki, erməni miqrasiyasını sırf iqtisadi faktorlarla əlaqələndirmək düzgün deyil. Müasir Ermənistan postsovet məkanında geniş yayılan bir haldan, ədalətli sistemin olmamağından əziyyət çəkir. Hakimiyyətin yuxarı eşalonundakı klançılıq, kriminal aləmlə sıx bağlılıq  respublikanın sosial cəmiyyətini zəhərləyir. Ermənilər inanmırlar ki, ölkədə ədalətli məhkəmə sisteminə nail olmaq olar. Hər şeyi "əlaqələr” həll edir. Bu səbəbdəndir ki, ölkədə gurultulu həbslər, yüksək rütbəli hərbçi və generalların evlərində axtarış zamanı əldə olunanlar erməni cəmiyyətində hər hansı bir təəccüb doğurmadı. Baş nazir Nikol Paşinyan respublikada qayda-qanun yaratmağa cəhd göstərsə də, cəmiyyətdə bunlar o qədər də rəğbət doğurmur”. Ekspertlərin qənaətincə, Paşinyana qayda-qanun yaratmaq, bütün günahkarları həbsxanaya salmaq üçün beş il gərəkdir. Buna isə inananlar azdır. Məsələn, siyasi texnoloq Armen Bədəlyan bildirir ki, erməni xalqı yeni hökumətdən həbslər yox, çörək gözləyir. "İllərdir toxunulmaz olan şəxslərin məsuliyyətə cəlb edilməsi, təbii ki, gərəklidir. Lakin belə bir görüntü var ki, hökumət bütün problemləri - sosial-iqtisadi, maliyyə, miqrasiya və digərlərini bir kənara qoyub. Xalq çörək istəyir, hökumət isə yalnız xalqı görüntü ilə  təmin edə bilir. Hələ də hökumətin hansı iqtisadi siyasəti əsas götürdüyü, təhsil və ya məhkəmə sistemində hansı islahatları planlaşdırdığı bəlli deyil. Bu məsələlər ətrafında müzakirələr yoxdur. Əvəzində insanların diqqəti böyük cinayət işlərinə və həbslərə fokuslanıb”, - o bildirib.
"Vestnik Kafkaza” daha sonra yazır ki, başqa bir faktor xaricdəki erməni diasporudur: "Onların həyat tərzi  erməniləri xaricə getməyə ruhlandırır. Ən çox  erməni diasporu Birləşmiş Ştatlardadır - təqribən 2 milyona yaxın. Ardınca Rusiya gəlir. Burada ermənilərin sayı 1 milyondur. Fransada isə onların sayı 800 minə yaxındır. Xarici ölkələrdə özlərinə yer edən ermənilər kino və media sənayesində aktiv iştirak edir, tibb  və səhiyyə sahəsində, eləcədə də, biznes sahəsində çalışırlar. Soydaşlarının bu kimi uğurları ermənilərdə "ölkədə heç bir uğur qazanmaq mümkün deyil, nə varsa xaricdədir” stereotipini formalaşdırır”. Nəşrdə dərc olunan məqalədə erməni yazar onu da vurğulayır ki, bu kimi stereotiplər heç də hər zaman uğurlu olmur, axın o qədər güclüdür ki, ermənilər çoxsaylı problemlərlə üzləşirlər. Müəllif yazır ki, miqrasiyanın digər real səbəbi hərbi əməliyyatların yenidən bərpa olunma ehtimalıdır: "Ermənilər boş yerə qurbana çevrilmək niyyətində deyillər. Çoxillik hərbi ritorika, cəmiyyətdə militarizasiya əhval-ruhiyyəsinin gücləndirilməsi, hər an müharibəyə hazır olmaq çağırışları insanların həyat şəraitinə təsirsiz ötüşməyə bilməzdi. Bu gün insanlar başa düşürlər ki, Ermənisatn, hərbi potensialı günbəgün güclənən Azərbaycanla müharibə aparmaq iqtidarında deyil.  Qoşunların təmas xəttində baş verənlər çox ciddi şəkildə izlənilir və heç kimə sirr deyil ki, Ermənistan vətəndaşları Azərbaycanın işğal olunmuş ərazilərinə xidmətə göndərilirlər. Son aylar beynəlxalq müşahidəçilər qoşunların təmas xəttində atəşkəsin pozulması hallarının azaldığını qeyd edirlər, lakin vəziyyət gərgin olaraq qalır. Dağlıq Qarabağ probleminin tezliklə həlli perspektivləri şəffaf olsa da, erməni ordusu əsgərlərinin məhv olma ehtimalı güclü olaraq qalır”. Müəllif sonda xüsusi qeyd edir ki, hərbi əməliyyatlar başlayacağı təqdirdə, onun gedişindən asılı olmayaraq nəticələr Ermənistan üçün  fəlakətli olacaq”.
 
Azər NURİYEV
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6495
GBP 1 İngilis funt sterlinqi 2.2236
TRY 1 Türk lirəsi 0.2688
KWD 1 Küveyt dinarı 5.6152
SEK 1 İsveç kronu 0.1934
EUR 1 Avro 1.9967
CHF 1 İsveçrə frankı 1.7715
USD 1 ABŞ dolları 1.7000