• cümə axşamı, 28 mart, 16:31
  • Baku Bakı 16°C

Ermənistanda rusofob əhval-ruhiyyə güclənir

21.04.16 11:32 2507
Ermənistanda rusofob əhval-ruhiyyə güclənir
Cəbhə zonasında baş verən son hadisələr və ardınca gərginləşən Rusiya-Ermənistan münasibətləri fonunda Kreml baş diplomatı Sergey Lavrovu regiona göndərmək qərarına gəlib. Rusiya nəşrləri qeyd edir ki, S.Lavrovun səfərini daha çox Ermənistanda gözləyirlər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bəyan edib ki, sözsüz ki, səfər zamanı əsas diqqət Qarabağ münaqişəsi və cəbhə zonasında atəşkəsin mütəmadi olaraq pozulmasına yönələcək. Lakin nəşrlər qeyd edir ki, Ermənistanda antirusiya ritorikası durmadan artır. Xüsusən də hər gün cəbhə zonasında öldürülən erməni əsgərlərinin meyitləri ermənilərdə ruslara qarşı nifrəti artırır. Onlar baş verənlərdə ən çox Rusiyanı ittiham edir, Rusiyanın onları aldatdığını və taleyin ümidinə qoyduğu qənaətinə gəlirlər.
Qeyd edilir ki, Rusiya və Ermənistan arasında münasibətlər münaqişə dondurulmuş vəziyyətdən çıxdıqdan sonra mürəkkəb bir mərhələyə daxil olub. Hərbi əməliyyatlar Moskvanın müdaxiləsi ilə dayandırıldı, lakin aydın olur ki, yaranmış vəziyyətdə ən çox erməni tərəfi pis duruma düşdü. Rusiyanın Azərbaycana satdığı silahlar isə hazırda ermənilərin ən çox müzakirə etdiyi, qıcıq yaradan mövzuya çevrilib. Belə ki, silah satışı Ermənistan cəmiyyətində Rusiyaya qarşı kin-küdurəti artırıb, aksiyaların sayı çoxalıb. Bir vaxtlar Rusiyanı strateji tərəfdaş kimi görən ermənilər artıq bundan elə də sevinclə danışmırlar. Rusiya nəşrləri yazır ki, cəbhə zonasında güclü zərbə alan erməni tərəfi silah-sursatının yenilənməsi barədə danışmağa başlayıb. Lakin sual ortaya çıxır – necə və hansı vəsaitlə? Ölkə böhran yaşayır, işsizlik durmadan artır. Belə olan halda dövlət köhnə texnikanı müasir silahla əvəzləmək üçün əmək haqları və pensiyaları azaltmağa məcburdur. Erməni vətəndaşı isə buna razı olmayacaq. Belə olan halda, ümid yenə də Rusiyaya qalır. Lakin Rusiyanın da vəziyyəti yaxşı deyil. Neftdən asılı olan büdcə problem yaşayır.
Erməni nəşrləri qeyd edir ki, Rusiyanın bir sıra yüksək rütbəliləri hərbi əməliyyatlar zamanı və sonra Ermənistanı müdafiə etmək əvəzinə, vəziyyəti gərginləşdirən bəyanatlar səsləndirməyə üstünlük verdilər. Məsələn, onlar bəyan etdilər ki, Azərbaycana silah satışı davam edəcək. Daha sonra Ermənistan ciddi bir zərbəni Avrasiya İqtisadi İttifaqından aldı. Avrasiya İqtisadi İttifaqının Yerevanda keçirilməli olan toplantısı Qazaxıstanın təzyiqi ilə Moskva ilə əvəzləndi. Faktiki olaraq Astana Yerevanda keçirilən toplantını boykot etdi. Erməni tərəfi bundan sonra Moskvada keçirilən sammiti boykot etmək istəsə də, sonra Rusiyanın qorxusundan fikrindən daşındı. Əvəzində erməni deputatlar Rusiyanın himayəsi altında qurulan Avrasiya İqtisadi İttifaqından çıxmaq təşəbbüsü ilə çıxış etdilər. Bununla bağlı müvafiq qanun layihəsi də hazırlanıb. Artıq Rusiyada bu təşəbbüs Moskvaya təzyiq kimi qarşılanıb.
Maraqlısı odur ki, erməni siyasi dairələrində artıq açıq şəkildə rusofob əhval-ruhiyyənin artdığı qeyd edilir. Məsələn, erməni tarixçi Ayk Demoyan qeyd edir ki, Rusiya siyasətindən narazılıq göz önündədir. Misal kimi son bir neçə gün ərzində Rusiyanın Ermənistandakı səfirliyi önündə keçirilən üç etiraz aksiyası göstərilir. Onlardan ikisi yuxarıda qeyd olunan məsələyə - Rusiyanın Azərbaycana silah satmasına qarşı idi. Həmin aksiyada irəli sürülən tələblərə nəzər salaq - de-yure siyasi müttəfiq olan Rusiya öz vəzifələrini icra etməlidir, gələcək qərarlarında Ermənistanın milli maraqlarına və təhlükəsizliyinə hörmətlə yanaşmalıdır. İkinci tələb, Azərbaycana silah satışını dərhal dayandırmaq.
Sonuncu üçüncü aksiya isə biznesmen və mesenat kimi ad çıxaran Levon Ayrapetyan barədə çıxarılan məhkəmə qərarına olan etiraz idi. Bu aksiyada da antirusiya şüarlar çoxluq təşkil edib. Məlumat üçün bildirək ki, həmin şəxs bir neçə il bundan əvvəl dələduzluq maddəsinə görə Moskvada həbs edilib. Yürüş paytaxtın Respublika meydanında başlayıb. İştirakçılar əvvəlcə Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) binasına, sonra isə Rusiya səfirliyinə yollanıblar. Qeyd edilir ki, Levon Ayrapetyan Dağlıq Qarabağdakı separatçı rejimin əsas sponsorudur. Erməni mətbuatının məlumatına görə, aksiya iştirakçıları Ermənistanın XİN-nə gedərək ora məktub veriblər. Məktubda nazirliyin biznesmenin azad edilməsində vasitəçi olması tələb olunub. Bundan başqa, onlar XİN nümayəndələrindən rusiyalı həmkarları ilə dərhal əlaqə qurmağı tələb ediblər. Daha sonra Rusiyanın Ermənistandakı səfirliyinə gedərək eyni tələblə onlara da məktub verilib. Bu ilin aprelin 14-də erməni biznesmen Levon Ayrapetyan dələduzluq etdiyi üçün 4 il müddətinə azadlıqdan məhrum edilib. Rusiyada 700 min dollar vəsaiti mənimsəməkdə təqsirli bilinən erməniyə qarşı Moskvanın Zamoskvoretsk rayon məhkəməsi hökm çıxarıb. Levon Ayrapetyan “Başneft” işi ilə əlaqədar mənimsəmə və çirkli pulların yuyulmasında günahlandırılaraq 2014-cü ilin iyul ayında həbs olunub. Keçən il sentyabrın 16-da başqa yerə getməmək şərti ilə ev dustaqlığına buraxılıb. Onun haqqında istər axtarış sistemlərində, istərsə də “youtube” sosial şəbəkəsində tapılan materiallardan görünür ki, bu zəngin erməni Azərbaycan və türk dünyasının qatı düşmənidir. Belə ki, o, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən torpaqlarımıza tez-tez gəlir, ora maliyyə yardımı göstərir.
Erməni nəşrlərində antirusiya ritorika ilə bağlı daha bir maraqlı fakt. “Yelaket.am” saytında müəllif Artur Gazinyan yazır ki, Ermənistanın Rusiya üçün heç bir dəyəri yoxdur. Rusiya Ermənistandan özünə lazım olanı əldə edib. “Biz isə bunun əvəzində heç nə əldə etməmişik. Gözlədiyimiz yalnız təhlükəsizliyimizin təmini idi. Ancaq bunun xülya, uşaq arzusu olduğunu gördük. Rusiyanın Ermənistanın təhlükəsizliyi naminə öz milli, dövlət maraqlarından imtina edəcəyini gözləmək xam xəyal idi. Rusiya Azərbaycanı qazanmaq istəyir. Çünki Azərbaycan ona çox şey verə bilər. Amma Azərbaycan bizim kimi sadəlövh deyil ki, Rusiyanın istədiklərini ona havayı versin. Azərbaycan bunun üçün çox böyük qiymət tələb edir” deyə müəllif yazır. Onun qənaətincə, Rusiya üçün Azərbaycanın əhəmiyyəti Ermənistanla müqayisədə dəfələrlə böyükdür. “Odur ki, Rusiyaya qısılmaq lazım deyil. Çünki Rusiya yalnız öz maraqları ilə hərəkət edir. Rusiyaya qarşı nifrət tək etirazlarla səngimir” deyə müəllif bəyan edir. Bütün bunların fonunda Sergey Lavrov Yerevana səfər edir. Və Rusiyanın təcrübəli diplomatına bununla bağlı suallar ünvanlanacaq.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər