• cümə, 26 Aprel, 16:51
  • Baku Bakı 23°C

Ermənistanda Rusiyanın nüfuzu düşməkdə davam edir - Fotolar

08.01.18 17:29 595
Ermənistanda Rusiyanın nüfuzu düşməkdə davam edir - Fotolar
Ermənistanla Rusiya arasında münasibətlərdə qeyri-müəyyənlik davam edir. Caucasus Research Resource Centers (CRRC) tərəfindən Cənubi Qafqaz ölkələrində aparılan sorğunun nəticələri Rusiya nəşrləri tərəfindən ciddi narahatedici hal kimi qiymətləndirilib. Qeyd edək ki, "Qafqaz barometri”nin sorğu əsasında hazırladığı hesabatı "Vestnik Kafkaza” oxuculara təqdim edib. Ötən il dekabrın sonlarında aparılan monitorinqin məqsədi regionda ictimai-iqtisadi və siyasi trendləri üzrə çıxarmağa yönəlib. Tədqiqat zamanı CRRCtərəfindən Ermənistanda yaşı 18-i ötmüş 1648 vətəndaşın rəyi soruşulub. Bəlli olub ki, müttəfiq Ermənistanda hər il Rusiyaya dəstək azalmağa doğru gedir. Ölkədəki vəziyyətlə yaxından tanış olan ekspertlər bildirirlər ki, əvəzində Qərb fondları tərəfindən maliyyələşən vətəndaş cəmiyyəti təşkilatları sistemli şəkildə Rusiyanın təsir və nüfuzunun azaldılması istiqamətində iş aparırlar. Ortaya çıxan rəqəmlər Rusiya üçün bu təhlükəni konkret empirik məlumatlarla təsdiqləmiş olub.
"Sizcə, Ermənistanın ən yaxın dostu kimdir” sualına respondentlərin 64 faizi Rusiya cavabını verib. Halbuki, 2013-cü ildə bu göstərici 84 faiz idi. 2015-ci ildə isə bu rəqəm 74 faiz olmuşdu. Beləliklə, bundan irəli gələrək demək olar ki, 2013-2017-ci il ərzində Rusiyaya əsas dost ölkə kimi olan etibar 20 faiz aşağı düşüb. Əvəzində uzaq Fransanı Ermənistanın əsas dostu kimi görənlərin sayı 4 faizdən 17-ə yüksəlib. Lakin məsələ ondadır ki, anketdə Avropa İttifaqı ölkələri sırasında yalnız Fransanın adı göstərilib. Yəni, respondentlərin başqa seçimi olmayıb. Erməni respondentlərin Rusiyaya inamlarının azalmasını başqa bir rəqəm də sübut edir. Respondentlərə "Ermənistan NATO, yoxsa KTMT ilə əməkdaşlıq etməlidir” sualına rəyi soruşulanların 50 faizi hər iki hərbi qurumla eyni münasibətlər qurulmasının tərəfdarı olduğunu bildirib. Respondentlərin 5 faizi Alyansa üzvlüyü, 27 faiz isə KTMT-də üzvlüyün saxlanılmasını istəyib. Məsələ ondadır ki, Ermənistan tam şəkildə Rusiyanın təhlükəsizlik təminatından asılıdır, ondan silah almaq üçün güzəştli kredit alır, ölkənin xarici sərhədlərini isə bu ölkənin hərbçiləri qoruyur. Belə olan halda, 27 faiz dəstək çox aşağı göstəricidir. Bu ziddiyyətli göstərici başqa bir nəticədə də üzə çıxıb. "Ermənistan gələcəkdə hansı inteqrasiya birliyində təmsil olunmalıdır” sualına respondentlərin 25 faizi Avrasiya İqtisadi İttifaqını göstərib. 54 faiz isə bildirib ki, Ermənistan həm Aİİ, həm də Avropa İttifaqı ilə eyni münasibətləri saxlasa yaxşı olardı. 5 faiz isə Avropa İttifaqına üzvlüyün tərəfdarı olduğunu bildirib.

Ən maraqlı göstərici isə qatı antirusiya mövqeyindən çıxış edən "Sasna Çrer” silahlı qruplaşması ilə bağlı üzə çıxıb. Bu qruplaşma açıq şəkildə bildirir ki, Rusiya müstəmləkə rejiminə qarşı mübarizə onların əsas amalıdır. Onu dəstəkləyənlərin sayı 19 faiz təşkil edib. 17 faiz qismən, 28 faiz isə neytrallıq nümayiş etdirib. Cəmi 6 faiz bu qruplaşmanın hərəkətlərini pisləyib, 10 faiz isə qismən pisləyib. Yəni, bütövlükdə yaraqlılara 36 faiz dəstək verilib, cəmi 16 faiz isə onların hərəkətlərini qınayıb. Nəşrdə Rusiyaya qarşı neqativ mövqenin güclənməsində 2016-cı ilin aprel hadisələrinin mühüm rolu olduğu göstərilir. Aprel hadisələrindən sonra Yerevan Moskvadan güzəştli kreditlər, qaza görə güzəştlər aldı, iki ölkə arasında ticarət dövriyyəsi isə 30 faiz artıb. Bütün bunlara baxmayaraq, ermənilər arasında antirusiya əhval-ruhiyyə artmaqda davam edir. Buna səbəb kimi Ermənistan hakimiyyətinin düzgün siyasət qura bilməməsi göstərilir. Məqalədə xüsusi vurğulanır ki, bu tək erməni hakimiyyətinin korrupsiyalaşması ilə bağlı deyil, həm də Azərbaycanla hər hansı bir razılıq əldə etmək qabiliyyətinin olmaması ilə bağlıdır.

Sorğu hakimiyyətə olan etimadın da dərin böhran içində olduğunu üzə çıxarıb. Hazırda cəmi 6 faiz vətəndaş prezident Serj Sarkisyana etibar edir, 12 faiz isə onu dəstəkləyir. 20 faiz ona inanmır, 44 faiz isə tam şəkildə ona etimad göstərmir. Ölkə parlamentinə dəstək prezidentdən də aşağı həddədir - 12 faiz. 66 faiz onun fəaliyyətindən narazıdır. Xüsusi vurğulanır ki, Rusiya üçün hadisələrin bu tərzdə inkişafı çox mənfi nəticələrə gətirib çıxara bilər. Qərbin və qərbyöbümlü təşkilatların maliyyəsi ilə özlərini rahat hiss edən KİV və QHT-lər antirusiya əhval-ruhiyyəni gücləndirməkdə davam edirlər. Xüsusən də ölkə Aİ -lə hərtərəfli sazişə imza atdıqdan sonra bu əhval-ruhiyyə xeyli güclənib. Nəticədə də erməni cəmiyyəti sürətlə Moskvadan uzaqlaşır. Nəşr bunun qarşısını almaq üçün təkliflərini da verir - erməni hakimiyyətinə təzyiq göstərilməsi. Lakin bunun nə qədər effektiv olub-olmadığını söyləmək çətindir. Məsələ ondadır ki, sosial-iqtisadi problemlərin həllini tapmaması ölkənin başı üzərində "Domokl qılıncı” kimi asılıb qalıb. Məhz bu hal əhali arasında artan narazılığın başlıca səbəbidir. Sistemli, kompleks çıxış yolu kimi Ermənistanın Azərbaycan və Türkiyə ilə regional əməkdaşlığa inteqrasiyası, Cənubi Qafqazın " kor bağırsağın”dan tam hüquqlu tərəfdaşa çevrilməsi göstərilir. Sonda qeyd edilir ki, Kreml Qərbin nüfuzu güclənməmiş ölkədəki siyasi elitanı dəyişməlidir. Onun təsir imkanlarının xeyli güclü olduğu vurğulanır. "Ermənistanı indiki mürəkkəb vəziyyətdə yaxın illər üçün özbaşına buraxmaq Rusiyanın Cənubi Qafqazdakı maraqlarına ciddi zərbə vura bilər”, - deyə məqalənin sonunda bildirilib.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər