Ermənistanda rus dilinin populyarlaşdırılması konsepsiyası etirazlara səbəb olub
"Ermənistanda ermənilərdən başqa kimsə
yaşamamalıdır” fikrini əsas şüara şevirən Ermənistan hakimiyyəti getdikcə bu
siyasətini tam şəkildə reallaşdırmaq üzrədir. Əvvəlcə ölkə ərazisindəki
azərbaycanlılar zorla qovuldu, sonra isə ruslar və digər xalqların da ölkədən
sıxışdırılıb çıxarılması prosesi həyata keçirildi. Bu siyasət isə onu Cənubi
Qafqazda forpostu elan edən Rusiya tərəfindən birmənalı qarşılanmır və sərt
tənqidlərə səbəb olur. Zaman-zaman Rusiyanın ən müxtəlif dairələrində bununla
bağı erməni hərbi xuntasının ünvanına sərt bəyanatlar səslənib və indi də
səslənir.
Ermənistan rəhbərliyi də forpost olduğunu göstərmək
üçün bu istiqamətdə addımlar atır. Bu məqsədlə Ermənistan Təhsil və Elm
Nazirliyi rus dilinin tədrisi və təlimi ilə bağlı dövlət konsepsiyası işləyib hazırlayıb.
Lakin konsepsiya dərhal ölkənin siyasi fəalları və ictimai xadimləri tərəfindən
narazılıqla qarşılanıb. İctimai fəal David Sanasaryanın sözlərinə görə,
hazırlanan konsepsiya antidövlət proqramıdır. "Baş nazir Karen Karapetyanın
tapşırığı ilə hazırlanan konsepsiyanın məqsədi rus dilinin Ermənistanda
populyarlığının artırılmasına nail olmaqdır”, - deyən ekspertin qənaətincə,
ruslar artıq hakimiyyəti "barmaqla hədələyir” və bu proqram da məhz bu hədədən
sonra start götürüb. Yəni, bu sənəd onların diktəsi ilə hazırlanıb. İctimai
fəal istisna etmir ki, konsepsiyanın məqsədi gələcəkdə rus dilinə dövlət dili
statusu verilməsinə yönəlib. Bu iddianı əsaslandıran hallardan biri odur ki,
rusiyalı məmurlar zaman-zaman bu problemə toxunur, onu qabardırlar. "Rusiya
tərəfi hər zaman səmimi olub, hər zaman öz arzu və məramlarını aydın şəkildə
ortaya qoyub - onlar postsovet məkanında rus dilinin yüksək səviyyədə qalmasına
nail olmaq istəyirlər”, - deyə ekspert vurğulayıb. "Rəsmilər nazir Levon
Mkrtçyanın erməni dilinin əvəzolunmazlığı barədə sözlərini tez-tez təkrar
etməyi xoşlayırlar. Lakin anlamırlar ki, onlar bilərəkdən erməni dilinin
mövqelərinin zəifləməsinə çalışırlar”, - Sanasaryan əlavə edib. Onun təəccübünə
səbəb olan rus dilinin digər əcnəbi dillərdən ayrılmasıdır. Ermənistan Təhsil
Nazirliyinin ümumi təhsil şöbəsinin rəhbəri Aşot Arşakyan bildirir ki, bu
konsepsiyanı hazırlayanda geosiyasi proseslər və Ermənistanın Avrasiya İqtisadi
İttifaqına üzvlüyü məsələsi nəzərə alınıb. "Səhv addım atdılar - ölkəni
Avrasiya İqtisadi İttifaqına üzv qəbul etdirdilər, indi də belə bəyanatlar
səsləndirirlər. Bizləri özlərinin məntiqi ilə oturub-durmağa məcbur edirlər.
Deyirlər ki, bunu qəbul etməlisiniz”, - deyə erməni ictimai xadimi bildirib.
Ali təhsil üzrə ekspert Samvel Karabekyan
konsepsiyada stilistik və orfoqrafiya səhvlərinin olduğunu bildirir. Onda belə
təəssürat formalaşıb ki, bu, sürətlə tərcümə olunan bur sənəddir. "Bir ay əvvəl
ictimaiyyətin diqqətinə başqa bir sənəd təqdim edilmişdi. Orada xarici dillər
haqqında danışılanda rus dili də onların içində gedirdi. İndi isə rus dili
ayrıca dil kimi ayrılır. Bir ay sonra rus dilinin ayrıca dil kimi təqdim
edildiyini görməmək mümkün deyil. İnsanlarda belə bir fikir yaranır ki, bu,
siyasi zərurət və sifarişdir”, - deyə Karabekyan bildirib. Onun sözlərinə görə,
ölkədə rus dilinin yayılması kanalları onsuz da çoxdur. "Ermənistan hakimiyyəti
dünya elminə daha da yaxınlaşmaq üçün ingilis dilinə üstünlük verməlidir”, -
deyən ali təhsil üzrə ekspert doğma dilə qayıtmağın zəruri olduğu
qənaətindədir.
Sosial şəbəkələrdə də ölkədə rus dilinin
populyarlaşdırılmasına qarşı etirazlar artıb. "Çıxış” fraksiyasının üzvü Araik
Arutyunyan isə ümumiyyətlə rus dilinə qarşı çıxır. Qrup üzvləri sosial
şəbəkələrdə Təhsil Nazirliyinin təşəbbüsünə qarşı çıxmaq üçün birləşmək və
konkret addımlar atmaq qərarına gəliblər. Onların ilk addım olaraq profil
şəkillərin erməni əlifbası ilə əvəzləməyi seçiblər.
Azər NURİYEV