• cümə, 29 Mart, 19:25
  • Baku Bakı 14°C

Ermənistanda qiymətlər qalxdı

06.12.14 10:26 1382
Ermənistanda qiymətlər qalxdı
Ermənistanda siyasi proseslər gərgin axarda davam edir. Etiraz aksiyaları və narazılıqlara baxmayaraq, parlament ölkənin Rusiya, Belarus və Qazaxıstan tərəfindən təsis edilmiş Avrasiya İqtisadi Birliyinə qoşulması haqqında müqaviləni ratifikasiya edib. Dörd gün davam edən parlament sessiyasında müzakirələrdən sonra millət vəkilləri 103 lehinə, 7 əleyhinə və 1 nəfər bitərəf olmaqla Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olmasını dəstəkləyiblər. Parlamentdə təmsil olunan 6 siyasi qüvvədən biri – dörd nəfərdən ibarət Jaranqutyun (İrs) fraksiyası, Erməni Milli Konqresi fraksiyasının üzvü, sabiq qəzet redaktoru Nikol Paşinyan və fraksiyalara daxil olmayan daha iki millət vəkili (Xaçatur Kokobelyan və Edmon Marukyan) müqavilənin əleyhinə səs veriblər. Rusiya, Belarus və Qazaxıstan parlamentlərindəki ratifikasiyadan sonra Ermənistan 2015-ci il yanvarın 1-dən Avrasiya İqtisadi Birliyinin tamhüquqlu üzvü olacaq.
Qeyd edək ki, bir neçə gün idi ki, parlament önündə ölkənin quruma üzvlüyünə qarşı çıxan qüvvələrin etiraz aksiyaları keçirilirdi. Deputatlar isə onların tələblərini qulaqardına vuraraq sənədi qəbul ediblər. Müxalifət hesab edir ki, ölkəni Rusiyanın boyunduruğu altına soxmaqla hakimiyyət çox ciddi bir səhv etmiş olur. Rusiyanın hegemon olduğu quruma üzv qəbul olmaq barədə sənədi ratifikasiya etdikdən sonra ölkədə qiymətlər artıb. Ötən gün süd məmulatlarının qiyməti bir gündə 10 faiz artıb.
Rusiyanın iqtisadi və siyasi asılılığında olan Ermənistanda kritik vəziyyət yaranıb. Rusiya rublunun qiymətinin kəskin şəkildə düşməsi fonunda Ermənistan valyutası olan dramın məzənnəsi də sürətlə enməyə başlayıb. Bu isə öz növbəsində bir sıra əsas tələbat mallarının bahalaşmasına səbəb olub. Həftənin əvvəlindən ət, süd və çörək məmulatlarının qiyməti 10 faizədək artıb. Mağaza sahibləri bahalaşma prosesinin bundan sonra da davam edəcəyini deyirlər. Kolbasanın qiyməti azı 100 dram (0,23 dollar) artıb, süd məhsulları 20 dram bahalaşıb, Qiymətlərin artmasını təchizatçılar Ermənistan dramının məzənnəsinin aşağı düşməsi ilə izah edirlər. Lakin mağaza sahibləri süd məhsulları istehsalının idxalatla bağlı olmadığını deyirlər. “Aştarak kat” süd məmulatları istehsal edən şirkətdən qiymətləri qaldırmağa məcbur olduqlarını bildiriblər. Çünki şirkətin məlumatına görə, hələ keçən il tədarük edilən südün, kərə yağının, qablaşdırma malları, elektrik enerjisi, qaz və başqa yanacaq növlərinin qiymətləri artıb.
Yerevan valyutadəyişmə məntəqələrində 1 ABŞ dollarının qiyməti rekord səviyyəyə - 465-470 drama çatıb, lakin dünən Mərkəzi Milli Bankın müdaxiləsi sayəsində qiymət 450 drama enib. Hələ oktyabrın sonunda 1 ABŞ dollarını 408-410 Ermənistan dramına almaq olardı. İqtisadçı, professor Aşot Tavadyan qiymət artımını Rusiya amili ilə izah edir: “Hər necə olsa da, Rusiyaya qarşı sanksiyalar Ermənistana təsir etməyə bilməz. Çünki bu iki ölkənin iqtisadiyyatları bir-biri ilə sıx bağlıdır”. Bundan başqa, onun sözlərinə görə, Rusiyadan Ermənistana böyük məbləğdə transfertlər gəlir və orada iqtisadi vəziyyətin pisləşməsi Ermənistana da təsir edir. Eyni zamanda Ermənistanın iqtisadiyyat naziri Karen Çşmarityan ölkə valyutasının məzənnəsinin düşməsini “spekulyasiya sövdələşmələrinin” nəticəsi adlandırıb: “Bu, iqtisadi situasiyanın nəticəsi deyil. Mən hesab edirəm ki, vəziyyət sabitləşəcək. Mövcud qanunverici və inzibati alətlər nəzərə alınaraq, Mərkəzi Bank qısa müddətdə vəziyyəti tənzimləyər”.
Bahalaşma təbii ki, əhalinin qəzəbinə səbəb olub.
“İnsanların narazılığı tamamilə başa düşüləndir”. Bunu jurnalistlərin suallarına cavab verərkən parlamentin spikeri Qalust Saakyan bildirib. Hakimiyyətin yeni etiraz dalğasından qorxub-qorxmaması barədə suallara cavab verən Saakyan hiddətlə deyib: “Hamıya dalğalarla ehtiyatlı olmağı məsləhət görürəm, boğula bilərsiniz”. Hakimiyyətdəkilərdən bəziləri hesab edir ki, ərzaq məhsullarının bahalığında hər şeydən öncə tamahkar sahibkarlar günahkardır. Ermənistanın baş nazirinin müavini Vaçe Qabrielyan əhalini sakitləşdirməyə çalışaraq bildirib ki, ölkədəki bahalaşma tamamilə nəzarət altındadır. “Amma qiymətlər yuxarı dırmanmaqda davam edir. Rusiya rublunun ardınca erməni milli valyutası dram da çöküb və özü də bu çox sürətlə baş verib. Bir sıra banklar dollar satışını dayandırıblar, başqaları isə xarici valyutanı məhdudiyyətlə satırlar” - deyə parlamentdə çıxış edən deputat Nikol Paşinyan bildirib. Əlavə edib ki, indiki hakimiyyətin normal iqtisadi strategiyası yoxdur: “Amma Moskva, Brüssel və Vaşinqtondan dilənçi payı istəyən siyasi elita var, sonra aclara bir tikə düyü atırlar ki, onların dilindən təşəkkür sözləri qoparsınlar”.
Beləliklə, mağazalarda qiymətlər hər gün dəyişir və yerli mətbuatın yazdığına görə, qarşıdan gələn yeni il Ermənistanın bir çox ailələri üçün heç də bayram olmayacaq. Bununla da bir çox erməninin evində onsuz da yoxsul olan Yeni il masası daha da yoxsullaşaq.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər