• çərşənbə axşamı, 23 aprel, 12:05
  • Baku Bakı 24°C

Ermənistanda pensiya sisteminə qarşı etirazlar genişlənir

14.02.14 08:47 1410
Ermənistanda pensiya sisteminə qarşı etirazlar genişlənir
Ermənistanda məcburi sığorta-pensiya sistemi ilə bağlı narazılıqlar müddətli etiraz tətillərinə çevrilə bilər. Artıq Ermənistan üçün strateji əhəmiyyət kəsb edən müəssisələr etiraz tədbirlərinə qatılmaq barədə qərar qəbul ediblər. Ötən həftə Metsamor Atom Elektrik Stansiyası, bu həftə isə “Cənubi Qafqaz dəmir yolları” şirkətinin əməkdaşları müəssisələrin inzibati binası qarşısında piket təşkil ediblər. Onlar pensiya fonduna keçirmək məqsədilə tutulmuş əmək haqqının 5 faizi qaytarılmasa, tətilə başlamaqla hədələyirlər. Dəmiryolçular “Pullarımızı qaytarın” və pensiya sistemi əleyhinə şüarlarla xəbərdarlıq tətilinə çıxıb. Onların bir hissəsi üçün yanvar ayının maaşı tutulmuş məbləğ çıxmaqla hesablanıb. Aksiya iştirakçıları yeni pensiya sistemi haqqında qanun qüvvəyə minməmiş onun tətbiq edilməsinə etiraz edirlər. Onlara dəmiryol şirkətinə aidiyyəti olmayan fəallar da qatılıb. “Biz nə maaş alırıq ki, onun bir hissəsini də tutsunlar? Birincisi, hələ qanun qüvvəyə minməyib. İkincisi də, bunlara etibar yoxdur, bir neçə ildən sonra başqa bir qanun qəbul edərlər, pullarımız havayı yerə itər” – deyə təxminən 30 yaşlı Vardan BBC-yə bildirib. Vardan dəmiryol fəhlələrinin aylıq maaşı 80-90 min dram (təxminən 200 dollar) təşkil etdiyini bildirir. Masis, Hrazdan və başqa bölgələrdən dəmiryolçular işlərini qoyub öz tələblərini “Cənubi Qafqaz dəmir yolları” şirkətinin rəhbərliyinə çatdırmaq üçün Yerevana gəlmişdilər. Lakin dörd saat ərzində həmkarlar komitəsinin rəhbərindən başqa onların qarşısına çıxan olmadı. Maraqlıdır ki, Spendaryan adına Akademik Opera və Balet Teatrının aktyorları da maaşlarının 5 faizinin tutulmasına etiraz edərək, səhnəyə çıxmayıblar. Axşam nəzərdə tutulan “Anuş” operası təxirə salınıb. Tamaşa zalı dolu olub, lakin tamaşaçılar aktyorların etiraz aksiyasına anlaşma ilə yanaşıb və narazılıq bildirməyiblər. Onlar bilet kassalarında növbəyə durub öz pullarını geri alıblar. Dünən teatrın aktyorları etiraz aksiyasını davam etdirəcəklərini bildiriblər. Lakin son məlumatlara görə, saat 14-də Ermənistan mədəniyyət nazirinin müavini onlarla görüş keçirib və məsələni həll edəcəyini deyib.
Görüşdən çıxan aktyorların üzündə narazılıq oxunsa da, onlar görüşün təfərrüatları barədə məlumat verməyiblər. Yeni pensiya sistemi üzrə, 1974-cü il yanvarın 1-dən bəri anadan olan hər bir Ermənistan vətəndaşının aylıq əmək haqqının 5 faizi onun adına açılmış əmanət hesabına keçirilməlidir. Daha 5 faiz də, lakin 25 min dramdan (təxminən 61 dollar) artıq olmayaraq həmin hesaba dövlət tərəfindən keçirilməlidir. Qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minməli idi. Lakin vətəndaş fəallarının təzyiqi altında və dörd müxalif parlament fraksiyasının müraciətdən sonra Konstitusiya Məhkəməsi qanunun bir sıra müddəalarının ölkə konstitusiyasına uyğun olmadığı qənaətinə gəlib və onların dəqiqləşdirilməsini tələb edib. Məsələ üzrə məhkəmə araşdırmalarının bitməsi isə mart ayının 24-də nəzərdə tutulur. Buna baxmayaraq, bəzi dövlət müəssisələrinin, o cümlədən, uşaq bağçaları və təhsil ocaqlarının rəhbərləri əmək haqqını tutumlarla ödəməyə başlayıblar. Bundan başqa, müəssisə və təşkilatlar tərəfindən Dövlət Vergi Müfəttişliyinə təqdim ediləcək hesabat blanklarında pensiya ödənişləri üçün xüsusi qrafa nəzərdə tutulub və həmin hissə boş qalsa, hesabat qəbul olunmur. Bu hal müəssisə mühasiblərini çətin vəziyyətə qoyur. Bir tərəfdən Konstitusiya Məhkəməsinin qərarına əsasən pensiya haqqında qanun ən azı mart ayınadək qüvvədə deyil. Digər tərəfdən bəzi müəssisə rəhbərləri vergi müfəttişliyinin tələbini yerinə yetirməyə məcburdurlar. Aksiya iştirakçıları öz maaşlarının 5 faizini hökumətə etibar etmək istəmədiklərini, pensiya yaşına (63) çatanda pullarının geri ala biləcəklərindən əmin olmadıqlarını bildirirlər. Paytaxt Yerevanda yeni qanuna qarşı etiraz aksiyaları da keçirilib. Etiraz dalğası Ermənistanın digər bölgələrinə də çatıb. İctimai fəallar Vanadzor və Gümri şəhərlərində izdihamlı etiraz nümayişləri keçirməyə hazırlaşırlar. Məlumata görə, Ermənistan parlamentində hakim koalisiyaya daxil olmayan fraksiyalar, yəni Ermənistan Milli Konqresi, “Daşnaksütyun”, “İrs” və “Çiçəklənən Ermənistan” partiyaları bu istiqamətdə fəaliyyətə keçiblər. Onlar parlamentin növbəti dörd günlük iş həftəsi ərzində, yəni fevralın 24-27-də baş nazir Tiqran Sarkisyana etimadsızlıq elan edilməsi məsələsini qaldırmağa hazırlaşırlar. Ermənistan Milli Konqresi və “Çiçəklənən Ermənistan” müvafiq sənədin məzmununu artıq razılaşdırıblar. Hazırkı mərhələdə yalnız “Daşnaksütyun” və “İrs” partiyaları taktiki məsələlərdə tərəddüd edirlər. Lakin Ermənistan Milli Konqresi və “Çiçəklənən Ermənistan” sonda bu fraksiyaların da təşəbbüsə qoşulacaqlarını gözləyirlər. Bundan başqa, fəal etiraz aksiyalarına start verilməsi də gündəmdədir. Ermənistan Milli Konqresi 1 mart tarixinə planlaşdırılmış mitinqinə çağırış aksiyalarına indidən başlayıb. Bundan ehtiyatlanan hakimiyyət isə Ermənistan Milli Konqresinin fəallarını həbs etməkdədir. Lakin aksiya fəalları bəzi küçələrin divarlarına prezident Serj Sarkisyanın şəkillərini çəkib altından “Serj dövlət xainidir” sözləri yazırlar. Bununla bağlı 9 fəal həbs olunub”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər