• cümə, 26 Aprel, 09:39
  • Baku Bakı 12°C

Ermənistanda panika

25.09.20 14:08 609
Ermənistanda panika
Prezident İlham Əliyevin son açıqlamaları düşmən ölkədə geniş rezonans doğurub
İşğalçı dövlət panika içindədir. Ölkə prezidenti İlham Əliyevin Ermənistanda mövcud durum, eləcə də, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son açıqlamaları hərbi xunta dövlətinin siyasi dairələrində, mediasında geniş əks-səda doğurub. Qeyd edək ki, prezident müsahibəsində danışıqlar prosesinin uğursuz olduğu və bu uğursuzluqda Ermənistan tərəfinin günahkar olduğunu sərt şəkildə bəyan edib. Rəsmi Bakı Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ümid edirdi ki, Nikol Paşinyan hökuməti heç olmasa ağlını başına yığıb işğal siyasətindən, yaratdığı qondarma quruma son qoyacaq. Lakin görünən odur ki, yeni hakimiyyət populist bəyanatlar səsləndirməkdə davam edir. Hətta, əvvəlki rəhbərlikdən də qabağa gedərək, işğal altında olan Azərbaycan torpaqlarını qanuni don geyindirməyə çalışır. Son Tovuz hadisələri də bu avantürizmin nəticəsidir. Sosial, iqtisadi və digər problemlərdən diqqəti yayındırmaq üçün sərhəd bölgəsində təxribatlara yol verir. Sərsəm, avantürist bəyanatlar səsləndirməkdə davam edir. Erməni mediasında dərc olunan materiallarda prezidentin Ermənistanın ünvanına səsləndirdiyi bəyanatlar və Nikol Paşinyanın bütün bunlara susqunluğa alması, hakimiyyətin səriştəsizliyi ciddi şəkildə qabardılır.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün Ermənistanda artıq söz sahibi xarici qüvvələrdir. Daha dəqiq ifadə etsək, Sorosdur. Onun yaxından köməyi ilə hakimiyyətə gələn Paşinyan, faktiki olaraq müstəqil siyasət yürütmək imkanından məhrumdur. Ölkə prezidentinin vurğuladığı kimi, Ermənistanın müstəqilliyi formal xarakter daşıyır. Ona görə də, erməni cəmiyyəti bu yarıtmaz siyasətin iflasa uğrayacağını dərk edir.
Elə həftə olmur ki, paytaxt İrəvanın küçələrində erməni xalqının Paşinyana qarşı küçə yürüşləri, etirazları baş verməsin. Ən əsası artıq bu aksiyalarda "müharibəyə yox” çağırışları səslənir. Erməni anaları öz övladlarını günahsız yerə ölümə göndərmək istəmədiklərini, başqa bir dövlətin torpağı uğrunda ölməyə razı olmadıqlarını Paşinyandan tələb edirlər.
Yeri gəlmişkən, ölkə prezidentinin Ermənistana ünvanlanan sərt açıqlamaları qarşı tərəfin media orqanlarında, siyasi dairələrində geniş müzakirə olunur. Məsələn, "168.am” nəşri yazır ki, problem İlham Əliyevin dediklərinin doğruluğunda deyil. Paşinyan və komanda yoldaşları son iki il yarım ərzində keçmişin bütün qələbələrini alçaltmaq, Qarabağ müharibəsi "qəhrəmanlıqlarını” və "qəhrəmanlarını” dəyərdən salmaq üçün əllərindən gələni etdilər.
Öz növbəsində Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib ki, Azərbaycan Prezidentinin bəyanatları aydın siyasi məqsədə malikdir: "Türkiyə tərəfinin də bəyanatlarını nəzərdən keçirsək, başa düşərik ki, Azərbaycan Qarabağı yox, Azərbaycan və Türkiyə Ermənistan və Qarabağı istəyir”. O qeyd edib ki, İlham Əliyevin bəyanatlarının arxasında aydın şəkildə tanklar və toplar görünür. "Müharibə olsa, Ermənistan bu müharibədə günahkar kimi etiketlənməməlidir. Ermənistan Baş naziri - Xarici işlər naziri cütlüyünün öz rüsvayçı uğursuzluqlarına necə üzsüzlüklə yanaşması təəccüblüdür”, - deyə o qeyd edib. Aşotyanın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, Nikol Paşinyan keçmiş hakimiyyətin nümayəndələrinin geri qayıtmaması üçün ondan atəş açmamağı xahiş edib. O qeyd edib ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra hər ay və ilin hər fəsli istidir. Aşotyan Ermənistanda baş verən bütün prosesləri Qarabağ məsələsi, eləcə də 2016-cı ildə "Sasna Tsrer” qruplaşması tərəfindən polis post-patrul alayı üzərinə edilmiş silahlı hücum və alayın ələ keçirilməsi ilə əlaqələndirib. "Əliyevin bəyanatları hamı üçün Nikol Paşinyanın maskasını cırır”, - deyə o vurğulayıb. Aşotyan Qarabağ məsələsinin həlli haqqında danışarkən deyib: "Proses hələ başlamamış biz potensial günahkarıq. Niyə? Çünki Nikol Paşinyan və Zöhrab Mnatsakanyan daxili populizmə qapılmışdılar, iki il yarım ərzində bizi dinləmirlər”. Respublikaçılar partiyasının sədr müavini deyib ki, Nikol Paşinyan cavab verməlidir. "Nikol Paşinyan Qarabağ danışıqları məsələsi üzrə elə bir günah toplayıb ki, bu günahdan təmizlənə bilməz, günah çantasını götürməli və getməlidir”, - deyə Aşotyan vurğulayıb. Aşotyan qeyd edib ki, hazırda Azərbaycanın təbliğatı qalib gəlir. Onun sözlərinə görə, Ermənistanda narazılıqlar gündən-günə artır və bu da siyasi proseslərin əsasında olmalıdır. Aşotyan bildirib ki, iqtisadi böhranın səbəbi yalnız pandemiya ilə əlaqədar məhdudiyyətlər deyil. "Ermənistan-Qarabağ (qondarma qurum) münasibətlərində heç vaxt bu cür xaos olmayıb”, - deyə Aşotyan qeyd edib.
Başqa bir siyasi xadim Arman Melikyan prezident İlham Əliyevin son bəyanatlarını şərh edərkən bildirib ki, indi beynəlxalq reaksiya gözləmək lazım deyil. Onun sözlərinə görə, hazırda vəziyyət "Madrid prinsipləri”nin məntiq dairəsində nəzərdən keçirilir: "Üstəlik, məsələnin dinc həllinə qədər Qarabağ Azərbaycanın hissəsi kimi nəzərdən keçirilməyə davam edir”. Erməni politoloq Karen Köçəryan isə "Çiçəklənən Ermənistan”, "Vətən” və Daşnaksütun partiyalarının oktyabrın 8-nə planlaşdırılan mitinqini "aydın müxalif qütblərin formalaşması”na yönəlmiş addım kimi nəzərdən keçirir. Karen Köçəryanın sözlərinə görə, son altı ayda olanlar Ermənistan sakinləri üçün sərfəli deyil. Erməni politoloq heç bir inkişafı istisna etməyib.
Erməni ekspert Anjela Elibeqovanın sözlərinə görə, İlham Əliyev, faktiki olaraq Ermənistanı müharibəyə hazırlaşmaqda ittiham edib. "Çox istərdim ki, baş nazir İlham Əliyevin Düşənbə liftində sövdələşməsi olması ilə bağlı bəyanatını təkzib etsin”, - deyə Elibeqova qeyd edib. Ümumiyyətlə, əksər erməni ekspertləri hesab edir ki, danışıqlar prosesi durğun vəziyyətdədir və münaqişə tərəflərinin maraqlarından bərabər şəkildə qaynaqlana bilmək mənasında dönüş nöqtəsi ola bilən yeni ideyalar yoxdur. Onlar qeyd edir ki, danışıqların bu cür vəziyyəti fəaliyyətlərin yavaşlaması ilə əlaqədardır.
Beləliklə, artıq zaman Ermənistanın əleyhinə işləyir. Erməni cəmiyyəti anlayır ki, indiki rejimlə əvvəlkinin heç bir fərqi yoxdur. İnsanların güzəranı yaxşılaşmaq əvəzinə, günbəgün pisləşməyə doğru gedir. Bütün bunlar isə küçədən hakimiyyətə gələn Nikolun sonunu daha da yaxınlaşdırır. Vəziyyətdən çıxış yolu isə ya cəbhə zonasına növbəti təxribatlar törətmək, ya da hakimiyyəti təhvil verməkdir. Çox güman ki, iyulda olduğu kimi, yenə də avantürist addımlar atmağa çalışacaq. Lakin bu addım da ona yaxşı heç nə vəd etmir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər