AZE | RUS | ENG |

Ermənistanda növbəti xaos

Ermənistanda növbəti xaos
Paşinyanın çağırışı ilə tərəfdarları məhkəmə binalarına girişi bağlayıblar

"Məxməri inqilab”ın ildönümündə Ermənistan xaos və növbəti qarşıdurmaya meydan olub. Baş verənlər onu deməyə əsas verir ki, baş nazir Nikol Paşinyan ölkədəki sosial narazılıq və problemlərdən çıxış yolunu siyasi qarşıdurma yaratmaqda görür, populist bəyanatlar səsləndirir. Yəni hər vəchlə diqqəti problemlərdən yayındırmağa çalışır. Növbəti şou eks-prezident Robert Koçaryanın həbsdən azad olunması və buna qarşı keçirilən aksiyalarla bağlı olub.
Eks-prezident Robert Koçaryaın zaminə buraxılmasından sonra Paşinyan Ermənistanda inqilabın "ikinci mərhələsi”ni başlatdığını elan edib. O bildirib ki, məhkəmə sistemi ilə bağlı inqilabi qərarlar verəcək. Baş nazirin çağırışı ilə onun tərəfdarları dünəndən etibarən Yerevanda məhkəmə binalarına girişi bağlayıblar. Bu zaman insident baş verib. Məhkəmə binalarından birində etirazçıların qapıdan giriş-çıxışı bağladıqlarını görən hakim David Balayan içəri pəncərədən soxulmaq istəyib. Ancaq Paşinyanın adamları onu pəncərədən dartıb aşağı salıblar. Bu zaman hakim yıxılıb. Paşinyan özü də paytaxt Yerevanın Mərkəz rayonundakı məhkəmə binasının qarşısına toplaşan etirazçılara qoşulub. Məlumatı "Ermənistan xəbərləri” portalı yayıb.
"Çağırışıma səs verdiyiniz üçün hamınıza təşəkkür edirəm. Hamınıza baş çəkə bilmədiyim üçün məni bağışlayın. İslanmadığınıza, islansanız da xəstələnməyəcəyinizə ümid edirəm. Gəldim ki, sizi sevdiyimi və sizinlə fəxr etdiyimi deyim. Mənə, hökumətimizə, xalqın hakimiyyətinə oyuncaq məhkəmə lazım deyil” – deyə N.Paşinyan vurğulayıb. O qeyd edib ki, "Ermənistanın azad, demokratik və hüquqi dövlətə çevrilməsini heç nə əngəlləyə bilməz”. O vurğulayıb ki, hər şey dinc yolla, "xalqın dinc məxməri inqilabı” çərçivəsində baş verməlidir. Paşinyan tərəfdarlarını provokasiyaya boyun əyməməyə çağırıb. O, həmçinin polisin dinc aksiya iştirakçılarının təhlükəsizliyini təmin etməli olduğunu söyləyib. "Ermənistanda konkret qüvvələr var ki, "iki erməni xalqı” arasında nifaq salmaq istəyir”, - deyən Paşinyana görə, 2016-cı ilin aprel müharibəsi ilə bağlı bütün xüsusatları araşdırmaq üçün parlament komissiyası yaratmağın vaxtı çatıb. Onun sözlərinə görə, əvvəlki korrupsioner-kriminal rejimdən daha çox Dağlıq Qarabağ əhalisi zərər çəkib. İndi isə bu korrupsioner sistemin bəzi nümayəndələri öz şəxsi əlaqələrindən istifadə edib Ermənistan hökumətinə və baş nazirinə qarşı təbliğat qurublar. "Mən bütün faktları araşdıraraq, bunun arxasında yeni müharibə başlatmağa və hətta ola bilsin bəzi əraziləri verməyə hesablanmış qəsd planının dayandığını görürəm. Bu fəaliyyəti dövlətə xəyanətə bənzədirəm və baş nazir, ali baş komandan kimi həmin qəsd planının qarşısını almaq üçün ən sərt tədbirlər görəcəyəm”- deyə Paşinyan vurğulayıb.
Öz növbəsində ombudsman Armen Tatoyan bildirib ki, baş nazirin məhkəmələrə giriş-çıxışın qapadılması barədə bəyanatı ölkənin təhlükəsizliyinə, sabitliyinə, hüquqi sisteminə təhlükədir. Keçmiş iqtidar partiyası Respublika da məhkəmə sisteminə olan təzyiqi kəskin pisləyib.
Koçaryan barəsində həbs qətimkan tədbirinin ləğvi barədə qərar qəbul etmiş Yerevanın Avan və Nor-Nork rayonlarındakı məhkəmələrin binası qarşısına toplaşanlar arasında səlahiyyət həddini aşdığı üçün səlahiyyətlərinin icrası dondurulmuş baş nazirin nəzarət xidmətinin başçısı David Sanasaryanın başçılıq etdiyi dəstə də var. "Biz bura vətəndaş kimi etirazımızı bildirmək üçün toplaşmışıq. Biz bunu inqilabdan sonra dərhal etməliydik. Bu səhvi düzəltmək üçün şansımız var idi. Ancaq sistem ona verilən bu fürsətdən istifadə etmədi. Bizə sübut elədik ki, məhkəməyə təzyiq etmirik. Paşinyanın bəyanatını gözləyirik”,- D.Sanasaryan vurğulayıb.
"Çiçəklənən Ermənistan” partiyasının parlament fraksiyası isə Paşinyanın məhkəmələrin giriş-çıxışını bağlamaqla bağlı çağırışını Konstitusiyaya zidd sayıb. Deputat Gevorq Petrosyan deyib ki, Konstitusiyaya uyğun olaraq, məhkəmənin işinə müdaxilə qadağandır. "Paşinyandan siyasi planda kiminləsə bağlı məyus olubsa, bu, özünü məhkəməyə təzyiqlə göstərməməlidir”, – Petrosyan vurğulayıb. Müxalifətdən olan deputat baş nazirin çağırışını "konstitusiya quruluşunu devirməyin təzahürü” adlandırıb.
"Maarifçi Ermənistan” müxalifət partiyası isə baş naziri məhkəmələrin bloklanması ilə bağlı çağırışına yenidən baxmağa, "Robert Koçaryana hədiyyə etməməyə” səsləyib. Partiya parlamentin spikeri Ararat Mirzoyanı durumun müzakirəsindən ötrü növbədənkənar iclas keçirməyə çağırıb. "Daşnaksütyun” isə Paşinyanın addımını "Ermənistanın konstitusion quruluşuna qarşı addım” kimi xarakterizə edib. Prezident Armen Sarkisyan xalqa müraciət edərək "ayıq-sayıqlığın və dözümlülüyün üstün mövqedə olmasına” çağırıb.
"Heç bir antikonstitusion hərəkət olmayacaq”, – baş nazirin mətbuat katibi Vladimir Karapetyan müxalifətin bəyanatına cavab olaraq deyib. Karapetyanın sözlərinə görə, bütün hərəkətlər "Ermənistanda bir il öncə baş vermiş dinc, xalq məxməri inqilabı”nın məntiqi çərçivəsində gerçəkləşdiriləcək. Bəs məhkəmə binalarına girişin bağlanması məhkəmə sisteminin fəaliyyətinə əngəl törətməyəcək ki? Karapetyan bu sualı belə cavablandırıb: "Hər şeyi dedim, heç bir pozuntu, antikonstitusion hərəkət olmayacaq”.
Yeri gəlmişkən, etirazlarla eyni vaxtda  Paşinyana qarşı çıxan "Adekvad” ictimai təşkilatının üzvləri Avropa İttifaqının Yerevanda yerləşən ofisinin qarşısında etiraz aksiyasına başlayıb.
"Ermənistanda son zamanlar baş verən bütün hadisələrə əsas etibarilə bu qurum sponsorluq edir. Ölkədə konstitusiya quruluşunun devrilməsi Avropa İttifaqının gündəliyində olub və bu proses azı bir il bundan öncə hakimiyyətin qəsb olunması ilə başlayıb”, – deyə aksiyanın təşkilatçılarından biri Artur Danielyan bildirib. Onun sözlərinə görə, bu məsələdə təkcə Paşinyan deyil, həmçinin prosesə sponsorluq edən qurumlar da günahkardır. Aksiya iştirakçıları ofisin hasarına "Ermənistan işğal altında”, "Öz marionetlərinizi geri qaytarın”, "İndi xoşbəxtsiniz?”, "Why so Soros” sözləri yazılmış plakatlar vurublar.
Ən son məlumatlara görə, baş nazir sosial şəbəkədəki səhifəsində məhkəmələr qarşısındakı etirazları dayandırmağa çağırıb. Paşinyan ölkə rəhbərliyi ilə keçirdiyi iclasda çıxışı zamanı deyib ki, Ermənistanın məhkəmə sisteminə cərrahi müdaxilənin vaxtı çatıb. O bildirib ki, istisnasız olaraq bütün hakimlər yoxlamalara cəlb olunmalıdır: "İctimaiyyət hakimlərin mülkləri və əlaqələri barədə məlumatlı olmalıdır. Verdiyi qərarlar sayəsində Avropa İnsan Haqları Məhkəməsinin Ermənistanın əleyhinə hökm çıxardığı bütün hakimlər vəzifələrindən kənarlaşdırılmalıdır.  Ədalətli ola bilməyəcəyini hesab edən hakimlər də istefa verməlidir”.
 
Azər NURİYEV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9164
GEL 1 1 Gürcüstan larisi 0.6204
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1547
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1791
CHF 1 1 İsveçrə frankı 1.7099
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2892