• çərşənbə, 24 Aprel, 22:13
  • Baku Bakı 23°C

Ermənistanda növbəti qalmaqal gözlənilir

10.06.19 17:35 667
Ermənistanda növbəti qalmaqal gözlənilir
Ermənistanın inqilabçı hakimiyyətinin çöküşü davam edir. İstefalar, narazılıqlar, etiraz aksiyaları, intiharlara cəhd fonunda Nikol Paşinyan hakimiyyəti aciz qalıb. Elə həftə olmur ki, ölkədə qalmaqallı bir insident yaşanmasın. Adi bir fakt - xəstə övladını müalicə etdirə bilməyən Ermənistan vətəndaşı Yerevanda BMT-nin ofisi qarşısında intihara cəhd edib. "Sputnik Ermənistan” xəbər verir ki, Armavir şəhərinin adı açıqlanmayan 50 yaşlı sakini BMT-nin ofisinin qarşısına səhhətində problem olan azyaşlı qızı ilə birlikdə gəlib. Daha sonra o, özünü yandırmağa cəhd göstərib. İntiharın qarşısını polis əməkdaşları alıb. Armavir sakininin bu addımı atmasına səbəb kimi xəstə qızını müalicə etdirməyə imkanının olmaması göstərilib.
Başqa bir gərginlik məhkəmənin, sabiq prezident Robert Koçaryanın həbsdən azad etməsi ilə bağlı yaranıb. Bu fakt ölkənin onsuz da olmayan imicinə ciddi təsir edib. Xüsusən də baş nazirin məhkəmə binasını mühasirəyə alması əksər yerli və xarici təşkilatlar tərəfindən narazılıqla qarşılanıb. Ən ciddi gərginliklərdən biri də separatçı DQR rejimi ilə Paşinyan hakimiyyəti arasında yaşanır. Gərginlik qarşılıqlı ittihamlarla davam edir. "Yerevanla Qarabağ separatçıları arasında gərgin münasibətlər Qarabağdakı seçkilərlə bağlıdır”. Bunu "Sputnik Ermənistan”a müsahibəsində politoloq Yervand Bozoyan deyib. "Paşinyan hakimiyyətə gəldikdən sonra parlamentdə üstünlüyü ələ keçirdi. O, indi çalışır ki, məhkəmə hakimiyyətinə də nəzarəti əlinə alsın. Hazırda Paşinyan üçün Qarabağdakı hakimiyyətdə ona tərəfdaş olmayan şəxsin oturması qəbuledilməzdir. Maraqlı məqam odur ki, Qarabağda bir-biri ilə mübarizə aparan qüvvələr Paşinyanla əlaqələrə sahib deyillər. Bəziləri Paşinyanın Qarabağdakı adamının Araik Arutyunyan olduğunu deyir, lakin onun Qarabağda reytinqi çox aşağıdır. Birbaşa tərəfdaşı olmayan Paşinyan meydanı özü üçün təmizləməyə cəhd edir, yəni Arutyunyanın potensial rəqiblərini hədəfə götürür”, – deyə o bildirib. "Helsinki təşəbbüsü-92” komitəsinin koordinatoru Karen Oqadcanyan hesab edir ki, separatçı qurumla rəsmi Yerevan arasında gərginlik həm "DQR”, həm də Ermənistanın milli təhlükəsizliyinə zərbədir. Problemin mövcudluğunu həm Paşinyan, həm də Bako Saakyan təsdiq edir.
Bütün bunların fonunda hakimiyyət daxilində də müəyyən çatlar yaşanır. Məsələn, "1in.am” erməni saytı yazır ki, ədliyyə naziri Artak Zeynalyanın ardınca daha bir qalmaqallı istefa gözlənilir. Söhbət Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmosyandan gedir. Saytın yazdığına görə, Konstitusiya Məhkəməsinin sədri ətrafındakı dairə get-gedə daralmaq üzrədir. "Yaxın saatlarda, ola bilsin günlərdə onun qalmaqallı istefası barədə xəbər yayılacaq. Bütün faktlar klan sisteminin təslim olmasından xəbər verir”, - deyə sayt yazır. Sayt xatırladır ki, iki ay bundan əvvəl Artak Zeynalyanın da istefa verəcəyi barədə ehtimal səsləndirmişdilər və bu da sonda reallaşdı. Baş verənləri hakimiyyət daxilində "filtrasiya” adlandıran yazının müəllifi Sarqis Arçruni hesab edir ki, istefa dalğası bununla kifayətlənməyəcək. Müəllifin gəldiyi qənaət budur ki, böyük ehtimalla, bütün bunlar Paşinyanın əvvəlki rejimdən tamamilə yaxa qurtarmağına xidmət edir. Eks-prezident Robert Koçaryan barəsində məhkəmənin çıxardığı qərardan sonra məhkəmə binasını ələ keçirmə şousu düzəldən Nikolun qarşısında bir vəzifə durur - əvvəlki rejimin tərəfdarlarını idarəçilikdən uzaqlaşdırmaq: "Nikol Paşinyan hakimiyyəti mütəmadi olaraq vahid bir qütbə çevrilir. Bu proses sistemdaxili intriqalarla, hərdən bir də qarşılıqlı səs-küylü fikirlərlə davam edir. David Sanasaryan (Dövlət Nəzarət Xidmətinin keçmiş rəhbəri) nədən vəzifədən çıxarıldı? Aydındır ki, onun izolyasiyasının səbəbi Paşinyanın komandasında "yad” kimi qəbul edilməsi idi. Halbuki, keçmiş rəhbər məxməri inqilabda aktiv iştirakı ilə yadda qalıb. Eləcə də Artak Zeynalyan. Bu şəxs də nazir təyin edilməməli idi. Çünki, məğlub olan siyasi komandanın üzvü idi. Onun vəzifədən getməsinin səbəbi ədliyyə sistemində gərgin vəziyyətlə bağlıdır. Maraqlı olan odur ki, ədliyyə nazirinin istefası Ali Məhkəmə Şurasının sədr müavini Gevork Danielyanın istefasından sonra olub. Bu da onu deməyə əsas verir ki, məhkəmə islahatı məsələsində Paşinyanla Zeynalyan arasında fikir ayrılığı yaranıb. Yeri gəlmişkən, bu barədə kütləvi informasiya vasitələrindəki şərhlərdə və parlament çoxluğunun çıxışlarında da deyilirdi. Hətta belə bir fikir var idi ki, Zeynalyan Qaqik Arutunyanla sıx münasibətlərə malik olub. Sonuncunun istefasından sonra ədliyyə nazirinin qovulması həll edilib”.
Yeri gəlmişkən, Paşinyanın, hakimiyyətə gələrkən qərbyönümlü olacağı barədə səsləndirdiyi bəyanatlar da artıq arxa plana keçir. Yəni ölkə ənənəvi forpost olmaqda davam edir. Artıq məsələ elədir ki, ölkə nə Avropa İttifaqı, nə də Birləşmiş Ştatlar tərəfindən etibarlı tərəfdaş hesab edilir. "Aİ-Ermənistan müqaviləsinin yol xəritəsi üzərində işlər başa çatıb”. Bu məlumatı "Qraparak” qəzeti yayıb. "Yol xəritəsi keçən ilin dekabrından hazır olmalı idi. Yarım il gecikməklə hazırlanan yol xəritəsi hökumət qərarı statusu almalıdır. Mənbələrimizin məlumatına görə, hazırda bu yol xəritəsinin hüquqi qüvvəsi bir səviyyə aşağı salınıb və baş nazirin qərarı kimi təqdim ediləcək. Bu, Ermənistanın Avropadakı tərəfdaşlarını narazı salıb. Onlar hesab edir ki, bu, hökumət tərəfindən Avropa istiqamətinin ləğv edilməsidir”, – deyə qəzet bildirib. Qəzetin mənbəsi hökumətin, bu addımı, Rusiya ilə münasibətlərdəki ehtiyatlılıq üçün atdığını bəyan edib.

Azər
banner

Oxşar Xəbərlər