• cümə axşamı, 28 mart, 21:22
  • Baku Bakı 13°C

Ermənistanda nə baş verir?

17.06.20 18:23 1032
Ermənistanda nə baş verir?
Politoloqların fikrincə, payıza doğru Paşinyan iqtidarı üçün kritik dövr başlayacaq

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin müxalif Çiçəklənən Ermənistan partiyasının sədri Qaqik Tsarukyanı istintaqa cəlb etməsi ölkədə ciddi narazılığa səbəb olub. Tsarukyana qarşı 3 maddə üzrə cinayət işi açılıb və əslində, siyasi motivlərlə bağlıdır. Belə ki, Tsarukyan baş nazir Nikol Paşinyanın istefasını tələb edib və tərəfdaşlarını da bu çağırışa qoşulmağa çağırıb. Bundan sonra isə onunla bağlı "ölçü” götürülüb.
Daha əvvəl isə Ermənistanın baş prokuroru Artur Davtyan Tsarukyanın həbsi ilə bağlı vəsatət qaldırmışdı. O bildirmişdi ki, Tsarukyan azadlıqda olduğu halda istintaq tədbirlərinə mane ola bilər. Tsarukyanın toxunulmazlığının götürülməsi ilə bağlı parlamentdə keçirilən səsvermədə isə yalnız hakim "Mənim addımım” fraksiyasının deputatları iştirak edib. Ermənistan parlamentindəki digər müxalif partiyalar iclası boykot ediblər. Onsuz da koronavuris pandemiyasından əziyyət çəkən Ermənistanda siyasi gərginliyin artması vəziyyəti daha da çıxılmaz edib. Hazırkı durumda Ermənistanda nə baş verir?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Nəzakət Məmmədova bildirdi ki, koronavirus pandemiyasının daha da yoxsullaşdırdığı Ermənistanda əhalinin vəziyyətinin pisləşməsini fürsət bilən "Qarabağ klanı” və ona yaxın siyasətçilər Paşinyanın istefa tələbini səsləndirməklə, onu hakimiyyətdən uzaqlaşdırmağa çalışırlar: "Qarabağ klanı”, Serj Sarkisyanın Respublika partiyası və onların əlaltıları olan Daşnaksütyun, Çiçəklənən Ermənistan, keçmiş təhlükəsizlik xidməti şefi Vanesyanın Vətən partiyası Paşinyanın hakimiyyətdən devrilməsi planını həyata keçirməyə girişiblər. Paşinyan bu təhlükə barədə məlumat əldə edən kimi, güc strukturlarının rəhbərlərini dəyişmək qərarına gəlib. Ehtimal ki, Tsarukyanı Paşinyana qarşı kəskin çıxışlara təhrik edən Robert Köçəryan və onun tərəfdarları olub. Tsarukyan əsas varidatını Köçəryanın prezident olduğu dövrlərdə qazanıb. Hətta onlar 2012-2013 -cü illərdə biznes şərikləri olublar. Bəzi məlumatlara görə, hətta Tsarukyanın biznesinin 50 faizi Köçəryana məxsusdur. Digər məlumatlara görə, onlar 7 ildən çoxdur ki, öz ortaqlıqlarına son qoyublar, Köçəryan öz biznesini Ermənistandan çıxarıb. Ehtimal ki, Köçəryanın əlində Tsarukyana qarşı kompromatlar var və onu şantaj etməklə Paşinyan əleyhinə danışdırır. Koronavirusla bağlı ölkədə vəziyyətin ağır olmasından, Paşinyanın reytinqinin əhali arasında azalmasından istifadə etməyə çalışan "Qarabağ klanı” bu fürsətdən istifadə edib onun devrilməsini həyata keçirmək istəyir. O da istisna olunmur ki, Paşinyan Tsarukyanın biznesinə əl qoymaq fikrinə düşüb və müqavimətlə qarşılaşıb. Əgər Tsarukyan və Köçəryanın hələ də biznes şərikliyi qalıbsa, bu, Köçəryanın Ermənistandakı son qəpiyinə belə əl qoymaq, onu müsadirə etmək məqsədi daşıyır. Tsarukyan vaxtı ilə Köçəryanın seçkiqabağı kampaniyasını maliyyələşdirib və böyük ehtimalla ona olan hücumlar Köçəryan işi ilə də bağlıdır”.
N.Məmmədova qeyd etdi ki, artıq parlamentdə ikinci böyük fraksiya olan Çiçəklənən Ermənistan fraksiyasının parlament sessiyasını boykot etməsini bilirik: "Çünki Tsarukyanın deputat toxunulmazlığının ləğvi məsələsi var idi. Ermənistan Baş prokurorluğu bununla bağlı müraciət imzalamışdı. Tsarukyana qarşı ittihamlardan biri 100-120 min səs hüququ olan vətəndaşları müxtəlif yolla ələ alaraq onların səsini qazanmasıdır. Paşinyan bununla "Çiçəklənən Ermənistan”ın saxta yolla parlament mandatı qazanmasını sübut edərək, Tsarukyanın və tərəfdarlarının qeyri-legitimliyini sübut etməyə çalışır. Çünki proseslər bu cür cərəyan edərsə, parlamentdə ikinci yerdə olan fraksiya Paşinyana qarşı etimadsızlıq göstərə və digər təxribatlara yol verə bilər. Plan baş tutarsa, hətta Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi də mümkündür. Lakin Paşinyan bunu indi edə bilməz, çünki koronavirusla bağlı mübarizənin səmərəsiz olması onun reytinqini aşağı salıb. Çiçəklənən Ermənistan fraksiyası Konstitusiya məhkəməsinə müraciət etmək fikrindədir və karantin dövründə sərbəst toplaşma azadlığına qoyulan məhdudiyyətlərin qanunsuz olduğunu sübut etməyə çalışırlar. Eyni zamanda, Tsarukyanın həbsi məsələsi də Ermənistan gündəmini silkələyən məsələdir. Tsarukyanın oğlu istintaqa çağırılıb, yeznəsi Abovyan cinayət məsuliyyətinə cəlb olunub. Görünən odur ki, Ermənistanda hakimiyyət uğrunda savaş özünün növbəti gərgin mərhələsinə keçib. Yoxsul ölkənin pandemiya nəticəsində daha da çətin duruma düşməsi daxili siyasi proseslərə də öz təsirini göstərir. Vəziyyət daha da gərginləşə bilər. Payıza və qışa doğru sərt iqlimi olan ölkədə kasıblıq hökm sürəcək, üstəlik, Rusiya qışda təbii qazın qiymətini artırsa, Paşinyan iqtidarı üçün kritik dövr başlayacaq. Tək çıxış yolu diaspora və Paşinyanın arxalandığı böyük güc mərkəzləri tərəfindən göndərilən ianələr və siyasi dəstək ola bilər”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, Ermənistanda daxili ictimai-siyasi vəziyyət həqiqətən də gərgindir: "Nikol Paşinyan demokratiya adı altında hakimiyyətə gəlsə də, görünən odur ki, onun əsas məqsədləri başqa imiş. O, hazırda bütün siyasi rəqiblərinə qarşı amansızlıq nümayiş etdirir. Əsas məqsəd də yaxın bir neçə il ərzində – növbəti seçkilərədək Ermənistanda demək olar ki, müxalif siyasi partiyaları və dairələri sıradan çıxarmaqdır. Əgər əvvəllər onun yalnız "Qarabağ klanı”na qarşı mübarizəsindən söhbət gedirdisə, zaman göstərdi ki, bu mübarizə təkcə onlarla məhdudlaşmır. Əsas odur ki, onun hakimiyyətinə təhlükə yaradılmasın. Bu təhlükəni yaratmaq istəyən şəxsin və ya şəxslərin irəvanlı, gümrülü, icevanlı və ya qafanlı olması ilə qarabağlı olmasının onun üçün heç bir fərqi yoxdur”.
Z.Məmmədov vurğuladı ki, hazırda Paşinyan hakimiyyətinə real təhlükə törədə bilən şəxslərdən biri də Çiçəklənən Ermənistan partiyasının lideri Qaqik Tsarukyandır: "Bu həmin Tsarukyandır ki, 2018-ci ilin aprel ayında baş verən hakimiyyət dəyişikliyi zamanı Paşinyana tam dəstəyini ifadə edib. Tsarukyanın Çiçəklənən Ermənistan partiyasının parlament fraksiyası da Paşinyanın "Mənim addımım” blokuna dəstək verərək, onun 2018-ci ilin mayında parlamentdə baş nazir seçilməsini asanlaşdırmışdı. Ancaq zaman göstərdi ki, müttəfiqlik zor gücü ilə olmur. Daha doğrusu, Paşinyan bu müttəfiqlikdə səmimi deyilmiş və Tsarukyandan öz məqsədləri üçün istifadə edirmiş.
Faktiki olaraq Paşinyan hazırda 2018-ci ildə ona ciddi dəstək verən Ermənistanın ən varlı siyasi partiya sədrinə qarşı savaş elan edib. Bütün bunlar onu deməyə əsas verir ki, Nikol öz məqsədlərinə doğru irəliləməkdədir. O, əvvəlcə əsas siyasi rəqibləri Robert Köçəryan və Serj Sarkisyan cütlüyünə qarşı siyasi motivli təqiblərə başladı. İndi isə onun qarşısındakı digər ən böyük sədlərdən olan Çiçəklənən Ermənistanın liderinə qarşı məhkəmə davası açıb. Ancaq Tsarukyan da Ermənistanda çox ciddi siyasi fiqurlardan hesab olunur. Onun ölkənin güc strukturlarında kifayət qədər yaxın adamı var. Yəni, bu mübarizədə qələbə çalmaq Paşinyan üçün o qədər də asan olmayacaq”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər