• cümə axşamı, 28 mart, 23:43
  • Baku Bakı 13°C

Ermənistanda “məxməri inqliab” həyəcanı

17.04.18 19:41 762
Ermənistanda “məxməri inqliab” həyəcanı
Ermənistanı bürüyən xaos və qarşıdurma artıq pik həddə yüksəlib. Ötən gün gecədən başlayaraq Yerevanda etirazçılar dövlət qurumlarının binalarını mühasirəyə alıb. Erməni KİV-ləri xəbər verir ki, ölkə prokurorluğu, Xarici İşlər Nazirliyi və Dövlət Gəlirləri Komitəsi, təhsil, mədəniyyət və xaricdə yaşayanlarla iş üzrə nazirlik, Ədliyyə Nazirliyi və Müdafiə Nazirliyinin əməliyyat, kəşfiyyat və daxili təhlükəsizlik baş idarəsinin binası mühasirəyə alınıb. "Mənim addımım” hərəkatının üzvləri Nikol Paşinyanın bəyanatından sonra hökumət binalarını mühasirəyə almağa davam ediblər.
N.Paşinyan bildirib ki, onun tərəfdarları dövlət orqanlarının fəaliyyətini iflic etmək niyyətindədir: "Ölkədə inqilabi vəziyyət yaranıb və mən qeyri-zorakı xalq "məxməri inqilab"ının başladığını elan edirəm. Dövlət müəssisələrinə girin, oturaq aksiyalar keçirin, küçələri bağlayın. Nazirliklərin girişini qapadın, onların işinə mane olun. Binalara daxil olun, amma heç nəyi dağıtmayın. Nəqliyyatın işinə mane olun. Eyni zamanda səfirliklərin binalarını da mühasirəyə alın. Gümrüdə 1000 nəfər küçələrə çıxıb. İcevanda kütləvi tətil başlayıb, İcevan-Yerevan yolu bağlanıb. Vanadzorda tətillər başlayıb, Yerevanda, Qafanda, Metsamorda etirazlar gedir”.
Dünən polis azı 29 fəalı saxlayıb. Hüquq-mühafizə orqanları itaətsizliyin yatırdılacağını bildirsə də, yüzlərlə nümayişçi Yerevanın mərkəzində küçələri bağlayıblar. Səhiyyə Nazirliyinin məlumatına görə, 16 aprel toqquşmalarından sonra azı 46 nəfərə tibbi yardım göstərilib. Onlardan 6-sı polis əməkdaşlarıdır. Yerevanda keçirilən etiraz aksiyalarının təşəbbüskarı olan deputat Nikol Paşinyanın oğlu Aşot Paşinyan da həbs edilib. Narazılıqlara və etirazlara baxmayaraq, dünən Serj Sarkisyan ölkənin baş naziri olub. Parlamentdə hökumət başçısı seçkisi ilə bağlı iclas keçirilib. S.Sarkisyan bu vəzifəyə yeganə namizəd olub və seçki alternativsiz şəraitdə baş tutub. Onun namizədliyini parlamentdə 58 deputatı olan Respublika Partiyası və qanunverici orqanda 7 deputatla təmsil olunan "Daşnaksütyun” Partiyasından ibarət koalisiya irəli sürüb. Parlamentdə 9 deputatla təmsil olunan və Nikol Paşinyanın başçılıq etdiyi "Çıxış” müxalifət bloku isə baş nazir seçkilərini boykot edib və səsverməyə qatılmayıb. Parlamentin 105 deputatından əksəriyyətinin dəstəyini alan S.Sarkisyan baş nazir olub. Səsvermədə 93 deputat iştirak edib. Onlardan 76-sı Sarkisyanın lehinə, 17-si isə əleyhinə səs verib. "Müxalifətçi qüvvələr anlamalıdırlar ki, polislə toqquşma və hökumət binalarına hücumlar heç bir nəticə verməyəcək”. Bunu baş nazir seçiləndən sonra Serj Sarkisyan deyib. O, radikal müxalifəti təmsil edən "Yelk” blokuna müraciət edərək fraksiyanın rəhbəri N.Paşinyanı küçələrdən parlamentə qayıtmağa səsləyib: "Polislə toqquşmanı və hökumət binalarının zəbtini dinc nümayiş adlandırmaq olmaz. Biz çox qan görmüşük, amma heç vaxt heç düşmənimizin də qanına susamamışıq”.
S.Sarkisyan çıxışında əhalini aprel hadisələri ilə qorxudub: "Aprel müharibəsi bizim üçün gözlənilməz, həm də gözlənilən idi”. Aprel müharibəsinin dərsləri barədə danışan S.Sarkisyan qeyd edib ki, Ermənistan bundan sonra Azərbaycan rəhbərliyinin Qarabağ probleminin güc yolu ilə həllindən imtina edəcəyinə ümid etməməlidir: "Aldığımız dərslərdən biri odur ki, silahlı qüvvələrin vəziyyətinin yaxşılaşmasına diqqət yetirməliyik, ən vacibi isə əsgər və zabitlərin döyüş ruhunun yüksəldilməsi üçün onların məişət problemləri həll olunmalıdır”– deyə S.Sarkisyan dolayısı ilə orduda olan pis vəziyyətə işarə edib.
Yeri gəlmişkən, Sarkisyan əleyhdarlarına Birləşmiş Ştatlardan da dəstək gəlib. Qlendeyl meriyası qarşısında artıq neçə gündür ki, "Serji rədd et, cinayətkar sistemə yox” şüarı altında etiraz aksiyası keçirilir. Aksiyanın təşkilatçıları sırasında Los-Ancelesin erməni icmasının nümayəndələri Saak Mikaelyan və Tiqran Barxudaryan çıxış ediblər. "Bizim diaspor çoxsaylıdır, 100 minə yaxın üzvümüz var. Biz bütün ermənilərə müraciət edib onları baş verənlərə qarşı birləşməyə çağırırıq. Biz Çıxış, Erməni Milli Konqresini və digərlərini hadisələrə reaksiya verməyə çağırırıq. Birləşmiş Ştatlarda yaşamağımıza baxmayaraq, Ermənistanın problemlərini bilirik. Mütləq qaydada dəyişikliklər gərəkdir. Hökumətin vətəndaşların hüquq və azadlıqlarını pozmaq istiqamətindəki hərəkətlərini pisləyirik. Bundan əlavə, ABŞ hökumətinə müraciət etmişik. Ondan baş verənlərə reaksiya göstərilməsini tələb edirik”, - deyə Bərxudaryan bildirib. Bununla paralel, Yerevanın Moskvadakı səfirliyinin qarşısında da etiraz aksiyaları başlayıb. Onlarla erməni səfirliyin binasının girişinə daxil olaraq, səfir Vardan Toqanyana məktub veriblər. Ən önəmlisi isə odur ki, aksiyalar işğal altında olan Azərbaycan torpaqlarında da başlayıb.
Beləliklə, bu gün Ermənistanı qaynayan bir qazana bənzətmək olar və sabah bu qazan partlayış səviyyəsinə gəlib çıxacaq. Gəlinən qənaət budur ki, ermənilər həm Sarkisyanı, həm də onun təmsil etdiyi Qarabağ klanını qəbul etmək istəmirlər. Güman ki, indiyə qədər aksiyaya mənəvi dəstək verən digər müxalifət partiyaları da proseslərə qoşulacaq.

Azər
banner

Oxşar Xəbərlər