• cümə axşamı, 28 mart, 19:52
  • Baku Bakı 13°C

Ermənistanda kriminogen vəziyyət yenidən pisləşib

06.06.13 09:06 1425
Ermənistanda kriminogen vəziyyət yenidən pisləşib
Ermənistanda kriminogen vəziyyət yenidən pisləşib. Hər dəfə olduğu kimi, bu dəfə də insident məmur övladlarının iştirakı ilə baş verib. Məlumata görə, işğal altında olan Dağlıq Qarabağda hərbi hissənin komandiri, polkovnik, 42 yaşlı Artak Budaqyan Sünik vilayətinin mərkəzi Gorusda vilayətin qubernatoru Suren Xaçatryanın bağ evi yaxınlığında odlu silahla yaralanıb. Onun vəziyyəti ağır qiymətləndirilir. Səbəbləri hələlik məlum olmayan davada polkovnikin qardaşı, 43 yaşlı Avetik Budaqyan öldürülüb, qubernatorun mühafizəçisi Nikolay Abrahamyan yaralanıb.
Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin qətl və qeyri-qanuni silah saxlanılması, daşınması və istifadə olunması maddələri ilə cinayət işi açılıb. İstintaqı Ermənistan hərbi polisi aparır. Ermənistan Polisinin İctimai Əlaqələr İdarəsinin rəisi Aşot Aharonyan qətl faktı ilə əlaqədar bir neçə şəxsin polis şöbəsinə aparıldığını, hadisə yerində olanların sorğu-sual edildiyini bildirib. Cinayət işi üzrə istintaq çərçivəsində Sünik vilayətinin qubernatoru Suren Xaçatryanın oğlu Tiqran Xaçatryan və mühafizəçisi Zarzand Nikoqosyan həbs olunublar. Qarabağ müharibəsi veteranı, Döyüş Xaçı medalı ilə təltif olunmuş hakim Respublika Partiyasının üzvü və prezident Serj Sarkisyanın ən yaxın silahdaşlarından sayılan, “Liska” ləqəbi ilə tanınan Suren Xaçatryanın adı əvvəllər də bir sıra kriminal hadisələrlə bağlı hallandırılıb. İnsident zamanı öldürülmüş Avetik Budaqyan üç il bundan əvvəl Gorus meri seçkilərində öz namizədliyini irəli sürmüşdü. Avetik Budaqyan o zaman dördüncü dəfə Gorus meri vəzifəsinə seçilən, hakim partiyanın üzvü Nelson Voskanyanı dəstəkləyən qubernator Suren Xaçatryan tərəfindən təzyiqə məruz qaldığını bəyan edirdi. Sonunucu dəfə Suren Xaçatryan ötən il “Marriott-Armenia” hotelinin foyesində kameraların obyektivləri önündə biznesmen qadını kötəkləmişdi, lakin Ermənistan Xüsusi İstintaq Xidməti onun hərəkətlərində cinayət müəyyən etməmışdi. Oğlu həbs olunan qubernator istintaq müddətində öz səlahiyyətlərini dayandırıb.
Hakim Respublika Partiyasının icra orqanı Suren Xaçatryanın məsələsini müzakirə etməyə hazırlaşıb. Lakin “Aykakan jamanak” qəzeti yazır ki, iclas sonda prezident Serj Sarksiyanın təklifi ilə təxirə salınıb. Buna səbəb kimi, Sarkisyanın Sünik vilayətinə qubernator vəzifəsinə idman naziri Xaçik Asryanı təyin etmək fikrindən daşınmasıdır. Prezident bildirib ki, ora güclü şəxs gərəkdir. Bəzi məlumatlara görə, Sünik vilayətinə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vardan Avetisyan təyin edilə bilər. Bu şəxs prezidentin ana xətti ilə qohumudur.
Hələ 2008-ci ildə belə bir xəbər getmişdi ki, “Liska” 12 yaşlı uşağı əzişdirib. Problem onda idi ki, bu uşaq Xaçatryanın uşaqları ilə dalaşıb. Bu səbəbdən də Xaçatryan onun çənəsini sındırıb. Hökumət səviyyəsində araşdırma aparılsa da, sonda döyülən uşağın yaxınları ifadə verməkdən boyun qaçırıblar. Buna səbəb kimi qubernatorun yaxınlarının onlara hədə-qorxu gəlməsi göstərilmişdi. Xaçatryanın qardaşı Ağalar isə bir dəfə mağazada qızı zorlamaqda günahlandırılmışdı.
Artıq sosial şəbəkələrdə - “Facebook”, “Tvitter”də fəallar qubernatorun istefasını tələb etməyə başlayıblar. Gorus hadisəsi “Facebook” sosial şəbəkəsində şiddətli reaksiya doğurub. Fəallar hakim partiya tərəfindən dəstəklənən Suren Xaçatryanın bütün Sünik vilayətində qorxu ab-havası yaratdığını, illər boyu özbaşınalıq etdiyini xatırladır, qubernatorun istefasını və cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirlər. Təşkilatçılar paytaxtda və Sünik vilayətində etiraz aksiyaları keçirməyə hazırlaşırlar.
Lakin mətbuatda qeyd edilir ki, “hakim partiyanın sütunlarından biri” kimi səciyyələndirilən şəxslər ictimai təşəbbüslərin tələbi ilə məsuliyyətə cəlb edilmirlər. Belə şəxslər partiya rəhbərliyi, daha dəqiq, partiyanın rəhbəri, prezident Sarkisyanın məsləhəti ilə hərəkət edirlər. Prezident Sarkisyanın Gorus hadisəsi ilə bağlı fikri hələ məlum deyil. Vilayət administrasiyasının rəsmi saytında dərc edilmiş bəyanatda isə Suren Xaçatryan xudmani evinin yanında baş verən “faciəli hadisənin” qarşısını ala bilmədiyi üçün təəssüf etdiyini bildirir: “Bundan belə bütün suallara ədalətli istintaq cavab verməlidi. Hər kəs, o cümlədən Ermənistan Respublikası vətəndaşı Suren Xaçatryan öz hərəkətləri üçün məsuliyyət daşımalıdı. Mən ilkin istintaq başa çatanadək qubernator səlahiyyətlərimi dayandırıram və yuxarı orqanın icazəsini almışam. Bu andan belə mən daha Sünikin qubernatoru vəzifəsini icra etmirəm”.
Yeri gəlmişkən, daha bir insident Ermənistan Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına hərbi institutunda baş verib. Kursant güllə yarasından həlak olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən alınan məlumata görə, kursant Armen Melkumyan xidməti avtomatından açdığı atəşlə kurs yoldaşı Sipan Movsisyanı öldürüb. Atəş açan kursantın məmur övladı olduğu bildirlir. Hərbi institutun direktoru general-mayor Martin Sarkisyanın istefa verdiyi qeyd olunur. Bu, son bir ay ərzində Ermənistan ordusunda hərbçi ölümü ilə bağlı ikinci rəsmi faktdır.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər