• cümə, 19 Aprel, 12:44
  • Baku Bakı 25°C

Ermənistanda kriminogen durum ağırlaşdı

03.05.18 21:08 704
Ermənistanda kriminogen durum ağırlaşdı
Ermənistanda baş nazir vəzifəsinə ikinci dəfə etiraz hərəkatının lideri Nikol Paşinyanın namizədliyi irəli sürülüb. "Yelk” (Çıxış) fraksiyasının rəhbəri Nikol Paşinyanın namizədliyi rəsmən baş nazir vəzifəsinə təklif edilib. Qanuna əsasən, bir həftədən sonra seçkilərin ikinci turu keçirilməlidir və namizəd parlament üzvlərinin üçdə birinin (35 nəfər) təklifi ilə irəli sürülə bilər. Paşinyanın namizədliyini irəli sürmək üçün "Yelk”, "Daşnaksutyun” və "Tsarukyan bloku” fraksiyaları 41 imza toplayıb. Seçkilərin ikinci turu mayın 8-nə təyin edilib.
Hakim partiya da gözlənilmədən mövqeyini dəyişib. Belə ki, Ermənistan Respublika Partiyasının fraksiyası namizəd irəli sürməyib, lakin parlament üzvlərinin üçdə biri tərəfindən irəli sürülən namizədi dəstəkləməyə hazır olduğunu bildirib. Fraksiyanın rəhbəri Vahram Baqdasaryan bəyan edib ki, baş nazir seçkilərinin ikinci turunda onun fraksiyası dörd parlament fraksiyasının üçünün təklif etdiyi namizədi dəstəkləyəcək. "Mayın 8-də Ermənistanın baş naziri olacaq. ERP bu vəzifəyə namizəd təklif etməyəcək və Konstitusiyaya əsasən, parlament tərkibinin üçdə biri tərəfindən irəli sürülən namizədi dəstəkləyəcək”, - deyə Vahram Baqdasaryan yolların və aeroportun blokadasına son qoymağa çağırıb. Baqdasaryan namizəd adı deməyib, lakin məlumdur ki, parlamentdə təmsil olunan "Yelk”, "Daşnaksutyun” və "Tsarukyan bloku” fraksiyaları N.Paşinyanın namizədliyini yenidən irəli sürəcəklərini bəyan ediblər.

Etiraz aksiyalarına müvəqqəti ara verildi

Baş nazir olacağına əmin olan N.Paşinyan isə tərəfdarlarını dünəndən etiraz aksiyalarına son qoyub işə və dərslərə qayıtmağa çağırıb. "Hazırda meydanda həll ediləsi heç bir problem yoxdur”, - deyə o, ötən gün axşam yüz minlərlə mitinq iştirakçısı qarşısında bildirib. Onun sözlərinə görə, total itaətsizlik aksiyaları keçirilən gün ərzində baş verən hadisələr fasilə götürüb dincəlmək üçün imkan verir. N.Paşinyan namizədliyinin irəli sürülməsi ilə bağlı məsələlərlə məşğul olmaq istədiyini deyib. Eyni zamanda tərəfdarlarını xəbərdar edib ki, sayıqlığı itirmək lazım deyil və onun Facebook səhifəsini izləsinlər; lazım gələrsə, "siyasi inkişaflardan” asılı olaraq, yenidən vətəndaş itaətsizlik aksiyaları başlana bilər.
Respublika meydanındakı mitinqdə çıxış edən Paşinyan onu da deyib ki, Respublika Partiyası parlamentdə müzakirə ilə 3 hədəf seçmişdi: "Partiya ümid edirdi ki, bu sual-cavablarda nəsə baş verəcək və xalq fikrini dəyişəcək. Bu plan baş tutmadı. Onlar ümid edirdilər ki, seçki baş tutmayandan sonra insanlar qəzəblənəcək və onlar təxribat təşkil edə biləcəklər. Bu da alınmadı”. N.Paşinyan deyib ki, hakim partiya xalqın məyus olacağını və bu səbəbdən aksiya iştirakçılarının sayının azalacağını da hesablayırmış: "Bu da baş vermədi, əksinə, bugünkü aksiya müqayisəyəgəlməz oldu. Ölkədə bircə dənə açıq yol qalmadı”. N.Paşinyan deyib ki, aksiyaya hətta Çin turistləri də qoşulub.

Paşinyan saqqalını qırxacaq?

Yeri gəlmişkən, N.Paşinyan "Kommersant” qəzetinə müsahibəsində bildirib ki, ölkədəki siyasi vəziyyəti "zərif” yolla dəyişmək mümkündür. Etiraz hərəkatının lideri əlavə edib ki, Rusiyanın ölkədə baş verən hadisələrə reaksiyasını "çox yaxşı” qiymətləndirir:"Bizi buna inandırıblar və təəssürat yaranır ki, onlar hərəkata və erməni xalqının fikrinə hörmətlə yanaşırlar, daxili işlərimizə qarışmayacaqlar, necə ki, Ermənistan Rusiyanın daxili işlərinə qarışmayacaq”. N.Paşinyan onu da deyib ki, baş nazir seçildikdən sonra hansı iqamətgahda qalacağını müəyyən etməyib: "Hər şey qanun çərçivəsində olacaq”. Paşinyan saqqalını qırxıb-qırxmayacağını da hələ müəyyənləşdirmədiyini bildirib. O, Respublika Partiyasının ona dəstək verəcəyini vurğulayıb: "Vaqram Baqdasaryan mənimlə görüşdə təsdiq etdi ki, məni dəstəkləyəcəklər. Məni baş nazir vəzifəsinə irəli sürəcəklər. Bunu fakt hesab etmək olar”. N.Paşinyan Rusiyanın, Avropa İttifaqının, İranın və Gürcüstanın səfirləri ilə görüşmək niyyətində olduğunu da deyib. Bu barədə "Sputnik” məlumat yayıb. "Biz Rusiya, Aİ, İran və Gürcüstan səfirləri, həmçinin diplomatik korpus nümayəndələri ilə müzakirələr planlaşdırırıq. Biz onlarla siyasi vəziyyəti müzakirə etmək niyyətindəyik”, - deyə Paşinyan bildirib. Onun sözlərinə görə, Ermənistanda baş verən hadisələrdə hansısa geosiyasi qəsd və səbəblər axtarmaq lazım deyil.

Yerevanda banka silahlı hücum

Gözlənildiyi kimi, aksiyalar davam etdiyi müddətdə ölkədə kriminogen durum ağırlaşmaqdadır. Paytaxtda polis əməkdaşlarının iştirakı ilə quldur hücumları artıb. Dünən Ermənistan polisi Yerevanda HSBC bankının binasına quldur hücumu həyata keçirən şəxsin yaxalanması barədə məlumat yayıb. Məlumata görə, hücumu həyata keçirən polis polkovniki Daniel Danielyandır. O, yol polisində videomüşahidə kameraları tərəfindən aşkarlanan qayda pozuntularının qeydiyyatı şöbəsinin rəisidir. Xəbərə görə, polkovnik Danielyan bıçaq, qumbara və tüfənglə silahlanaraq banka hücum edib, mühafizə xidmətinin iki əməkdaşını yaralayıb. Onlardan biri ölüb. Cinayətkar bankdan pulları götürüb və hadisə yerini tərk etmək istəyib. Lakin uzağa gedə bilməyib. Əməliyyat qrupu onun gizləndiyi rayonu mühasirəyə alıb, cinayətkar polkovnik müqavimət göstərib və polisi yaralayıb. Lakin onu neytrallaşdırmaq mümkün olub. Bu, Ermənistanda N.Paşinyanın başçılığı ilə başlayan etiraz hərəkatı fonunda ən səs-küylü cinayətdir. Polkovnikin bankı soymaq cinayətini planlaşdırarkən Ermənistandakı inqilab fonunda yaranan xaosdan faydalanmaq istədiyi istisna deyil.

Rusiya tərəfi Paşinyandan nə tələb edir?

Belə bir fikir də var ki, artıq Kreml Paşinyanın namizədliyi üzərində dayanıb. Hətta onunla kompromisə gəlindiyi barədə də fikirlər var. Rusiya tərəfi Ermənistanın yeni hakimiyyətindən bütün sferalarda rus şirkətlərinin monopoliyasının qorunacağına zəmanət istəyib. Bu barədə informasiyanı "Jamanak” qəzeti yayıb. "Moskva xüsusilə qaz və maye yanacaq bazarında monopoliyasının qorunmasını istəyir. Rusiya dəmiryolları sahəsində inhisarının da qorunmasını tələb edir. Hələlik, bununla bağlı danışıqlar davam etdirilir”, - deyə məqalədə bildirilib.
Öz növbəsində Kremldən hadisələrlə bağlı növbəti açıqlama verilib. "Ermənistanla müttəfiqlik münasibətləri dəyişməz qalacaq”. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. "Əvvəlki kimi ümid edirik ki, Ermənistandakı bütün proseslər Konstitusiya və qanun çərçivəsində olacaq. Arzu edirik ki, erməni dostlarımız tezliklə siyasi situasiyanı tənzimləyəcəklər”, – deyə o bildirib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər