• şənbə, 20 Aprel, 12:47
  • Baku Bakı 23°C

Ermənistanda koalisiya dağılır

19.04.14 08:07 1188
Ermənistanda koalisiya dağılır
Ermənistanda hakim koalisiya parçalanıb. Hakim Ermənistan Respublikaçılar Partiyası ilə koalisiya təşkil edən “Orinats Yerkir” (Qanunçuluq Ölkəsi) Partiyası koalisiyanı tərk etmək qərarına gəlib. Bu barədə “Orinats Yerkir” Partiyası partiyanın Siyasi Şurasının növbədənkənar yığıncağından sonra bəyan edilib. “Orinats Yerkir” hakim partiya ilə əməkdaşlıq etdiyi dövrdə dövlət idarəetmə strukturunda heç bir təsir imkanına malik olmadığını bildirib.
Partiya bu altı il ərzində hakim respublikaçıların 3 dəfə baş nazir, 4 dəfə parlament sədri namizədlərini irəli sürərkən, bir dəfə də olsun koalisiya həmkarı ilə məsləhətləşməməsindən gileylənib. Partiya rəhbərliyi onları məyus edən daha bir məqamı misal gətirib. Sarkisyanla görüş zamanı onlar baş nazir vəzifəsinə partiyanın sədri Artur Baqdasaryanın namizədliyini təklif ediblər, lakin prezident bunu heç müzakirə də etməyib. Mövcud hökumət kabinetində kənd təsərrüfatı, şəhərsalma və fövqəladə hallar nazirliklərinə “Orinats Yerkir”in təmsilçiləri rəhbərlik edir. Lakin onların üçü də vəzifədə qalmaq naminə partiya sıralarını tərk etmək qərarına gəliblər. Müşahidəçilər “Orinats Yerkir”in hakim koalisiyadan çıxdıqdan sonra bir sıra vəzifəlilərin və biznesmenlərin də partiya sıralarını tərk edəcəyini ehtimal edirlər.
O da bəlli olub ki, artıq Artur Baqdasaryan da Ermənistan Milli Təhlükəsizlik Şurasının sədri vəzifəsini tərk etməyə hazırlaşır. Partiya sədrinin müavini Heğine Bişaryan partiyanın müxalifət sıralarına qatılacağını bəyən edib və Artur Baqdasaryanın Ermənistan Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verəcəyini bildirib: “Siyasi meydanda ya iqtidarsan, ya da müxalifət - başqa cür olmur”.
Qeyd edək ki, “Orinats Yerkir” Partiyası 2008-ci ildə prezident seçkiləri zamanı Serj Sarkisyana müxalif mövqedən çıxış edib. Lakin seçkilərdən sonra Artur Baqdasaryan seçkilərin nəticələrini tanımayan Levon Ter-Petrosyanın etiraz hərəkatını dəstəkləməyib və Serj Sarkisyanın təklifini qəbul edərək, Təhlükəsizlik Şurasının sədri vəzifəsini tutub. Partiya isə hakim koalisiyaya qatılıb.
Son altı il ərzində “Orinats Yerkir” həmişə hakim respublikaçıları parlamentdə əlavə səslə təmin edib, bir dəfə də olsun müxalif parlament fraksiyalarının təşəbbüsünü dəstəkləməyib. Partiyanın parlament təmsilçiləri, hətta Serj Sarkisyanın etirafına görə, əhalinin 80 faizi tərəfindən qəbul olunmayan icbari pensiya qanun layihəsinin lehinə səs verib.
Müxalif qüvvələr “Orinats Yerkir”in hakim ERP ilə birlikdə Ermənistanı faktiki olaraq “Rusiyadan asılı vəziyyətə qoyan qaz müqavilələrinin” imzalanmasını dəstəkləməkdə də suçlayırlar.
Bu gün bəzi yerli mətbuat orqanları artıq “Orinats Yerkir”in müxalifətə qatılmasını iqtidarın 2017-ci il parlament və 2018-ci il prezident seçkilərinə hazırlıq avantürası perspektivində nəzərdən keçirlər. Jurnalistlərin “Bu dəfə partiya müxalif mövqedə nə qədər qalar?” – sualını cavablandıran xanım Bişaryan “Həyat göstərər” - deyib.
Daha əvvəl yeni hökumətdə təmsil olunacağını istisna etməyən “Daşnaksutyun” Erməni İnqilabi Federasiyası da artıq “yeni hökumətin tərkib hissəsi olmaq” istəmədiyini bəyan edib. “Daşnaksutyun daha əvvəl təqdim etdiyi 7 bənddən ibarət “yeni keyfiyyətli dövlət yaratmaq və səmərəli idarəetmə tətbiq etmək üçün sistemli dəyişiklər nəzərdə tutan” siyasi və iqtisadi təkliflər paketinin qəbul olunacağı təqdirdə hakimiyyətlə əməkdaşlıq edə bilər” - deyə partiyanın yaydığı bəyanatda deyilir.
Yeri gəlmişkən, bu təkliflər paketində Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə protokolların parlamentin gündəliyindən tamam çıxarılması da tələb olunur.
Daşnaksutyun partiyasının 2009-cu ildə hakim koalisiyadan çıxmasına Ermənistanla Türkiyə arasında əlaqələri bərpa etmək və diplomatik münasibətlər yaratmaq haqqında “yol xəritəsi”nə dair razılıq əldə edilməsi səbəb olub. Protokollar Ermənistan və Türkiyə parlamentlərinə ötürülüb, lakin ratifikasiya olunmayıb.
Yeri gəlmişkən, müxalifət hesab edir ki, Ovik Abramyanın baş nazir təyinatı ölkənin iqtisadi vəziyyətinə müsbət təsir etməyəcək. Müxalif Erməni Milli Konqresi hesab edir ki, Serj Sarkisyan baş nazir Tiqran Sarkisyanı dörd müxalif parlament partiyasının təzyiqi altında istefaya göndərməyə məcbur olub. “Serj Sarkisyanın rəhbərlik etdiyi hakim Respublikaçılar Partiyası tərəfindən formalaşdırılan hər hansı hökumət ölkənin inkişafına xidmət edəcək proqram tətbiq etmək iqtidarında deyil”, – deyə EMK-nın bəyanatında deyilir.
Hakim ERP Şurasının iclasından sonra partiyanın mətbuat katibi Eduard Şarmazanov yeni hökumətdə müxalif “Daşnaksütyun” və özünü alternativ qüvvə adlandıran “Çiçəklənən Ermənistan” Partiyasına vəzifələr təklif ediləcəyini bildirmişdi.
Qeyri-iqtidar siyasi qüvvələri parlament sədri Ovik Abramyanın baş nazir vəzifəsinə təyin olunmasına etiraz etməsə də, yeni hökumət tərkibində təmsil olunmağa tələsmirlər.
“Ermənistanın qeyri-legitim, korrupsiyaya batmış hakim rejimi ölkənin inkişafı üzrə heç bir proqram tətbiq etməyə qabil deyil və onun hökumət formalaşdırmağa haqqı yoxdur” - deyə Erməni Milli Konqresin bəyanatında deyilib. EMK hesab edir ki, müxalif “dördlüyün” başlıca vəzifəsi Serj Sarkisyan rejiminin hakimiyyətdən kənar edilməsi olmalıdır.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər