• cümə axşamı, 28 mart, 16:26
  • Baku Bakı 16°C

Ermənistanda insanlar itlərdən daha aqressivdirlər - Fotolar

30.07.19 18:11 9136
Ermənistanda insanlar itlərdən daha aqressivdirlər - Fotolar
Rusiya mediası Ermənistanı ən müxtəlif istiqamətlərdən aşağılamaqda davam etdirir. Bu dəfə isə ermənilər heyvanlara qarşı vəhşi mövqe nümayiş etdirməkdə günahlandırılıb. Qonşu ölkənin tanınmış media orqanı "Lenta.ru” yazır ki, Ermənistanda heyvanlara qarşı qəddarlıq çoxdan bəri adi normaya çevrilib. "İtləri daşlarla qovur, öldürür, pişikləri boğur, gözlərini çıxarırlar. Dəhşətli olan isə əksər hallarda uşaqların bunu valideynlərinin razılığı ilə həyata keçirdiklərini bildirmələridir. Dəri soymağa meyillik ermənilərin az qala milli xüsusiyyətlərindən birinə çevrilib. Artıq hakimiyyət orqanları da bu məsələyə diqqət yetirməyə başlayıb. Onların səylərinin nə qədər uğurlu olacağını zaman göstərəcək”, - deyə müəllif yazır.
Nəşrdə konkret olaraq Eçmiədzindən reportaj təqdim edilir. "Adi bir misal - yol kənarında bir it uzanıb. Sürücü qəsdən maşını yolun kənarına sürüb onun üstündən keçir. Sonra isə sakitcə, heç nə olmayıbmış kimi yoluna davam edir”,- deyə reportajda bildirilir. Ardınca bildirilir ki, Eçmiədzində baş verən bu hal Ermənistan üçün adidir. "İtin ölümünə səbəb olmuş o sürücü hər hansı bir cəza çəkməyəcək, saxlanılsa belə, ən pis halda 100 dollar cərimə verib məsuliyyətdən yaxa qurtaracaq. Adətən belə insanları axtarmırlar. Ermənistanda heyvanlara qarşı sərt rəftar edənlərə qarşı hər hansı bir cəza müəyyən edilməyib. Praktiki olaraq heç kim bu məsələ ilə maraqlanmır, polis isə belə hallara göz yumur. Küçə heyvanlarına qarşı hücumlarla ölkə miqyasında heç kim məşğul olmayıb. 1990-2000-ci illərdə heyvanları küçələr boyu qırırdılar, sonra heç onların cəsədlərini də yığmırdılar. Bir müddət sonra Yerevanda bu prosesə bir qədər sivil yanaşmağa başladılar. Beynəlxalq təcrübəyə istinad edən meriya itlərin ovlanması və zərərsizləşdirilməsi ilə bağlı tender elan etdi. Lakin 2009-cu ildən nədənsə bu tenderləri yalnız bir şirkət - Unigraf-X udur. Onun sahibi isə parlamentin deputatı, sonradan Gürcüstandakı səfir Ruben Sadoyandır. Sonradan qardaşı Ara səhmdar oldu”, - deyə reportajda bildirilir. Qeyd edilir ki, adıçəkilən şirkətin fəaliyyəti, yumşaq desək, narazılıq yaratdı. Küçədə sahibsiz itlərin sayı azalmadı, xeyli sayda şikəst heyvanlar ordusu yaranmağa başladı. Adıçəkilən şirkətin fəaliyyətinə qarşı heyvanları müdafiə təşkilatları çıxır, hətta mitinqlər keçirirdilər. Bu etiraz hərəkatının lideri isə DINGO Team təşkilatı oldu. Təşkilatın koordinatoru Qoar Manuşkyan bildirir ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra polis Unigraf-X şirkətinin fəaliyyəti ilə maraqlanmağa başlayıb. Məlum olub ki, hər il sahibsiz itlərlə mübarizə məqsədilə şəhər meriyasına ayrılan 200 min dollar mənimsənilib. Nəticədə meriya nəinki, adıçəkilən şirkətlə əməkdaşlığı dayandırıb, onu "qara siyahı”ya da salıb. Amma problem hələ də həllini tapmayıb. Yerevanın mərkəzi meydanının ərazisi 223 kv.km-dir. Burada minlərlə sahibsiz it və pişik yaşayır. Bir çox hallarda dördayaqlılara qarşı hücumlar təhlükəsizlik baxımından təmizə çıxarılır. Ən çox gətirilən arqument də odur ki, onlar aqressiya göstərir, xəstəliklər yayırlar. İnsanlar bildirirlər ki, özünümüdafiə məqsədilə onları qovurlar. Lakin bir çox hallarda bu hücumlar onların şikəst olması ilə nəticələnir.
Daha sonra reportajda Yerevanda heyvanlarla bağlı klinikaların olmamasından bəhs edilir. Mütəxəssislər hesab edirlər ki, heyvanlara qarşı kütləvi sadizm hərəkətlərinə yol verənlərə qarşı sərt qərarlar qəbul edilməlidir. Qeyd edilir ki, yeni mer Ayk Marutyan sosial şəbəkədə itlərlə oynadığı videonu yerləşdirib. "Sahibsiz heyvanların zərərsizləşdirilməsi üzrə Mərkəz”in rəhbəri Armen Beqoyan hesab edir ki, Ermənistanda itlər deyil, daha çox insanlar aqressivdirlər. O, rəhbərlik etdiyi mərkəzdə cəmi bir-iki itin aqressiv olmasına rast gəldiyini bildirib. Meriyadan isə bildirilib ki, tək aprel-iyun ayları ərzində onların qaynar xəttinə 6000-ə yaxın zəng daxil olub. Onlardan 600-ü sahibsiz itlərlə bağlıdır. Bir çox hallarda isə meriya itərlə bağlı edilən şikayətlərin əsassız olduğunu bildirir.
O da bildirilir ki, erməni müxalifəti heyvanlarla bağlı məsələləri ictimailəşdirməyə çalışır. Məsələn, bu günlərdə "Çiçəklənən Ermənistan” fraksiyası parlamentə Cinayət Məcəlləsinə dəyişiklik edilməsini təklif edib. Burada heyvanlara qarşı zorakılıqlara yol verənlərə qarşı sərt cəzaların tətbiq edilməsi nəzərdə tutulub. Layihənin müəllif isə partiyanın baş katibi Naira Zohrabyandır. "Bizdə heyvanlara qarşı mütəmadi olaraq zorakılıqlar həyata keçirilir – onları güllələyir, işgəncə verir, bundan həzz alırlar. Bu, çox iryənc haldır. Praktikada buna qarşı hər hansı bir tədbir görülmür, polis fəaliyyətsizdir”, - deyə müxalifət funksioneri "Lenta.ru”ya bildirib. Müxalifətçi deputat hətta heyvanlara qarşı zorakılıqlarla bağlı statistika da aparıb. Keçən ilin oktyabr ayından bəri 28 dəfə itlərin öldürülməsi, pişiklərin gözlərinin çıxarılması və s faktlar qeydə alınıb. Siyasətçi bu faktlara hələ KİV-də rast gəldiyini bildirib: "Belə hallara yol verənlər cəzalanmalıdır. Onlar uşaqlara nə nümunə olacaqlar? Uşaqlar sadist kimi böyüyürlər”.
Reportajda sonda ermənilərin heyvanlara qarşı sərt rəftarının, qəddarlığın səbəblərinə toxunulur. Bunun müxtəlif səbəbləri olduğu bildirilir. Sosial psixoloq Maro Alacanyan hesab edir ki, əsas səbəb fiziki çatışmazlıqlar, valideyn hiperhimayəsi, diqqət qıtlığıdır. Onun sözlərinə görə, problemə göz yummaq gərək deyil. "Aqressiyanın həddi arta bilər. Bu gün heyvana qarşı aqressiya sabah insanlara qarşı çevrilə bilər. Məsələn, Serbski adına Psixatriya və narkologiya mərkəzinin hesablamalarına görə, ağır cinayətlər törədən şəxslərin 85 faizi uşaqlıqda heyvanlarla sərt davranıblar”, - deyə məqalədə bildirilir.

Azər NURİYEV



banner

Oxşar Xəbərlər