• şənbə, 20 Aprel, 00:40
  • Baku Bakı 15°C

Ermənistanda idarəetmə problemi var

20.05.20 16:53 896
Ermənistanda idarəetmə problemi var
Bu sahədə yaşanan böhran Paşinyanın sonunu yaxınlaşdıra bilər

Ermənistan iqtidarına qarşı hücumlar səngimir. Hətta inqilabdan sonra Nikol Paşinyan dəstəkləyən qüvvələr belə, artıq ona qarşı sərt bəyanatlar səsləndirməyə başlayıblar. Onların gəldiyi qənaət budur – iki illik idarəçilik dövründə ölkədə hər hansı bir irəliləyiş baş verməyib, yeni investisiyalar yoxdur. Əsas strateji müttəfiq hesab edilən Rusiya, eləcə də, Qərb dövlətləri qeyri-standart siyasət yürüdülməsi səbəbindən Ermənistandan üz döndərib. Məsələn, "Daşnaksütyun” bürosunun üzvü Spartak Seyranyan bildirir ki, Ermənistanda böhranlardan ən təhlükəlisi - idarəetmə böhranı mövcuddur. Onun qənaətincə, istənilən səhiyyə, iqtisadi, daxili siyasi, xarici və s. böhranı aradan qaldırmaq olar: "Əlbəttə, əgər ilk növbədə böhranın olduğunu qəbul edirsənsə və başa düşürsənsə, bu böhranın təsvirinə maliksənsə, bundan çıxmaq üçün müvafiq plana və kadr potensialına sahibsənsə, onu aradan qaldırmaq olar. Ziddiyyətli, anlaşılmaz, tez-tez an altında və ya facebook səhifələrindən təsirlənmiş addımlar göstərir ki, hazırkı hakimiyyət bütün bunlara malik deyil”.
"Daşnaksütyun” koronavirus pandemiyası ilə bağlı Ermənistan hökumətinin fəaliyyəi barədə öz qiymətləndirməsini də təqdim edib. Partiya yaydığı bəyanatında qeyd edib ki, pandemiyaya müqavimət göstərməklə bağlı aydın strategiya olmadan elan olunmuş fövqəladə vəziyyət nə ictimaiyyət, nə də fövqəladə vəziyyət məhdudiyyətlərini tətbiq edən dövlət orqanları tərəfindən müvafiq ciddiliklə qəbul olunmayıb, qısa müddət ərzində səmərəsiz əməliyyatlara çevrilib. "Hökumət böhran əleyhinə idarəetmə qabiliyyətsizliyini nümayiş etdirərək, artan daxili və xarici problemləri görməzdən gələrək dar siyasi məqsədləri təqib etməyə davam edir”, - deyə bəyanatda bildirilib.
Erməni politoloq Andranik Tevanyan da Paşinyan hakimiyyətinin koronavirusa qarşı mübarizə mexanizmlərinə toxunub. Bildirib ki, Ermənistanda hakimiyyət ölənlərin sayını azaldaraq öz bacarıqsızlığını gizlətməyə çalışır. Tevanyan qeyd edib ki, Azərbaycan və Gürcüstanla müqayisədə həm yoluxanların sayı, həm də ölüm halları baxımından Ermənistan biabırçı statistikaya malikdir. "İnfeksiyanın dünya ocaqlarından hesab olunan İran artıq bu göstərici ilə bizdən geridədir. Gürcüstan və Azərbaycan bu baxımdan bizdən bir neçə dəfə yaxşı vəziyyətdədir”, - deyə Tevanyan yazıb. O, öz qeydində Ermənistanda ölüm hallarının gizlədilməsinə də toxunub: "Ölənlərin saylarını azaldaraq öz bacarıqsızlıqlarını gizlətməyə çalışırlar, amma bu, mümkün deyil”.
Qaqik Hambaryan adlı başqa politoloq isə hesab edir ki, Ermənistanın faktiki baş naziri "inqilab layihəsi”ni məhv edib və getdikcə daha çox insan bundan əmin olur. Onun sözlərinə görə, Ermənistanın baş naziri az öncə guya koronavirus epidemiyasına qarşı mübarizə çərçivəsində canlı yayıma çıxmışdı. Lakin əslində onun əsas mesajı o idi ki, bundan sonra özü, ailəsi və yaxın dairəsi haqqında yayılan, bir çox hallarda cinayətkarlıq və qanunsuzluqlar olan çoxsaylı xəbərləri təkzib etməyəcək”. Politoloq qeyd edib ki, N.Paşinyanın balanssız və mövzudan mövzu tutan çıxışı onun dəhşətli vəziyyətdə olduğunu, özü və ətrafı haqqında yayılan rüsvayçı faktları necə təkzib etməyi bilmədiyini sübut edir. Demək olar bütün sahələrdə vəziyyət eynidir. Erməni politoloq da öz qeydində bildirib ki, Ermənistanda idarəetmə böhranı var.
Ermənistanın "Milli gündəm” partiyasının rəhbəri Avetik Çalabyan də bu qənaətdir ki, Ermənistan parlamentinin siyasi əksəriyyəti artıq ictimaiyyətin əksəriyyətini təmsil etmir və bu, hazırkı böhranın əsas mənbəyidir”. Çalabyan qeyd edib ki, parlament Konstitusiyanın istənilən dəyişikliyini həyata keçirmək üçün Konstitusiya Məhkəməsinin razılığını almalıdır, bu, Ermənistan Konstitusiyasının 168-ci maddəsinin ikinci bəndində aydın şəkildə qeyd olunub. O bildirib ki, hakimiyyət problemləri güc, təzyiq yolu ilə həll etmək illüziyalarından imtina etməli və ağıllı şəkildə siyasi dialoqa qayıtmalıdır.
Yeri gəlmişkən, erməni mediasında da Paşinyanın siyasəti sərt şəkildə tənqid edilir. Məsələn, "İrates” qəzeti yazır ki, sorosçular Paşinyandan çox narazıdırlar və artıq bunu heç gizlətmirlər də: "Onların narazılığının səbəbi odur ki, Nikol inqilab zamanı əldə olunan razılaşmalara əməl etmir. Sorosçular hesab edirlər ki, Paşinyan Rusiyaya xoş gəlmək üçün hər şeyi edir. Reallıqda isə Paşinyan sorosçulara kart-blanş vermək niyyətində deyil. Sorosçular hesab edirlər ki, Nikol onları küncə sıxmaqla ağalarından Qarabağ məsələsi ilə bağlı dəstək almağa çalışır. Nikolun fəlakətə sürükləndiyini artıq hamı hiss edir və indi də heç kim onunla batmaq istəmir”.
Ermənistan Respublika Partiyasının (ERP) nümayəndəsi Eduard Şarmazanov isə hakimiyyəti cəmiyyətdə düşmənçilik əhval-ruhiyyəsi yaymaqda ittiham edir. O hesab edir ki, insanların keçmiş və indikilərə bölünməsi yalnız və yalnız dövləti zəiflədir. "Ermənistan Respublika Partiyası hər zaman hesab edirdi ki, düşməni ölkə daxilində axtarıb tapmaq lazım deyil. Bu gün Türkiyə-Azərbaycan tandemi fonunda hakimiyyət daxili düşmən obrazı yaratmağa çalışır, bu, siyasi marazmdır. Mən yeni inqilabın əleyhinəyəm. Ermənilər küçədə bir-birinə qarşı döyüşməli deyillər. Ölkəyə yeni düşüncə və növbədənkənar parlament seçkiləri gərəkdir. Siyasi vəziyyət qanuni yolla inkişaf etməlidir. Yeni təlatümlər dövlətçiliyə və milli maraqlara ziddir”, - deyə ERP funksioneri bildirib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər