• şənbə, 20 Aprel, 03:06
  • Baku Bakı 15°C

Ermənistanda həyat iflic oldu

02.05.18 21:00 621
Ermənistanda həyat iflic oldu
Baş nazirlik arzusu reallaşmayan erməni müxalifətinin lideri Nikol Paşinyan dərhal tərəfdarlarını vətəndaş itaətsizliyi aksiyalarına çağırıb. Ardınca da paytaxt Yerevanda fəallar bəzi nazirlik və dövlət idarələrinin, o cümlədən Elm vəTəhsil Nazirliyinin, Diaspora Nazirliyinin binalarına girişi kəsib, bir çox küçə və prospektdə hərəkət dayandırılıb.Yerli media "Zvartnots” hava limanının işçilərinin də tətil elan etdiyini yazır. "Bu ölkədə özünə hörmət edən hər bir insan mövcud hakimiyyətin sonunadək mübarizə aparmalıdır", - aksiya iştirakçılarından biri jurnalistlərə deyib.
"Tsarukyan bloku” fraksiyasının üzvü Vahe Enfiacyan deyib ki, ölkədə görünməmiş bir durum yaranıb və buna görə fraksiya boykot elan edib: onlar yaxın günlərdə parlamentin iclaslarına qatılmaqdan imtina edirlər.

Aksiya keçirilən yerlərə onlarla qara geyimli, qara beretli xüsusi polis əməkdaşları gətirilib. Onların əlində heç bir silah, xüsusi vasitə - dəyənək və sipər yoxdur. Etiraz hərəkatı liderinin tərəfdarları bütün nəqliyyat hərəkatını dayandırıblar, o cümlədən, Yerevan metrosunda. Yerevan-Gümrü dəmiryol qatarı da işləməyib. " Yerevan-Tbilisi qatarının işləyib-işləməyəcəyi də məlum deyil. Bölgələrdən administrasiya işçilərinin də etiraz aksiyalarına qatıldığı haqqında məlumatlar alınır. Tavuş rayon administrasiyası işçiləri və vilayət mərkəzi İcevan şəhəri meriyası əməkdaşlarının (bələdiyyə başçısı Hovik Abrahamyandan başqa) tətil elan etdiyi bildirilir. Gümrü və Maralik şəhərlərində etirazçılar yerli meriya binalarına daxil olub. Gümrüdə yerli müxalifətçi fəallardan olan Levon Barseqyan bildirib ki, şəhər meri Samvel Balasanyan müxalifətin tərəfinə keçməlidir. O, şəhərdə bütün dövlət binalarına müxalifətin nəzarət etdiyini söyləyib. Aksiyanın təşəbbüskarlarından biri, şəhərin Ağsaqqallar Şurasının üzvü Aqun Saqatelyan bildirib ki, xalq Respublika Partiyasının hakimiyyətindən qurtulmaq istəyir. O əlavə edib ki, şəhər sakinləri merdən Respublika Partiyasına üzvlükdən imtina etməyi və müxalifət hərəkatına qoşulmağı tələb edirlər. Maralik şəhərində də eyni vəziyyət yaranıb. Nümayişçilər meri hakim partiya sıralarından istefa verərək xalqa qoşulmağa çağırıblar. N.Paşinyan "Reuters”ə açıqlamasında bildirib ki, kütləvi aksiyalar davam edəcək: "Biz təslim olmayacağıq. İtaətsizlik və tətil davam edəcək”.

Paşinyan Köçəryanı hədələdi

N.Paşinyan əlavə edib ki, o və tərəfdarları istənilən ssenariyə hazırdırlar. O, 8 mayda parlamentdə keçiriləcək baş nazir seçkilərində iştirak edəcəyini bildirib. Paşinyan etirazçıların heç kimə qarşı güc tətbiq etməyəcəyini açıqlayıb: "Artıq Ermənistan parlamentində nə baş verdiyi vacib deyil. Vacib olan küçələrdə baş verənlərdir. Xalq və hakimiyyət arasındakı münasibətlər əvvəlki vəziyyətdə olmayacaq”. Onun sözlərinə görə, Robert Köçəryanın Ermənistandakı hadisələrə müdaxiləsi inqilab dalğasını artıracaq. O, general Feliks Çolakyanın ona səs verməsini şərh edərkən, "əgər general da mənə səs verirsə, demək, ölkənin təhlükəsizliyi üçün təhdid deyiləm” deyib.

Etirazçılar Gürcüstan və İrana gedən dövlət əhəmiyyətli yolları bağlayıb

Axşama yaxın etirazçılar Gürcüstana və İrana gedən dövlət əhəmiyyətli yolları bağlayıblar. Aksiya iştirakçıları N. Paşinyanın baş nazir seçilməsini tələb ediblər. "Bu gün bütün xalqın tələbi birdir: baş nazir Nikol Paşinyan olmalıdır. Respublikaçı deputatlar bu həqiqəti anlamalıdır”, - deyə Sevanda Gürcüstan yolunu bağlayan fəallardan biri söyləyib. İran yolunda da eyni vəziyyət yaranıb. Vayk şəhəri ətrafında yerli sakinlər yük avtomobilləri vasitəsilə yolu kəsib və hökumət əleyhinə şüarlar səsləndirib. Yeniyetmələr yolda futbol və voleybol oynayıb. Yollarda kabab çəkənlər də var.

Ermənistan parlamenti iclas keçirə bilmədi

Ermənistan parlamentində növbəti iclasın keçirilməsi üçün yetərsay da olmayıb. Bunu parlamentin sədri Ara Baloyan deyib. Onun sözlərinə görə, iclas üçün cəmi 27 deputat qeydiyyatdan keçib. Müxalif "Tsrukyan” fraksiyasının katibi Vaqe Enfiacyan deyib ki, ölkədə indiyə qədər görünməmiş hadisələr baş verir: "Bizim fraksiya siyasi boykot elan edib və parlamentin növbəti 4 günlük iclaslarında iştirak etməyəcək”. Qeyd edək ki, Ermənistan parlamenti 105 deputatdan ibarətdir. Onların 58-i hakim Respublika Partiyasını, 31-i "Tsarukyan” blokunu, 9-u "Çıxış” blokunu və 7-si "Daşnaksütyun” Partiyasını təmsil edir.
Ermənistanda baş nazirin seçiləcəyi yeni tarix də açıqlanıb. Mayın 8-də parlamentin bununla bağlı iclası keçiriləcək. Bu barədə də spiker Ara Babloyan məlumat verib. O qeyd edib ki, baş nazirin seçkisi il bağlı xüsusi iclas yerli vaxtla saat 12:00-da başlayacaq.

Paşinyanın seçilməsini Putin əngəllədi?

Belə bir vaxtda Ermənistanın "Mediamaks” informasiya agentliyinin direktoru Ara Tadevosyan Rusiya prezidenti Vladimir Putinə ölkəsində baş verən son hadisələrlə bağlı açıq məktub yazıb. Müəllif Putinə Rusiya prezidenti kimi yox, Ermənistan Respublika Partiyasının "faktiki rəhbəri” kimi müraciət edib. Ötən gün parlamentdə respublikaçıların N.Paşinyanın baş nazir seçilməsini əngəlləməsinin Moskvadan gələn göstərişlə baş verdiyinə eyham vurub. Məktubda deyilir: "Etiraf edirəm ki, heç vaxt bu janrın pərəstişkarı olmamışam və son illər Siz Ermənistandan müxtəlif bəhanələrlə yazılan məktublara skeptik yanaşmışam. Lakin belə vəziyyət yaranıb ki, bu gün mən Sizə Rusiya Federasiyasının prezidenti kimi yox, parlamentdə çoxluq təşkil edən Ermənistan Respublika Partiyasının faktiki rəhbəri kimi müraciət etməyə məcburam. Əvvəlcədən deyirəm ki, Ermənistan-Rusiya münasibətlərinə dair öz münasibətimi 2014-cü ilin yanvarında "Gələcək əvəzində təhlükəsizlik” adlı məqaləmdə ətraflı bildirmişəm və köməkçilərinizdən xahiş edirəm ki, zəhmət çəkib mənim məktubumu Siz təqdim etsinlər, əlbəttə, "antirusiya” mövqeyi kimi. Hörmətli Vladimir Vladimiroviç, tanışlarımdan biri nə vaxtsa belə maraqlı fraza demişdi ki, "ermənilər yəqin dünyada rusları irrasional şəkildə sevən yeganə xalqdır”. Gəlin münasibətlərimizdə bu notu saxlamaq üçün çalışaq”.

Ter-Petrosyan sukutu pozdu

"Konstitusiyaya və qanuna riayət etmək həm Ermənistanın, həm də hakimiyyət və müxalifətin maraqları çərçivəsindədir”. Bu sözləri Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan ölkədə baş verən siyasi böhranla bağlı bəyanatında deyib. Onun sözlərinə görə, əsas məsələ bu deyilənlərə sadiqlikdir.Sabiq prezident bildirib ki, bundan kənar yaranacaq hakimiyyətin legitimliyi nə xalq, nə də beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacaq.

Küçə iti etiraz hərəkatının talismanına çevrilib

Etiraz aksiyalarında maraqlı hadisələr də yaşanır. Məsələn, küçə iti etiraz hərəkatının talismanına çevrilib. Gümrü şəhərində başlamış hərəkatın ilk günündən Çalo adlı it yürüşçülərin və N.Paşinyanın yanında olub, onlarla bir yerdə 200 km uzunluğu olan yolu keçib. Yürüşçülər paytaxt Yerevana çatanadək Çalo 14 gün ərzində onlarla birgə yürüyüb, lakin Yerevana çatar-çatmaz yol qəzasına düşüb - iti maşın vurub. Sürücü maşını ilə hadisə yerindən qaçsa da, N.Paşinyanın tərəfdarları qəzaya düşmüş itə baxıb, ona qayğı göstəriblər. Nəticədə it sağalıb və etirazçılara yenidən qoşulmaq həvəsinə düşüb. Həmin it Yerevanın mərkəzində "Teatr” meydanında keçirilmiş mitinqdə yenidən etirazçıların yanında olub. Həmin mitinqdə N.Paşinyan deyib ki, Çalonun rəsmi adı "Kaylo”dur, bu isə erməni dilində "addımını at” ifadəsi kimi səslənir.
İtin etiraz hərəkatının talismanı seçilməsi müxalifət lideri tərəfindən atılmış ağıllı addım kimi yozulur. İndi o, sosial mediada heyvansevər bir insan kimi də alqışlanmaqdadır. Onun pərəstişkarlarından biri olan müğənni və nəğməkar Andre Simonyan öz Facebook səhifəsində yazıb ki, Paşinyan onun şərəfinə qurban kəsilməsi mərasimlərindən imtina edib. Simonyan nənəsinin ona dediyi sözləri də xatırladıb: "Heyvanları sevən və onlara qayğı göstərən adama həmişə etibar etmək olar”.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər