• cümə axşamı, 25 aprel, 15:24
  • Baku Bakı 23°C

Ermənistanda Gömrük İttifaqına qarşı narazılıqar artır

22.11.13 08:12 1333
Ermənistanda Gömrük İttifaqına qarşı narazılıqar artır
Ermənistan hakimiyyəti əhalinin narazılıq və etirazlarına baxmayaraq, Avrasiya İttifaqı və Gömrük İttifaqına üzvlüklə bağlı müzakirə və məsləhətləşmələri davam etdirir. Sankt-Peterburqda Rusiyanın baş naziri Dmitri Medvedyevlə Ermənistanın baş naziri Tiqran Sarkisyan arasında görüşdə bu məsələ prioritet təşkil edib. Sarkisyan və Medvedyev Ermənistanın Gömrük İttifaqına qoşulması istiqamətində gələcək addımları müzakirə ediblər.
Öz növbəsində Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan hesab edir ki, fevral ayına kimi Ermənistan Gömrük İttifaqı və Vahid İqtisadi Məkana qoşulmaq üçün praktiki olaraq bütün sənədləri imzalamağa hazır olacaq. Nazir müavini bunları Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya və soydaşlarla iş üzrə komitəsinin üzvləri ilə görüşü zamanı deyib. Onun sözlərinə görə, Ermənistanın Gömrük İttifaqına üzvlüyünü nəzərdə tutan «yol xəritəsi»ni Ali Avrasiya İqtisadi Şurası təsdiq edəcək. Hazırda bu şura işçi qrupunun hazırlanması ilə bağlı işləri başa çatdırır. Gələn ilin mayında isə Ali Avrasiya İqtisadi Şurası Avrasiya İqtisadi İttifaqının hüquqi cəhətdən təsdiqinə başlayacaq. Həmin tarixdən etibarən isə Gömrük İttifaqı və Vahid İqtisadi Məkan faktiki olaraq Avrasiya İqtisadi Şurasına çevrilmiş olacaq. Nazir müavininin sözlərinə görə, Gömrük İttifaqına üzvlüklə bağlı sənədə imza atmaqla Ermənistan təqribən 90-a yaxın müqaviləni imzalamış olacaq.
Lakin hakimiyyətin nəyin bahasına olursa-olsun, ölkəni boyunduruq altına sürükləməsi narazılıq dalğasını gücləndirməkdədir. Belə ki, prezident seçkilərində güllələnmiş Paruyuk Ayrikyan özünün saytında prezident Serj Sarksiyana ünıanlanmış müraciətini yerləşdirib. Müraciətdə deyilir: «Sizin prezidentliyinizə necə yanaşmamdan asılı olmayaraq, ölkədə birinci şəxs hesab olunursunuz. Bundan çıxış edərək demək istərdim ki, sizin qəfil olaraq Gömrük İttifaqına qoşulmaq barədə qərarınız təzyiq altında qəbul edilib. Bu quruma üzvlüyü Ermənistan əhalisinin 23 faizi dəstəkləyir. Bunu soğru şirkətlərinin keçirdikləri çoxsaylı sorğuların nəticələri göstərir. Biz belə bir sorğunu təkrar keçirə də bilərik. Əmin edirəm ki, nəticə bundan da aşağı olacaq. Belə olan təqdirdə, Ermənistan hakimiyyət orqanlarına yalnız əhalinin iradəsi ilə barışmaqdan başqa çıxış yolu qalmayacaq. Hakimiyyət dərhal xarici siyasət kursunu dəyişməli, istefaya getməlidir. Çünki bu hakimiyyət xalqın iradəsi ilə barışmalıdır».
Yeri gəlmişkən, Paruyur Ayrikyan özünün «Facebook» səhifəsində «Biz Gömrük İttifaqına qarşıyıq» təşəbbüs qrupu da yaradıb. Prezidentliyə sabiq namizəd vətəndaşları bu təşəbbüs qrupuna qoşulmağa çağırıb. «Erməni Milli Özünüdərk Hərəkatı»nın sədri meriyaya noyabrın 28-də aksiya keçirmək barədə müraciət də ünvanlayıb. Sosial şəbəkələrdə özünün müraciətini yerləşdirən Ayrikyan bildirib ki, mitinqlə bağlı gündəlik olaraq müzakirələrə başlayırlar. Onun sözlərinə görə, bütün qüvvələr bu məsləhətləşmələrdə iştirak edə bilərlər. «Biz quruma qoşulmaq istəyən 23 faiz əhalinin fikrinə qarşı deyilik. Onlar öz seçimini ediblər. Bəs yerdə qalan böyük əksəriyyət?» O əlavə edib ki, keçiriləcək mitinq onun və yaxud «Erməni Milli Özünüdərk Hərəkatı»nın aksiyası olmayacaq: «Bu, ölkənin normal yolundan döndüyünü başa düşənlərin aksiyası olacaq». Onun sözlərinə görə, artıq bir sıra nüfuzlu siyasətçilər, məsələn, «İrs» Partiyasından olan Armen Martirosyan və Rafael Ambarsumyan aksiyada iştirak edəcəklərini bildiriblər. Digər tanınmış simalar, partiya sədrləri mitinqin formatı və özlərinin orada mümkün iştirakları barədə maraqlanırlar. O bildirib ki, əhalinin üçdə birindən çoxu ölkənin Avropa İttifaqı ilə yaxınlaşmanın tərəfdarıdır: «Əhalinin bir qismi isə milli özünüdərkin tərəfdarıdır. Onlar heç bir halda suverenliyin itirilməsini istəmirlər». Paruyur Ayrikyan Rusiya ilə hər hansı inteqrasiyanı yeniləşmiş «Qızıl Orda» adlandırıb. Hərəkat sədri bildirib ki, əgər ölkə noyabrın 29-da Vilnüsdə təmsil olunmasa, bu, çox mənfi nəticələrə gətirib çıxaracaq: «Bizim hakimiyyət orqanlarının məsuliyyətsiz addımları çox mənfi nəticələrə gətirib çıxaracaq. Sabah biz Rusiyanın canişini statusuna düşmüş olacağıq və heç kim bizi insan yerinə belə qoymayacaq və biz də nəsə etmək gücündə olmayacağıq». Ayrikyanın sözlərinə görə, onlar artıq beynəlxalq təşkilatlara, səfirliklərə ünvanlanacaq mıraciətlər üzərində iş aparırlar: «Müvafiq vərəqələr hazırlanıb». Bu məqsədlə könüllülər dəstələrinin yaradılmasını irəli sürən Ayrikyan onları ictimai yerlərdə, avtobuslarda vərəqələr yaymağa çağırıb.
Onunla həmfikir olan sabiq baş nazir Qrant Baqratyan hesab edir ki, Ermənistanın Gömrük İttifaqına üzvlüyü onun suverenliyinin itirilməsi ilə nəticələnəcək. Hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Qalust Saakyanın «Gömrük İttifaqına üzvlük Ermənistan üçün heç bir mənfi nəticələrə səbəb olmayacaq» bəyanatını şərh edən Erməni Milli Konqresinin üzvü bildirib ki, bu qədər cəfəngiyyat hələ eşitməyib. Eks-baş nazir hesab edir ki, Gömrük İttifaqına üzvlük ölkəni özünün gömrük vergilərindən sərbəst şəkildə istifadə etmək hüququndan məhrum etmiş olacaq. Bu da avtomatik olaraq ölkədəki vəziyyətə mənfi təsir etmiş olacaq: «Artıq Ermənistan əcnəbi ölkələrdə qiymətli kağızlar bazarına vəsaitlər qoya bilməyəcək. Penisya fondlarında vəziyyətə gəldikdə, burada daha pis durum olacaq». Baqratyanın proqnozlarına görə, müəyyən illərdən sonra, bəlkə də daha tez Gömrük İttifaqı iqtisadi inkişafın nəticələrindən razı qalmayaraq, vahid valyutanı dayandırıb rubla keçəcək. Bununla da Ermənistan Mərkəzi Bankının böyük bir funksiyası mənasız olacaq.
Bütövlükdə isə o hesab edir ki, Gömrük İttifaqına üzvlük Ermənistan üçün əlverişsizdir - alkoqol içkilərinin, ətin, avtomobillərin, ölkə iqtisadiyyatının bir sıra sahələrində qiymətlər kəskin artacaq: «Ümumiyyətlə, ölkəni fəlakət gözləyir. Bütün bunların fonunda isə Ermənistan hökuməti yerli iqtisadiyyatı qarşıdakı dəyişikliklərə hazırlamaq əvəzinə, Gömrük İttifaqından güzəştlər əldə etməyə çalışır. Sadəcə bir tovuzquşu kimi gəzir». O əlavə edib ki, belə bir təəssürat yaranır ki, Ermənistan Rusiyada hakimiyyət dəyişikliyinə, Gömrük İttifaqının süqut edəcəyinə, ya da sadəcə, Rusiyanı aldada biləcəyinə ümid edir. Baqratyan bununla yanaşı, Ermənistanın Gömrük İttifaqına üzvlüyü perspektivni dumanlı görür. O bildirir ki, Ermənistanın Gömrük İttifaqında mənfəəti o qədər də əhəmiyyətli deyil. Bundan əlavə, o ən əsas məsələ - Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmamasını əsas problem sayır və hesab edir ki, bu məsələ həllini tapmasa, Gömrük İttifaqına üzvlük əlavə başağrılar yaradacaq.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər