• cümə, 29 Mart, 16:48
  • Baku Bakı 14°C

Ermənistanda ərzaq məhsullarının bahalaşması gözlənilir

07.12.17 09:00 1892
Ermənistanda ərzaq məhsullarının bahalaşması gözlənilir
Ermənistan Avrasiya İqtisadi İttifaqına üzvlüyün fəsadlarını hiss etməyə başlayır. Belə ki, yeni ilin ilk günündən işğalçı ölkədə bir sıra ərzaq məhsullarının qiymətləri qalxacaq. Bu onunla əlaqədardır ki, 1 yanvar 2018-ci ildən Ermənistanda Avrasiya İqtisadi İttifaqının (Aİİ) gömrük rüsumları qüvvəyə minəcək. Bunun nəticəsində Aİİ-yə daxil olmayan ölkələrdən idxal olunan mallara əlavə rüsum qoyulacaq. Aİİ-yə daxil olmayan ölkələrdən gətirilən gündəlik tələbat mallarından toyuq ətinin, südün, kərə yağının, bitki yağlarının, çayın bahalaşacağı gözlənilir. Ermənistan iqtisadi inkişaf və investisiyalar nazirinin müavini Hovannes Azizyan deyib ki, qiymət artımı nəzərəçarpacaq olmamalıdır, çünki rüsumların cəmi 1-2 faiz artırılması nəzərdə tutulub. Onun sözlərinə görə, toyuq əti 4 faiz, bitki yağlarının qiyməti isə 2 faiz artacaq. Azizyan izah edib ki, Ermənistanın Aİİ-yə qoşulmasına dair müqaviləyə əsasən, Yerevana 900 adda məhsulun gömrük rüsumlarının tədricən qaldırılması üçün 2024-cü ilədək vaxt verilib. Yanvarın 1-dən bu məhsulların yalnız 40-ı üçün rüsum dəyişikliyinin tətbiqi nəzərdə tutulub.
Nazir müavinin sözlərinə görə, daxili rüsum siyasətinin yürüdülməsinə səbəb Avrasiya İqtisadi İttifaqı daxilində ticarətin stimullaşdırılması niyyətidir. Azizyan deyib ki, xarici mallara əlavə rüsumların tətbiqi yerli istehsalın canlanmasına təkan verəcək.
Nazir müavini etiraf edib ki, yeni rüsumların tətbiqi nəticəsində, məsələn, ucuz xarici toyuq ətinin qiyməti yerli malın qiyməti ilə bərabərləşəcək. H.Azizyan son vaxtlar kərə yağının 40 faiz bahalaşmasından danışarkən deyib ki, bu məhsul Ermənistanda kifayət qədər istehsal olunmur, buna görə də hazırda geniş satışda olan Yeni Zelandiya yağının əvəzinə Rusiya kərə yağından istifadə etmək olar. Belə ki, Rusiyadan gələn ərzaq məhsullarına əlavə rüsumlar nəzərdə tutulmayıb. Erməni mətbuatı yazır ki, 2024-cü ilədək dəyişdirilməsi nəzərdə tutulan rüsumların 90 faizi qiymətlərin bahalaşması ilə nəticələnəcək. 2020-ci ildən ölkəyə avtomobil gətirilməsinin sənədləşdirilməsi orta hesabla 5 faiz bahalaşacaq. Lakin bir sıra yerli iqtisadçılar hökumətin verdiyi proqnozlara inanmırlar. İqtisadçı Artak Manukyanın fikrincə, yerli istehsalın canlandırılması üçün xarici malların bahalaşdırılmasından daha ağıllı vasitələr var. İqtisadçı bildirib ki, gözlənilən bahalaşmadan əlavə, Aİİ ölkələrində 2018-ci ildən rüsum tariflərinin qaldırılması həm də aksiz qiymətlərinin artmasına səbəb olacaq. Bunun nəticəsində siqaretin, arağın və yanacağın qiymətləri bahalaşacaq.
Belə bir fikir də dolaşır ki, qiymət artımı Ermənistanın Avropa İttifaqının "Şərq tərəfdaşlığı” proqramına qoşulması ilə də bağlı ola bilər. Rusiya politoloqları bu fikri dönə-dönə xatırlayırlar. Məsələn, rusiyalı politoloq, "Regnum” agentliyinin baş redaktoru Modest Kolerov "Joxovurd” qəzetinə müsahibəsində bu məsələyə toxunub. O, Rusiya mətbuatında Ermənistan-Aİ razılaşması ilə bağlı gedən antierməni bəyanatlara münasibət bildirib. "Ermənistan-Avropa İttifaqı razılaşması daxili aspektdə problematik görünür, amma yerinə yetirilməyəcək. Əgər yerinə yetirilməyə başlasa belə, bu, erməni iqtisadiyyatının sonu demək olacaq. Ermənistanın düşməni, istənilən rəqibi bu razılaşmanın reallaşmasını istərdi. Mən əminəm ki, Ermənistan hakimiyyət orqanları bu razılaşmanı hərif-hərif reallaşdırılası bir əlifba kimi nəzərdən keçirmir. Onlar bu razılaşmaya yerinə yetirilməyəcək siyasi bəyannamə kimi baxırlar”, - deyə politoloq vurğulayıb. M.Kolerov onu da deyib ki, "əgər Rusiyada erməni kütləvi informasiya vasitələrinin yazdıqlarını diqqətlə oxusaydılar, çoxdan dəli olardılar”.
"Jamanak” da bu məsələyə münasibət bildirib. Qəzetdə dərc edilən məqalədə vurğulanır ki, Rusiyanın yüksək səviyyəli rəhbərliyi Ermənistan hakimiyyətinə son vaxtlar ölkə kütləvi informasiya vasitələrində antierməni ritorikanın güclənməsi ilə bağlı izahat verib. Burada qeyd edilir ki, Rusiya televiziyalarında gedən antierməni təbliğatın kökündə heç də Rusiya hakimiyyəti dayanmır. Bundan əlavə, Moskvadan bildiriblər ki, sifarişçiləri Ermənistan hakimiyyətinin daxilində axtarmaq gərəkdir.
Azər
banner

Oxşar Xəbərlər