• çərşənbə axşamı, 16 aprel, 23:26
  • Baku Bakı 18°C

Ermənistanda daha bir qalmaqal

14.09.18 19:48 587
Ermənistanda daha bir qalmaqal
Xaos, əvvəlki hakimiyyətdə təmsil olunanlara qarşı repressiv addımlar, hakimiyyət daxilində ikitirəlik, populist bəyanatlar - bütün bunlar bugünkü Ermənistanı əks etdirir. Qalmaqallı lent yazısının araşdırılmasını tələb edən baş nazir Nikol Paşinyana qulaq asan belə yoxdur. Bu azmış kimi növbəti qalmaqal erməni cəmiyyətini ağuşuna alıb. Ermənistan Təhlükəsizlik Xidmətinin direktoru Sasun Xaçatryan və Xüsusi İstintaq Xidmətinin rəhbəri Artur Vanetsyan tərəfindən təşkil edilən mətbuat konfransında, istintaq xidmətinin rəhbəri martın 1-də baş verən hadisələrlə əlaqədar diqqətəlayiq məlumat açıqlayıb.Erməni KİV-ləri xəbər verir ki, mətbuat konfransında Sasun Xaçatryan 2008-ci ilin qanlı hadisələrində hərbi qulluqçuların, oliqarxların əmlakının təhlükəsizliyini təmin etdiyi sübut edilib. Müstəntiq tərəfindən pul paylanılan əsgərlərin adları olan siyahı, paylanılan pulun miqdarı və komandirlərin imzası olan jurnal ələ keçirilib və nümayiş olunub. Bu pullar oliqarxların və yüksək vəzifəli məmurların hesablarından çıxarılıb. Müvafiq sənədlər olan qovluğu Sasun Xaçatryan Artur Vanetsyana ötürüb. Vanetsyan isə öz növbəsində həmin qovluğu jurnalistlərə nümayiş etdirib. Yayılan sənəd "Fövqəladə vəziyyət zamanı qarovul xidməti həyata keçirən şəxsi heyətə əlavə maddi ödənişlərin bildirişi” adlanır. Sənəd 2008-ci ilin 8 mart tarixində tərtib edilib. Hərbi qulluqçuların adlarının yuxarı sağ tərəfində hərbi hissənin nömrəsi "95532” yazılıb. "Orduya qarşı davranışda ən biabırçı olan şey, ordumuzun əsgərlərinin keçmiş yüksək vəzifəli şəxslər tərəfindən muzdlulara çevrilməsidir. Bu, artıq cinayət işi üzrə sübut edilib və mən bu faktı sübut edən sənədləri sizə təqdim edirəm. Oliqarxlar 23 fevraldan 7-8 mart tarixlərinədək öz var-dövlətlərini, əmlaklarını, özlərini və siyasi ambisiyalarını qorumaq üçün əsgərlərə, ordunun hərbi qulluqçularına pul paylayıblar", - deyə Xaçatryan bildirib. Şəkildən də göründüyü kimi hərbi qulluqçulara 50 min dram paylanıb. Xüsusi istintaq xidmətinin rəhbərinin məlumatına görə, ümumən 18 milyon dram paylanıb. Bu hesabı 50 minə bölərkən 360 erməni hərbi qulluqçunun oliqarxların mal və mülkünün qorunmasına cəlb edildiyi məlum olur.
Yeri gəlmişkən, artıq erməni politoloq və ekspertləri də Paşinyanın yalnız və yalnız qisasçılıq hisi ilə alışıb yandığını və dövlətin gələcəyinin necə olacağını düşünmək istəmədiyi qənaətinə gəliblər. "Nikol Paşinyanın son müsahibəsi göstərir ki, o, öz mövqeyində qalır və rəqiblərinə qarşı başladığı təzyiqləri azaltmaq niyyətində deyil”. Bunu "1in.am” saytına açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib. Onun sözlərinə görə, baş nazirinin təzyiq üçün əlində əsasları var. O, Paşinyanın Moskvada səsləndirdiyi əsas sözün "qarışmamaq” olduğunu və bunun birbaşa Kremlə üvanlandığını bildirib. Trofimçukun fikrincə, Ermənistanla Rusiya arasında problemlər mövcuddur və yeniləri də ortaya çıxacaq: "Məncə, son aylar iki ölkənin münasibətlərində meydana gələn bütün problemlər həll edilmədən qalır. Paşinyan buna qədər də eyni ruhda çıxış edirdi və Rusiyanı, heç bir halda özünün düşməni elan etmirdi. Digər tərəfdən anlamaq lazımdır ki, öncəki hökumətin nümayəndələrinə qarşı repressiyalar Paşinyanın yeganə daxili siyasi resursu olaraq qalır və o, bundan imtina edə bilməz. Belə ki, yaxın zamanlarda erməni vətəndaşları üçün iqtisadi situasiyanın yaxşılaşması mümkün deyil. Moskva Ermənistanın daxilindəki hadisələri indi daha diqqətlə izləyəcək. Məncə, bunu müdaxilə kimi anlamaq olmaz. Belə ki, Ermənistan Rusiya üçün yad ölkə deyil. Əgər Ermənistanda vəziyyət bundan sonra arzulanan kimi getməsə, bu, təkcə Rusiyaya yox, bütün Avrasiya İqtisadi İttifaqı və KTMT üzvlərinə təsir göstərəcək. Ermənistanla Rusiyanın münasibətləri sizin anladığınız kimi hansısa strateji tərəfdaşlıq yox, nə isə başqa bir şeydir”. Onun sözlərinə görə, Paşinyanın hakimiyyətdən getməsinə Moskva elə də yüksək həssaslıq göstərməyəcək: "Əgər Robert Koçaryan yenidən ali dövlət vəzifəsinə gəlmək istəsə, bu, ölkədəki vəziyyəti qeyri-stabil edəcək. Burada vəziyyət Rusiyada Qorbaçovun özünü prezident kimi xalqa təqdim etməsinə bənzəyəcək. Ona görə də Moskva nə qədər istəsə Köçəryanı dəstəkləyə bilər, amma məsələ onda deyil. Məsələ erməni vətəndaşların dəstəklənməsindən gedir ki, onlar da keçmişə qayıtmaq istəmirlər. Moskva Köçəryana qarşı bəslədiyi isti münasibəti heç vaxt Paşinyana qarşı bəsləməyəcək”. Paşinyanın Koçaryan və Sarkisyanı sərbəst buraxmayacağını göstərən başqa bir fakt.
"1in.am” portalındakı analitik yazıda vurğulanır ki, Robert Koçaryan və Serj Sarkisyan prezidentlikləri dövründə dövlətdən 20-30 milyard dollar mənimsəyiblər. Xəbərdə bildirilib ki, təkcə bir bankda Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyanın 30 milyon dolları aşkar edilib. Beləliklə, bütün bunlar Ermənistanda mövcud durumun necə böhranlı vəziyyətdə olduğunu əyani sübut edir. Belə bir vəziyyət isə sözsüz ki, çox çəkməyəcək və ölkəni uçuruma aparıb çıxaracaq.

Azər
banner

Oxşar Xəbərlər