Ermənistanda casus “ovu”
Erməni
cəmiyyətində xaos və ümumi etimadsızlıq güclənir
Biabırçı məğlubiyyətin fəsadları hələ uzun müddət
Ermənistanın başı üzərində Domokl qılıncı kimi asılı qalacaq. Erməni cəmiyyətində
hərbi və siyasi fiaskodan dərs çıxarmaq əvəzinə, qarşılıqlı ittihamlar səngimir.
Maraqlıdır ki, indi də keçirilən aksiyalarda əsas şüarlar hərbi və siyasi rəhbərlikdə
satqınların çoxluq təşkil etməsi ilə bağlıdır. Xəstə vəziyyətinə salınmış cəmiyyət
hələ də anlamaq istəmir ki, məğlubiyyətin səbəbi və kökünü bunda axtarmaq lazım
deyil – səbəb uzun illər aparılan işğal siyasətidir. Bir sözlə, erməni cəmiyyətində
iqtidarlı-müxalifətli casus "ovu” gündəmin baş mövzusudur. Kim ki, bir qədər
rasional düşüncə, fikir ortaya qoyur, dərhal Türkiyənin, Azərbaycanın casusu
olmaqda ittiham olunur. Erməni mediasına nəzər saldıqda bunu aydın müşahidə etmək
olur.
Baş nazir Nikol Paşinyan da müxaliflərinin etiraz aksiyalarının effektivsizliyindən cəsarətlənərək fəaliyyətini casus məsələsi üzərində qurub. Həftə içi parlamentdə keçirdiyi görüşdə o, bununla bağlı sensasion faktlar açıqlayıb. Bildirib ki, Qarabağ müharibəsindən sonra Ermənistanda xəyanət, sabotaj, əmrlərin yerinə yetirilməsindən imtina və digər problemlərlə əlaqədar 1300-dən çox cinayət işi açılıb. O, xəyanətlərlə bağlı səslənən fikirlərin bəzilərinin siyasi qiymətləndirmələri ehtiva edə biləcəyini, lakin bütün bunların araşdırılmasına ehtiyac duyduğunu bildirib, məhkəmə proseslərinin olacağını da istisna etməyib.
Nüfuzlu siyasi və hərbi xadimlərin hamısı satqındır?
Rusiyanın "Vestnik Kafkaza” nəşri də yazır ki,
Ermənistanı nüfuzlu siyasi və hərbi xadimlərə qarşı ittihamlar dalğası bürüyüb.
Öndə isə Vatikandakı keçmiş səfir, eks-prezident Serj Sarkisyanın kürəkəni
Mikael Minasyan gedir. O, parlamentin spikeri Ararat Mirzoyanı Türkiyənin
xeyrinə casusluq etməkdə ittiham edib. Onun sözlərinə görə, Mirzoyan Türkiyənin
və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin ikili agenti olub. Minasyan qeyd
edib ki, Nikol Paşinyan Ararat Mirzoyanın türk agenti olduğunu bilib. Minasyan Ermənistan Milli Təhlükəsizlik
Xidmətinin direktoru vəzifəsinin keçmiş müvəqqəti əvəzedicisi Mikayel
Hambarzumyanın Ermənistanın "5-ci kanal” televiziyasına verdiyi müsahibəsinə də
toxunub. Minasyan yazıb ki, Mikayel Hambarzumyanın şəxsiyyətinə qarşı
münasibətindən asılı olmayaraq, müsahibəni dərin, vacib və savadlı hesab edir.
"Bu, Movses Hakobyan və müharibə zamanı Nikol Paşinyanın fəaliyyətlərinə işıq
səpən Onik Qasparyandan sonra artıq üçüncü yüksək dərəcəli rəsmidir. Nikol
plana sahibdir. O, hakimiyyətə Türkiyə və Azərbaycanın maraqlarını irəli çəkmək
üçün gəlib. Bu plan bu gün həyata keçirilir”, - deyə keçmiş səfir qeyd edib.
Erməni vəkil Amram Makinyan öz "Facebook” səhifəsində yazıb ki, Ermənistan
Milli Təhlükəsizlik Xidmətinin edəcəyi bir şey var: cinayət işi açmaq, Ararat
Mirzoyanı deputat toxunulmazlığından məhrum etmək, həbs etmək və xain
fəaliyyəti ilə bağlı ifadə götürmək. Ermənistanın "Miabanutyun” klubunun
rəhbəri Smbat Karaxanyan bildirib ki, "böyük qovluqlar
aparılıb, aktlar tərtib olunub, bu aktlar Ermənistan Milli Təhlükəsizlik
Xidmətində var idi və məhv edilib”. Onun sözlərinə görə, bu, qapalı
məlumatdır, yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin daxilindədir.
Karaxanyan qeyd edib ki, bu qovluqlarda dövlətlə bağlı çox gizli məlumatlar
varsa, onda bunlar tam şəkildə məhv edilmə mövzusu deyil. Onun sözlərinə görə,
Ermənistan casus şəbəkəsi ilə dolub. "Rus xüsusi xidmət orqanları ayrıca
məlumatlara malik ola bilər. Lakin bu, əməkdaşlıq çərçivəsində deyil”, - deyə
Karaxanyan əlavə edib.
Maraqlıdır ki,
Ermənistan Milli Təhlükəsizlik Xidməti bununla bağlı bəyanat yayıb. Bəyanatda
qeyd olunub ki, Ararat Mirzoyan Ermənistan Milli Təhlükəsizlik
Xidmətinin
agenti deyil.
Bundan əvvəl
isə sosial şəbəkələrdə yüksək rütbəli hərbçilər – polkovnik David Manukyan və
general Artur Aqabekyanın casus olmaları barədə xəbərlər dolaşıb. Məhz onların
yarıtmaz fəaliyyəti nəticəsində Hadrutda uğursuzluqlar yaşandığı iddia edilib.
Paşinyana qarşı daha bir ittiham
"Politik.am” nəşri isə daha bir sensasiyalı ittiham ortaya atıb. Yazıb ki, Ermənistan hakimiyyəti müharibənin başlayacağı günü bilirdi. Nəşr yazır ki, hakimiyyət 27 sentyabrda müharibənin başlayacağını gizlətmək üçün hər şey edib. "Bu müharibə ilə bağlı ən böyük səhv düşüncə, hakimiyyətin onun başlamasını bilməməsi ilə bağlıdır. Reallıq ondan ibarətdir ki, artıq 23 sentyabrda Ermənistan baş qərargahının kəşfiyyatı müharibənin 27 sentyabrda başlayacağı barədə məlumat verib. Bu məlumatların fonunda Azərbaycan Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərimizi necə məhv etməsi aydın deyil. Kazarmadakı yüzlərlə əsgərin öldürülməsi necə baş verdi? Müharibədən xəbərdar olan hərbi-siyasi rəhbərlik Azərbaycan Ordusunun ilk zərbəsinin qarşısını əks-hücumla almaq mümkün olmasa belə, onun bu dərəcədə ölümcül olmaması üçün niyə addım atmadı? Artıq hakimiyyətin müharibə şəraiti ilə bağlı açıq və şəffaf istintaqdan niyə çəkindiyi aydındır. Bu vəziyyətdə Milli Təhlükəsizlik Xidmətinin o zamankı rəhbəri Arqişti Kyaramyan, keçmiş müdafiə naziri David Tonoyan, baş qərargah rəisi Onik Qasparyan və baş nazir Nikol Paşinyan bir çox xoşagəlməz suallara cavab verməli olacaqlar", - nəşrdə qeyd edilir.
Cəmiyyətdə xaos və ümumi etimadsızlıq güclənir
Beləliklə,
gurultulu və qalmaqallı ittihamlar Ermənistanda xaos və etimadsızlığı
gücləndirir. Bu gün tam əminliklə demək olar ki, erməni ordusunun məğlubedilməzliyi
mifi tamamilə dağılıb. Lakin sadə erməni vətəndaşı inanmaq istəmir ki, ordu 25
il ərzində mənəvi cəhətdən məhv olub, bədbin və yararsız bir duruma salınıb,
potensialı həddən artıq şişirdilib. Müharibə göstərdi ki, köhnəlmiş hərbi
texnikanın sayının artırılması və az sayda yeni müasir silahlar alınması yeni
taktiki döyüşlər aparmaq üçün kifayət etmir. Qarabağda biabırçı məğlubiyyət bir
faktı sübut etdi ki, son 20 ildə Yerevanda yalnız əzələ nümayişi, populist
hərbi ritorika əsas xətt olub. Ordunun darmadağın edilməsinin etiraf edilməsi
həm də erməniçiliyin məğlubedilməzliyi barədə mifin sonu deməkdir. Bununla da
nə vaxtsa revanş əldə etmək cəhdi də puç olmuş olur. Ermənistanın dərin mental
böhran keçirdiyi göz önündə olsa da, erməni cəmiyyətinin aktiv və nisbətən
canlı siyasi qanadı başqa bir xətt tutmağa çalışır. Onlar müharibədə
məğlubiyyətin səbəblərini heç də erməni ordusunda deyil, hakimiyyətdə görür.
İddia etməyə çalışırlar ki, müharibə zamanı baş nazir Nikol Paşinyan və digər
vəzifəlilər satqınlıq edib. Müxalifət müharibədən sonra məhz bu təsəvvürü
formalaşdırmağa cəhd göstərir. Ümid edirlər ki, bununla fəaliyyətlərindəki
sonrakı zorakılıqlara haqq qazandıra biləcəklər. Məntiq belədir – satqınlar var
və onların sayı çoxdur - ələ keçirilib cəzalandırılmalıdırlar. Guya bunu etmək
mümkün olarsa, ölkə və xalq əvvəlki mövqeyinə dönə biləcək. Casusluqda ittiham
etmək rəqabətli mübarizənin effektiv metodu hesab edilir və Ermənistanın bütün
siyasi qüvvələri də bu siyasi oyunda iştirak edir. Bununla da, bu il ərzində
növbədənkənar seçkilərin keçirilməsinə nail olmaq məqsədi güdülür. Hələ bəlli
deyil ki, bu, parlament seçkiləri və yaxud baş nazirin seçimləri olacaq. Özü
üçün siyasi mənfəət əldə etmək istəyən və yaxud özündən cinayət təqibini
uzaqlaşdırmağa çaışan hər kəs, istənilən halda bu və digər formada milli
satqınların axtarışında olmalıdır. Növbəti siyasi administrasiyanın da öz
fəaliyyətini repressiv tədbirlərdən başlayacağı ehtimalı yüksək olaraq qalır.
Bununla da hökumətin xalq qarşısında günahının ədalətlə yuyulması kimi
çağırışları təmin etmiş olacaq.
Ermənistan və Azərbaycan arasında qarşıdurmanın
davam etdirilməsi artıq Qarabağın hüdudlarından kənarda yeni geosiyasi şəraitdə
yeni imkan kimi də nəzərdən keçirilir. Burada erməni xalqının qonşuları ilə
daimi mübarizədə mövcudluğu mifi və türk təhlükəsi də rol oynayır. Daim davam
edən mübarizə imitasiyasının ideoloji əsasını ermənilərin "qəhrəmanı” Qaregin
Njdenin fəaliyyətində də görmək mümkündür. Bu, Ermənistandakı müharibədən
sonrakı atmosferə də uyğun gəlir. Məntiq belədir – mübarizə davam edir, lakin
əvvəlcə daxili satqınların müəyyənləşdirilməsi başa çatdırılmalı, buna aydınlıq
gətirilməlidir. Yalnız bundan sonra qarşıdurma meydanına qayıtmaq olar. Lakin
unudurlar ki, casus axtarışı ilə Ermənistan regionda öz qorxusunun əsirinə
çevrilmiş duruma düşür. Və ən təhlükəlisi, öz təhlükəsizliyinin təmin edilməsi
məsələsində xarici qüvvələrdən daha çox asılı vəziyyətə salınmış olur.
Azər NURİYEV