• şənbə, 20 Aprel, 00:12
  • Baku Bakı 15°C

Ermənistanda Avrasiya İqtisadi İttifaqına qarşı hücumlar artır

01.03.18 20:23 770
Ermənistanda Avrasiya İqtisadi İttifaqına qarşı hücumlar artır
Rusiyanın Belarusdan süd və süd məhsullarının daşınmasına qadağa tətbiq etməsi iki ölkə arasında növbəti gərginliyə səbəb olub. Belarus prezidenti Aleksandr Lukaşenko dünən bəyan edib ki, Minsk bu qərarı cavabsız qoymayacaq. Süd məhsullarının idxalının böyük bir hissəsinin məhz Belarusun payına düşməsinə baxmayaraq, Moskva qoyulan qadağanın təhlükəli nəticələrə gətirib çıxaracağını düşünmür. Rusiyanın "Rosselxoznadzor” qurumu qadağanı belə izah edib ki, artıq neçənci dəfədir ki, Avrasiya İqtisadi İttifaqının və Rusiya Federasiyasının baytarlıq-sanitar tələblərini pozması faktları üzə çıxarılır. Bu səbəbdən də qurum belə qadağa tətbiq etmək qərarına gəlib. Məlumata görə, tək ötən il 600-ə yaxın belə pozuntu aşkar edilib. Rusiyanın bu qərarını şərh edən Avrasiya İqtisadi Komissiyasının aqrosənaye və sənaye üzrə kollegiya (nazir) üzvü Sergey Sidorski Rusiya tərəfinin bu qərarını Avrasiya İqtisadi İttifaqının normalarının kobud şəkildə pozulması adlandırıb. Belarusun keçmiş baş naziri olmuş bu şəxs hesab edir ki, "Rosselxoznadzor”un belə qadağa tətbiq etməyə əsası yoxdur.
Qeyd edək ki, Rusiya Belarusdan süd məhsullarının idxalına qadağanı hələ 2017-ci ildən tətbiq etməyə başlayıb. O zaman söhbət müvəqqəti sanksiyalardan gedirdi. İndi isə konkret olaraq baytarlıq-sanitar normalarının pozulmasına görə bu addım atılır. Maraqlıdır ki, erməni siyasiləri və mediası dərhal sanki gözləyirmiş kimi, Aİİ-ni tənqid atəşinə tutublar. "Biz bilirik ki, zaman-zaman Rusiya belə məhdudiyyətlərə əl atır, Belarusa qarşı sanksiyalar tətbiq edir. Belarus tərəfi də cavab sanksiyalarının tətbiq olunacağı barədə bəyanatlar səsləndirir”, - deyə Ermənistanın "1.in.am” saytına müsahibəsində beynəlxalq münasibətlər üzrə mütəxəssis Ovanes İgityan bildirib. Onun sözlərinə görə, bütün bunlar göstərir ki, Avrasiya İqtisadi İttifaqı heç bir zaman iqtisadi struktur kimi formalaşmayacaq: "Bu, siyasi strukturdur. Ümumiyyətlə, bu cür ittifaqlar gömrük məntəqələri olmadan fəaliyyət göstərirlər. Məsələn, Avropa İttifaqı ilə bağlı hər şey aydındır - ölkələr arasında heç bir gömrük məntəqələri, gömrük baxışları mövcud deyil. Ümumi mövcud standartlar var və insanlar sakit şəkildə işləyib çalışırlar. Əmindirlər ki, hər şey standartlara uyğundursa, demək məsələ qaydasındadır. İndi isə götürək Avrasiya İqtisadi İttifaqını – bu qurum Rusiya tərəfindən siyasi məqsədlərlə yaranıb. Rusiya bir tərəfdən iddia edir ki, bu, iqtisadi qurumdur, digər tərəfdən də tək Belarus üçün deyil, Ermənistan və digər üzv dövlətlər üçün də müxtəlif siyasi maneələr yaradır”. O ki qaldı konkret Belarusa, İgityanın sözlərinə görə, "problem çoxdan bəridir ki, davam edir. Zaman-zaman daha da dərinləşir. Bu məslə yaxınlarda Qazaxıstanın paytaxtı Astanada da müzakirə mövzusu olub. Söhbət ondadır ki, Belarusun ət və süd məhsulları bir qədər ucuzdur. Rusiya Belarus qarşısında tələb qoyub ki, süd məhsullarının istehsalında onun resurslarından istifadə olunsun. Bu tələb bir qədər qəribə və anlaşılmaz səslənir. Belə ki, hər bir istehsalçı özü qərar çıxarır ki, nəyi və necə istifadə edəcək”. Erməni mütəxəssisin qənaətincə, "Rusiya daim belə bir tezislə çıxış edir ki, bəs məhz onlar yerli istehsalçıları müdafiə edir, onların qeydinə qalır. Lakin belə ittifaqlarda ilk növbədə istehlakçıların maraqları qorunmalıdır. İstehlakçı ən əlverişli mövqelərdə qalmalıdır və qiyməti və keyfiyyəti müəyyən etməli, seçməlidir”. O, əlavə edib ki, "belə halın mövcud olmaması bir daha sübut edir ki, birincisi, Avrasiya İqtisadi İttifaqı gələcəyi olmayan bir qurumdur. Və özünün bu metodları ilə davam edəcəksə, sanksiyalar tətbiq edəcəksə, nəinki yeni üzvləri cəlb edə biləcək, əksinə, mövcud olanları da itirəcək”.
İgityanın sözlərinə görə, hələ ki, hər bir ölkəni ittifaqda saxlayan müəyyən məqsəd və hədəflər var. Məsələn, Ermənistan bu ittifaqa ona görə üzv qəbul olub ki, təhlükəsizliklə bağlı problemləri mövcuddur. Qırğızıstan isə ittifaqa Rusiyaya olan iri məbləğdəki borcunu silmək üçün qoşulub. Belarus çoxdan bəridir ki, ümumi dövlət anlayışını tətbiq etmək istəyir. Qazaxıstan bir tərəfdən Rusiya ilə münasibətləri korlamaq istəmir, digər tərəfdən öz bazarını qorumağa çalışır. "Yəni, bunlar elə məsələlərdir ki, əgər qabarsa, yaxşı heç nəyə gətirib çıxarmayacaq. Belə olan halda ittifaq dağılacaq və öz fəaliyyətini sona çatdıracaq”, - deyə erməni ekspert vurğulayıb.
Yeri gəlmişkən, erməni mediası mütəmadi yazır ki, Ermənistanda Avrasiya İqtisadi İttifaqına inteqrasiya tərəfdarlarının sayı da əhəmiyyətli dərəcədə azalmağa doğru gedir. "Gallup International” beynəlxalq tədqiqat mərkəzinin keçirdiyi sorğu rəsmi Yerevanı narahat edəcək nəticə ortaya çıxarıb. Əgər 2013-cü ilin aprelində əhalinin 67 faizi Ermənistanın Avrasiya İqtisadi İttifaqına inteqrasiyasına tərəfdar idisə, ötən il bu göstərici 57 faizə qədər azalıb.
Beləliklə, bir vaxtlar quruma üzv qəbul olmaq üçün hər şeyə hazır olan forpost ölkə artıq ondan üz döndərir. Hakimiyyət elə bilirdi ki, quruma üzvlük ona böyük üstünlüklər, maliyyə axını və s. güzəştlər gətirəcək. Lakin belə olmadı və heç bir üzv dövlətin erməniləri yedirtmək fikrində olmadığı aydın oldu. Bir faktı da qeyd edək ki, erməni deputatlar bir müddət əvvəl hətta Aİİ-dən çıxmaq barədə qanun layihəsi ilə çıxış ediblər. Layihənin müəllifi "Çıxış” bloku olub. Onun rəhbəri Nikol Paşinyan layihəni təqdim edərkən bildirib ki, Avrasiya İqtisadi İttifaqına inteqrasiya Ermənistanın suverenliyinə mane olur. O, əlavə edib ki, hakimiyyət orqanları Aİİ çərçivəsində ölkənin iqtisadiyyatı və təhlükəsizliyini iflas həddinə çatdırıblar. "2016-cı ilin aprel hadisələri zamanı hakimiyyət orqanları bildirirdilər ki, Aİİ təhlükəsizlik məsələlərinə aid deyil, sırf iqtisadi birlikdir: "Onda biz soruşanda ki, nə üçün Aİİ ölkələrində bu cür iqtisadiyyat var, deyirdilər elə məsələlər var ki, geniş açıqlamaq olmur. Əgər elədirsə, onda gəlin, bu məsələni bağlı qapalı arxasında müzakirə edək”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər