• çərşənbə, 24 Aprel, 22:56
  • Baku Bakı 23°C

Ermənistanda “aprel” sindromu

03.06.16 10:42 1073
Ermənistanda “aprel” sindromu
Belə görünür "aprel” sindromu hələ uzun müddət erməni cəmiyyətini gərginlikdə saxlamaqda davam edəcək. Hərbi uğursuzluq, ardınca həyata keçirilən həbslər, istefalar erməni siyasi dairələrində geniş müzakirə olunmaqdadır. İş o yerə çatıb ki, artıq Serj Sarkisyanı bir vaxtlar hakimiyyətə gətirmiş eks-prezident Robert Koçaryan belə uğursuzluqları açıq şəkildə bəyan edib. "Azərbaycan Ordusunun silahlarının keyfiyyətcə üstün olması sirr deyil. Bunu bilmək başqadır, döyüş meydanında qarşılaşmaq isə başqa”, - deyə o bildirib. Erməni KİV-ə müsahibəsində Ermənistanın sabiq prezidenti "dördgünlük müharibə”ni şərh edərkən maraqlı fikirlər səsləndirib: "İroniya ondan ibarətdir ki, Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının üzvü olan, ərazisində Rusiyanın hərbi bazası yerləşən Ermənistan rəqibinə silahın keyfiyyəti cəhətdən uduzdu. Cəmiyyətin ağrılı reaksiyası burada aydındır. Hamı istəyirdi ki, Rusiya ilə hərbi ittifaq bu balansı qoruyub saxlamağa zəmanət versin. Digər tərəfdən isə Ermənistanın Qarabağdakı təhlükəsizliyini qoruyub saxlaya bilsin”. Ermənistanın sabiq prezidenti Rusiyanı da tənqid edib. O hesab edir ki, hərbi münaqişənin kəskinləşməsi Rusiya üçün sərfəli deyil, bu, onu vasitəçilər arasında çətin seçim qarşısında qoyur. "Ən yeni hərbi silahlarla hücuma keçməklə Bakı hərbi balansı pozdu. Bu, niyə baş verdi? Bu hadisələrin qarşısını almaq mümkün idimi? Bu suallar uzun müddət müzakirə predmeti olaraq qalacaq. Ermənistan müqavilənin yerinə yetirilməsini dayandırmalı idi. Bunun üçün kifayət qədər dəlillər var. Mənə bir şey aydındır: hakimiyyət var gücü ilə bunun qarşısını almağa çalışdı, amma bunu etmək mümkün olmadı. Buna görə də, qiymətləndirməkdən çəkinirəm”, - deyə Koçaryan əlavə edib. Onun sözlərinə görə, Ermənistan bir sıra hərbi sursatların alınmasına hazır deyildi. "Artıq iki ildir ki, düşmən ordusu bizə çox problemlər törədir. Çünki bütün silahlarla təchiz edilib. Ordunu gecə görmə cihazları, rabitə vasitələri, fərdi mühafizə vasitələri ilə təchiz etmək üçün bizə nə mane olurdu? Bu boşluqları aradan qaldırmaq lazımdır və bu istiqamətdə işlər aparılır”, - deyə o bildirib.
Beləliklə, eks-prezident sərt şəkildə hakimiyyətin illər uzunu xalqa aşıladığı siyasəti puç etmiş oldu. R.Koçaryanın söylədiyi acı həqiqət Ermənistanda əməlli-başlı qalmaqal yaradıb. İstisna deyil ki, bütün bunlardan sonra hakimiyyət cəmiyyətdə gərginliyi azaltmaq, eləcə də, "günah keçisi” qismində hərbçiləri seçməkdə davam edəcək.
Yeri gəlmişkən, erməni mətbuatında hazırda diqqət mərkəzində olan məsələ ordudakı korrupsiyadır. Erməni nəşrləri yazır ki, döyüşlərdən sonra həbs edilən yüksək rütbəli zabitlər korrupsiyaya öz təşəbbüsləri ilə deyil, rəislərinin əmri ilə qurşanıblar. Bu barədə "Biz ölkəmizin sahibiyik” vətəndaş təşəbbüsünün Ermənistan ordusunda baş verənlərə dair bəyanatında bildirilir.
Aprel döyüşləri zamanı Ermənistan ordusunun verdiyi itkilərə, təchizatda ortaya çıxan problemlərə görə Müdafiə Nazirliyinin dörd generalı işdən azad edilib, biri general olmaqla dörd zabiti həbs olunub.
Bəyanatda deyilir ki, hakimiyyət bu həbslərlə kifayətlənməyib müdafiə naziri Seyran Ohanyanı, silahlı qüvvələrin Baş qərargah rəisi Yuri Xaçaturovu və onun müavini Haykaz Baqramyanı istefaya göndərməlidir. "Bizim tələbimizin mahiyyəti budur ki, hakimiyyət sistemində kök salmış korrupsiyaya qarşı mübarizə imitasiya xarakteri daşımalı deyil”, - deyə bəyanatda vurğulanır. Təşkilat bildirir ki, Serj Sarkisyanın müfəttişləri əsas günahkarları kənarda qoyaraq ordudakı korrupsiyada ikinci dərəcəli rol oynayanları həbs edir. Hansı ki, onlar korrupsiyaya öz təşəbbüsləri ilə deyil, yuxarı vəzifəlilərin iradəsi ilə qoşulub. "Digər tərəfdən, bu mexanizm Serj Sarkisyanın əlində ona boyun əyməyən, təmiz zabitlərin arasında qorxu yaratmaq alətinə çevrilə bilər”, - deyə bəyanatda deyilir.
Ermənistanın "Joxovurd” qəzeti də Müdafiə Nazirliyində aparılan qalmaqallı həbslərin səbəbi ilə bağlı yazı ilə çıxış edib. "Bu ilin mayında ard-arda bir neçə yüksək vəzifəli hərbçi həbs olundu. Onlarında arasında Ermənistan SQ-nin sabiq idarə rəisi general-mayor Melsik Çilingəryan, ordu üzrə avtomobil xidmətinin sabiq rəisi Armen Marqaryan və Maddi-Texniki Təminat departamentinin kəşfiyyat-mühəndis vasitələri şöbəsinin rəisi polkovnik Mqer Papyan var. "Joxovurd” yazır ki, onlar tutduqları vəzifə vasitəsilə müxtəlif sxemlər əsasında dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunurlar. Versiyalardan birinə görə, ordu üçün sənəd üzərində ərzaq məhsulları satın alınması üçün pulları alsalar da, ərzaq tam həcmdə orduya çatdırılmayıb. İstintaq generallara təklif edib ki, mənimsəmə və korrupsiya ilə bağlı hər şeyi ətraflı yazsınlar, əks halda, onların hamısı həbsxanaya göndəriləcəklər.
Son məlumatlara görə, dünən Ermənistan ordusunun daha bir yüksək rütbəli zabiti həbs edilib. "Sputnik Armeniya” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan öz "facebook” səhifəsində yazıb. O bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisinin Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı həbs edilib. Ovannisyan həbs olunan hərbçinin adını qeyd etməyib. O yazıb ki, həbsin təfərrüatları barədə əlavə məlumat veriləcək.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər