• şənbə, 20 Aprel, 17:55
  • Baku Bakı 23°C

Ermənistanda antirus ritorika güclənir

17.07.18 20:52 424
Ermənistanda antirus ritorika güclənir
Avropaya sədəqə toplamaq məqsədilə etdiyi səfər uğursuzluqla nəticələnsə də, erməni baş nazir geri çəkilmək istəmir. Hər vəchlə ölkəsinin Avropa və Avropa dəyərlərinə böyük önəm verdiyini büruzə verməyə çalışır. Bu siyasətini həyata keçirməkdə isə özünə dəstəkçi qismində Avropa İttifaqının Ermənistandakı nümayəndəsi Pyotr Svitalskini seçib. Səfir də iddia etməyə çalışır ki, inqilabdan sonra ermənilər arasında antirusiya əhval-ruhiyyə artıb, əvəzində isə Qərbə rəğbət artıb.
"1in.am” erməni saytında dərc edilən məqalədə qeyd edilir ki, "Şərq tərəfdaşlığı”nın AST təşkilatı ilə birgə keçirdiyi sorğunun nəticələri bu qənaətə gəlməyə əsas verib. İddia edilir ki, sorğu Ermənistanda Avropa siyasəti ilə bağlı ictimai əhval-ruhiyyədə keyfiyyətli dəyişikliklərin baş verdiyini üzə çıxarıb. Keçirilən sorğunun nəticələrinə görə, ölkə əhalisi arasında avropayönümlü əhval-ruhiyyə yüksəlib. Belə ki, sorğu zamanı müəyyən olunub ki, əhalinin 48 faizi Avropa İttifaqına pozitiv yanaşır. Neqativ mövqedə olanlar isə cəmi 8 faiz təşkil edib. Ötən il keçirilən sorğu ilə müqayisədə Avropa İttifaqı ilə münasibətlərin yaxşı olduğu qənaətində olanlar da artıb və bu göstərici 80 faiz təşkil edib. İnsanların 70 faizi Avropa İttifaqına etimad etdiklərini bildirib. Bu göstərici də əvvəlki illərlə müqayisədə artıb. Əvəzində isə Avrasiya İqtisadi İttifaqına (Aİİ) olan etimad 48 faiz təşkil edib. Sorğunu tərtib edənlər xüsusi qeyd edirlər ki, "erməni ictimai fikrində inqilabi dəyişikliklər baş verib və cəmiyyət gələcəyini Avropa sivilizasiyasında, siyasi ailəsində görür.
Məqalədə bildirilir ki, 2013-cü ildə ölkə Rusiyanın himayəsi ilə qurulan Gömrük İttifaqı və ardınca da Avrasiya İqtisadi İttifaqına üzv qəbul edilib. Bu qoşulmaların Ermənistanın beynəlxalq aləmdə imicinə ciddi zərbə vurduğu vurğulanır. Faktiki olaraq son beş ildə ictimai rəy keyfiyyətcə dəyişib – Avropa İttifaqına etimad göstərənlərin göstəricisi Avrasiya İqtisadi İttifaqına olan inamı üstələyib. Müəllif buna səbəb kimi, Rusiyanın son beş ildə apardığı siyasəti göstərib: "Bu, bir tərəfdən Azərbaycana silah satışı ilə bağlıdırsa, digər tərəfdən axı niyə Avropa strukturları ilə effektiv iş aparmayaq? Hazırda ictimai rəy belədir ki, ölkə nominal mənada özünü Avrasiya İqtisadi İttifaqında görür, faktiki olaraq isə əhali ölkələrini Avropa ailəsi hesab edir”.
"1in.am” saytı yazır ki, əslində bu göstərici hakimiyyət qarşısında müəyyən imkanlar açır. Yəni, hər hansı bir antirusiya aksiya baş tutarsa, dərhal bu göstəriciyə istinad ediləcək. Saytda dərc edilən məqalədə o da qeyd edilir ki, bu göstərici Paşinyanın Brüsselə səfəri kontekstində də əhəmiyyətlidir. N.Paşinyan həmin səfərindən sonra etiraf edib ki, Ermənistanda baş verən dəyişikliklərə baxmayaraq, Aİ-nin Ermənistana münasibəti dəyişməyib.
Öz növbəsində "Rusiyanın” "Rosbalt” nəşri yazır ki, Yerevan NATO-nun köməyi ilə Moskvanı şantaj etməyə başlayıb. Müəllif yazır ki, sammitdə Ermənistan baş naziri antirus ritorikadan qaçsa da, Qərbin yaratmaq istədiyi təhlükəsizlik sisteminə maraq göstərib: "Baş nazir bu sammitdə iştirak etməklə yanaşı, çıxış da etdi. Prinsip etibarilə burada təəccüblü bir şey yoxdur. Belə ki, forumda Alyansa üzv olmayan, lakin blokun Əfqanıstandakı missiyasında iştirak edən dövlətlərin rəhbərləri də iştirak ediblər. Amma Paşinyana xüsusi maraq göstərilib. Qərb üçün o "yeni meyvədir”. Bundan əlavə, bildirirlər ki, indiki baş nazir qatı qərbyönümlü siyasət yürüdür. Düzdür, hələ ki təhlükəsizlik nöqteyi-nəzərindən Rusiyaya qarşı sərt addımlar atmır. Lakin bu müvəqqətidir. Moskvadan ayrılması qaçılmazdır. Bu səbəbdən də erməni baş nazirlə yaxından tanış olmaq gərəkdir”.
Müəllif onu da xüsusi qeyd edir ki, sammitdə postsovet dövlətlərinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün qorunması ilə bağlı qətnamə qəbul edilib: "Bu isə Ermənistan üçün heç də yaxşı siqnal demək deyil. Hazırkı anda bu "siqnal” o deməkdir ki, Rusiyanın Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatında və Aİİ üzrə müttəfiqi olan Ermənistan NATO ilə əməkdaşlıqdan başqa bir şeyə ümid etməsin”. Müəllif daha sonra rəsmi Yerevanın ikili siyasət yürütməsinə toxunur və bildirir ki, belə bir siyasət uzun müddət davam edə bilməz. "Yerevan Rusiya ilə Qərb arasında yerini tapmağa çalışır, hər iki güc mərkəzindən nəsə qoparmaq istəyir. Paşinyan Brüseldə KTMT və Aİİ əleyhinə hər hansı bir bəyanat səsləndirməsə də, Moskva onun özünü aparmasına çox da dözməyəcək. Yeni baş nazir Sarkisyan kimi siyasətdən baş çıxarmır. Ondan fərqli olaraq Qərblə əməkdaşlığı genişləndirmək, hətta NATO ilə əməkdaşlıq istiqamətində addım ata bilər”, - deyə məqalədə vurğulanır.
Müəllif daha sonra belə bir qənaətə gəlir ki, hazırda heç də hər şey Rusiyanın xeyrinə doğru dəyişmir. Yeni rəhbərliyin NATO və Avropa İttifaqı ilə sıx münasibətlər qurmaq istəyi erməni-rus münasibətlərini təhlükə altına almış olur. Onun qənaətincə, bu addım bütövlükdə regionda sabitliyə də təhlükədir. "Hələ ki heç kim Ermənistanın həm Rusiya ilə sıx siyasi, ticarət-iqtisadi və hərbi münasibətlər quracağı, eləcə də Qərblə inteqrasiyaya necə nail olacağı sualına cavab verə bilməyib. Düzdür, Paşinyan ölkəsinin Aİ ilə münasibətlərinin onun istədiyi kimi qurulacağına inamsız yanaşır. Bir sözlə, Paşinyan Qərbin ona və ölkəsinə münasibətindən təəssüf hissi keçirdiyini etiraf edib. Və çox güman ki, o öz siyasəti bu istiqamətdə quracaq və maksimum səy göstərəcək ki, münasibəti dəyişsin. Amma Ermənistan öz çoxvektorlu siyasəti ilə çox uzağa gedə bilməyəcək”, - deyə müəllif yazıb.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər