• şənbə, 20 Aprel, 00:53
  • Baku Bakı 15°C

“Ermənistanda ABŞ-Rusiya qarşıdurması açıq müstəviyə keçib”

26.04.18 20:22 786
“Ermənistanda ABŞ-Rusiya qarşıdurması açıq müstəviyə keçib”
Ermənistanda siyasi böhran davam edir. Dünənə qədər forpost ölkədə baş verən prosesləri kənardan müşahidə edən rəsmi Moskva artıq Ermənistan rəhbərliyi ilə əlaqə yaratmağa başlayıblar. Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Armen Sarkisyan arasında telefon danışığı olub. Danışıqlar zamanı Ermənistanda yaranmış mövcud vəziyyət müzakirə edilib. Bu telefon danışığının ardınca Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Moskvaya yola düşüb. Eyni zamanda, Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Armen Gevorkyanın da məsləhətləşmələr üçün Moskvaya getməsi barədə məlumatlar yayılıb.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Moskva Ermənistanda yaşanan olaylar zamanı S.Sarkisyanı qorumayıb və onun istefasını kənardan seyr edib. Politoloqun qənaətincə, Kremldən keçmiş baş naziri müdafiə edən heç bir açıqlama da verilməyib: "Ancaq Moskva indi düyməyə basıb. Görünür, Kremldə anlayıblar ki, Ermənistanda küçə hakimiyyəti formalaşır və bu, uzun müddət davam edə bilər, bu isə anarxiyaya aparır. Ona görə də Rusiya prezidenti Vladimir Putin erməni həmkarı Armen Sarkisyana zəng edib, xarici işlər naziri Edvard Nalbandyanı təcili Moskvaya çağırıblar. Kremlin bu addımının iki məqsədi var. Birincisi, Ermənistandakı vəziyyət və hakimiyyətin planları barədə informasiyaları ilk əldən almaq istəyirlər. İkincisi də Yerevana edilən telefon zəngləri ilə Qərb dövlətlərinə mesaj yollayırlar ki, Ermənistanın taleyini Kreml həll edir və başqa dövlətin bu ölkədə işi olmasın”.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu da qəzetimizə açıqlamasında bildirib ki, Ermənistan prezidenti A.Sarkisyan yalnız Rusiya prezidenti V.Putinə deyil, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi üzrə Təşkilatın (KTMT) üzvü olan Qazaxıstan və Belarus rəhbərlərinə də zəng vurub. Politoloqun fikrincə, Ermənistanda A.Sarkisyan vasitəsilə növbəti Rusiya layihəsi reallaşdırılır: "Artıq başa düşülür ki, Ermənistanın daxilində mitinqləri sakitləşdirəcək güc yoxdur. Ola bilsin ki, Ermənistan daxilindəki polis qüvvələrinə KTMT sülhməramlılarını da əlavə etsinlər. Ona görə də Armen Sarkisyanı başa salıblar və o, da Belarus və Qazaxıstan dövlət başçıları ilə telefon danışığı aparıb. Ermənistanda ABŞ-Rusiya qarşıdurması açıq müstəviyə keçib. İndiyə qədər bu mübarizə gizli formada gedirdi. Serj Sarkisyan iki stulda oturmağa can atır, ayrı-ayrılıqda Rusiya və Amerikaya onların adamı olduğunu inandırmağa çalışırdı. Lakin sonda məlum oldu ki, hərbi cinayətkar Sarkisyan nə Rusiyanı, nə də Amerikanı aldada bilməyib, yalnız özünü və erməni xalqını aldadıb. Bundan sonrakı proseslərə ABŞ-Rusiya qarşıdurması prizmasından baxmaq gərəkdir. Proseslərin gedişində maraqlı məqamlardan biri də budur ki, dünəndən etibarən Serj Sarkisyanın yenidən siyasətə qayıtmaq cəhdləri müşahidə olunmağa başlayıb. Halbuki, Rusiya bunun qəti əleyhinədir. Fikir verdinizsə, Sarkisyan hakim partiya funksionerlərini başına toplayıb iclas keçirən kimi dərhal Moskvadan sabiq baş nazir Karen Karapetyana göstəriş gəldi ki, hakim partiyanın sədrliyini üzərinə götürsün. Ermənistanın hakim Respublika Partiyası keçirdiyi təcili iclasda Karen Karapetyanın baş nazir postuna namizədliyini də irəli sürdü. Bununla da Serj Sarkisyanın yenidən siyasətə qayıtmaq cəhdinin qarşısı alındı. Mayın 1-də baş tutacaq parlament iclasında baş nazir seçilmək üçün 53 deputatın səsi kifayətdir. Hakim Respublika Partiyasının isə hazırkı parlamentdə 58 mandatı var”.

Politoloq bildirib ki, Ermənistandakı hadisələrin dinc yolla başa çatması qeyri-mümkündür: "ABŞ hesab edir ki, müxalifətçilər dinc yolla hakimiyyəti ələ almalıdır. Təbii ki, Rusiya bunu qəbul edəsi deyil. Ona görə də rəsmi Moskva aktivlik nümayiş etdirir. Edvard Nalbandyanın Moskvaya səfərinə gəlincə, hesab edirəm ki, o, rusiyalı həmkarı ilə KTMT sülhməramlılarının Ermənistana gətirilməsi məsələsini müzakirə edib. Bununla yanaşı, Nalbandyan Kreml rəhbərliyinin Serj Sarkisyana olan qəzəbini, kinini azaltmaq üçün də cəhdlər edəcək. Armen Gevorkyana gəlincə, o, Serj Sarkisyanın sağ əli idi. "Qarabağ klanı”nın ən inanılmış adamlarından hesab olunur. Serj Sarkisyan Ermənistana başçılıq edəndə Armen Gevorkyan prezident administrasiyasına rəhbərlik edirdi. Serj baş nazir olanda isə Armeni özünə müavin təyin etmişdi. Hiss olunurdu ki, əsas işlər Armen vasitəsilə idarə olunacaq. Bu adamın Moskvaya səfəri sırf Serj Sarkisyanı yenidən "diriltmək”, onun təzədən hakimiyyətə qayıdışını təmin etmək, bu barədə müzakirələr aparmaq niyyəti daşıyır”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər