• şənbə, 20 Aprel, 14:21
  • Baku Bakı 23°C

Ermənistana və onun yeni hakimiyyətinə xəbərdarlıq

09.06.18 09:00 1006
Ermənistana və onun yeni hakimiyyətinə xəbərdarlıq
Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində ölkəmizin 20 faiz ərazisi işğal olunub. 1991-1994-cü illərdə işğal olunan Dağlıq Qarabağ və ətrafdakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarından ümumilikdə 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlıBMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədənBMTBaş Assambleyası,AŞPA,ATƏT, İƏT, həmçinin digər təşkilat və qurumların qətnamələri mövcuddur. Amma təəssüflər olsun ki, işğalçı Ermənistan bütün bunlara əhəmiyyət vermir, beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur, beynəlxalq ictimaiyyətə sayğısızlıq nümayiş etdirir. Ona görə də Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunda Dağlıq Qarabağ münaqişəsinin həlli hər zaman bir nömrəli problem - əsas vəzifə kimi qarşıya qoyulur. Prezident İ.Əliyev bütün xarici səfərlərində, beynəlxalq əhəmiyyətli tədbirlərdə ən yüksək tribunadan Dağlıq Qarabağ problemi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırır. Bununla bərabər, ölkə daxilində keçirilən tədbirlərdə Prezident İ.Əliyev Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət çəkərək, münaqişənin həlli ilə bağlı mühüm mesajlarını geniş ictimaiyyətə çatdırır. Müqəddəs Ramazan ayı münasibətilə ötən gün təşkil olunan iftar mərasimində də ölkə rəhbəri İ.Əliyev problemin həllinə baxışını növbəti dəfə ortaya qoyub, işğalçı Ermənistanın təcavüzkar siyasətini tənqid edib, həmçinin Serj Sarkisyan rejiminin erməni xalqını uzun müddət öz girovuna çevirməsinə toxunub.

Millət vəkili Zahid Oruc bu barədə açıqlamasında bildirib ki, Prezident İ.Əliyevin sözügedən çıxışında səsləndirdiyi fikirlər Ermənistanın yeni baş naziri Nikol Paşinyanın rəhbərliyi altında yeni formalaşan hökumət üçün xüsusi bir siqnal anlamındadır. Onun sözlərinə görə, Prezident İ.Əliyev haqlı olaraq bəyan edir ki, Serj Sarkisyanın ünvanına meydanlarda səsləndirilən ittihamlar, xalqın dilə gətirdiyi etirazın səbəbləri Azərbaycan dövlətinin on illərlə dedikləri idi: "Prezidentin çıxışından doğan məntiq ondan ibarətdir ki, işğalçı ölkə demokratik ola bilməz. Paşinyan ölkə daxilində hər gün xalqa hesabat verən lider obrazını yaradıb, ancaq Şuşaya gələndə səhra komandiri rolunda çıxış edəcəksə, o, sarkisyanlaşacaq. Ədalətli məhkəmədən danışan adam Şahbaz və Dilqəmi azad edərək regional nüfuzunu gücləndirərdi, hamı deyərdi ki, bu ölkə real sülhə hazırdır. Lakin bu, baş vermir. Biz Ermənistanın yeni hökumətinin Qarabağ məsələsində əvvəlkilərdən fərqli davranışlarını və addımlarını gözləyirik”.

Deputat Z.Oruc bildirib ki, Ermənistan müstəqil dövlətə çevrilmək, regionda normal birgəyaşayışı tanımaq istəyirsə, işğal siyasətinin dayandırılmasında gerçək addımlar atmalıdır: "Daxildə nə qədər ədalət görüntüsü yaradırsa yaratsın, Ermənistanda yeni hakimiyyətin bölgədəki izolyasiyadan çıxmaq üçün yeganə yolu özündən əvvəlkilərin səhvlərini təkrarlamamaq, münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görmək və real danışıqlar prosesinə start verməkdir. Bunu etmədən dəmir yollarını, kommunikasiyaları, ticarəti hərəkətə gətirmək mümkün deyil”.

Siyasi şərhçi Elçin Mirzəbəyli də hesab edir ki, Prezident İ.Əliyev Ermənistanda uzun illər boyu qanunsuz yollarla hakimiyyətə sahiblənmiş və kütləvi etiraz aksiyaları nəticəsində istefaya məcbur edilmiş hərbi-cinayətkar xuntanın nəinki azərbaycanlıların, hətta ermənilərin də düşməni olduğunu bəyan edib, dünyanı bu rejimin cinayətkar mahiyyətinə və əməllərinə diqqətlə yanaşmağa çağırıb. Onun fikrincə, cinayətkar rejimin bəlli bir zaman kəsiyində himayə olunması terroru dövlət siyasətinə çevirən, qəddar uşaq qatillərindən ibarət cinayətkar qrupun hakimiyyətinin ömrünün uzanmasına səbəb olub: "Bunun ziyanı yalnız Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı aparılan danışıqlar prosesinə, regionda davamlı sülhün və əmin-amanlığın bərpa olunmasına deyil, həm də erməni xalqına və onun mənafeyinə dəyib. İşğal faktoru üzərindən yürüdülən militarist siyasət, neofaşizm təbliğatı, qonşu dövlətlərə qarşı ərazi iddialarının, qonşu xalqlara qarşı dözümsüzlüyün təşviqi və yarıtmaz idarəçilik Ermənistanı regionda həyata keçirilən bütün layihələrdən kənarda qoyub, əhalinin ölkədən qaçmasına, yaxud olduqca ağır, məşəqqətli sosial şərtlər altında yaşamasına zəmin yaradıb. Azərbaycanın öz ədalətli mövqeyinə, təbii resurslarına, insan potensialına söykənərək yürütdüyü sabit və uzaqgörən siyasət dövlətimizin başçısının da qeyd etdiyi kimi, Ermənistanı iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Bu dalandan yeganə çıxış yolu isə işğala son qoyulması, dinc birgəyaşayışdır”.

Siyasi şərhçi deyib ki, Azərbaycanın işğal edilmiş ərazilərində, Dağlıq Qarabağda formalaşdırılmış separatçı, cinayətkar rejimə qarşı həyata keçirilən etirazlar da buradakı real vəziyyət haqqında Prezident İ.Əliyevin bu günədək səsləndirdiyi fikirlərin təsdiqidir: "Azərbaycan Prezidenti ən yüksək kürsülərdən dəfələrlə bəyan edib ki, işğal altındakı torpaqlarımızda yaşayan etnik ermənilər İrəvandakı cinayətkar rejimin və onun Xankəndidəki oyuncaq əlaltılarının girovlarıdır. Bu ərazilər beynəlxalq və milli hüququn nəzarətindən kənarda terror qruplarının və digər qanunsuz hərbi birləşmələrin təlim mərkəzinə çevrilib. Əgər Ermənistanın yeni hakimiyyəti baş verənlərdən nəticə çıxaracaqsa, öz xalqının mənafeyi naminə konstruktiv mövqe nümayiş etdirəcəksə, şübhəsiz ki, o zaman dayanıqlı sülh mümkün olacaq. Prezident İlham Əliyevin xəbərdarlığı Ermənistana və onun yeni hakimiyyətinə verilən şansdır. Bu şansdan istifadə etməklə münaqişənin dinc və ədalətli həllinə nail olmaq mümkündür. Bu halda Ermənistan bir dövlət kimi mövcudluğunu qoruya, iqtisadiyyatını inkişaf etdirə, erməni xalqının rifahını təmin edə bilər. Əks təqdirdə, Azərbaycanın ardıcıl siyasəti, iqtisadi və hərbi gücü, daim artmaqda olan geosiyasi əhəmiyyəti torpaqlarımızın işğaldan azad edilməsi üçün əsas vasitəyə çevriləcək. Bu halda Ermənistanı indikindən daha acınacaqlı bir perspektiv gözləyir”.

Alpər TURAN

banner

Oxşar Xəbərlər