• şənbə, 20 Aprel, 16:40
  • Baku Bakı 23°C

“Ermənistana çöp də vermək olmaz”

08.06.13 11:46 1860
“Ermənistana çöp də vermək olmaz”
Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ANS TV-yə müsahibəsində Azərbaycanın Ermənistana indiki şəraitdə qaz sata biləcəyindən danışıb. Maraqlı cəhət ondan ibarətdir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı bir dönəmdə belə bir fikir səsləndirmək ya gizli mətləblərdən, ya da həqiqətən Azərbaycanın düşmən ölkəyə olan humanist mövqeyindən xəbər verir. Hər halda Rövnəq Abdullayevin Ermənistana qaz satışı ilə bağlı dediklərində işğalçı dövlətə Azərbaycanın mətnaltı xəbərdarlığı kimi dəyərləndirmək də olar.
Modern.az-a danışan Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyilən sözlərə bu kontekstdən yanaşmağı istisna etmir. Ancaq Rövnəq Abdullayevin böyük siyasi yanlışlığa yol verdiyini söyləyən QAT sədri bildirib ki, Ermənistana çöp də vermək olmaz. “Mən ANS-dəki müsahibəyə baxdım. İqtisadçı ekspert İlham Şaban da bu ideyanı dəstəklədi. Amma bir məqamı da nəzərinizə çatdırım. Ümumi əhval-ruhiyyədən belə hiss etdim ki, bu fikirlərlə Ermənistanın qabağına şərt qoyurlar. Təcavüzkar bir ölkəyə “ağlını başına yığsan, Azərbaycan da sənə qaz verə bilər” kimi bir xəbərdarlığın edildiyi qənaətinə də gəlmək olar.
A. Nağı vurğulayıb ki, istənilən halda Ermənistanın qarşısında yumşaq mövqe sərgiləmək yolverilməzdir. “Hətta mən deyərdim ki, əgər qaz müqabilində Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxarsa belə, bu mövqeyi də qəbul etmərəm. Çünki Ermənistan Azərbaycan xalqına qarşı böyük cinayətlər edib. Bu vəhşiliklərin əvəzini Ermənistan ödəməlidir. Döyüş meydanında Ermənistana qalib gəlib torpaqlarımızı azad edəndən sonra qaz məsələsinə baxmaq olar. Siyasi baxımdan Rövnəq Abdullayevin dedikləri Azərbaycanın maraqlarına cavab verməyən bir mövqedir”.
Politoloq Qabil Hüseynlinin fikrincə, Rövnəq Abdullayevin dediklərinin arxasında siyasi məqamlar olduğundan onun atdığı addımı başa düşmək olar. Siyasi ekspert hesab edir ki, Rusiya ilə rəsmi İrəvan arasında münasibətlərin gərginləşəcəyi təqdirdə Ermənistan bu ölkədən aldığı qazdan imtina edərsə, Azərbaycanın bu ölkəyə qaz satmağının heç bir ziyanı olmaz. Bu cür siyasi xətti əslində Ermənistanın Azərbaycandan asılılığı kimi dəyərləndirən politoloq sözünün davamı olaraq belə deyib:
“Azərbaycanın Ermənistanı iqtisadi, enerji cəhətdən asılı vəziyyətdə saxlaması həm də strateji əhəmiyyətə malikdir. Amma bunlar hamısı siyasi oyunlardır. Bunun praktiki təcəssümü o qədər də asan deyil”.
Q.Hüseynli şimal qonşumuzun Ermənistanla bağlı tutduğu mövqeyi belə şərh edib: “Rusiya hərif deyil ki, özünün az qala quberniyası olan dövləti əlindən versin. Bununla da Rusiya Ermənistanın onun asılılığından şərait yaratmaz. Rusiya Ermənistana deyəcək ki, “mən sənə bu qədər pulsuz silah verirəm” və bunu üst-üstə hesablayanda qazın qiymətindən 10 dəfə çox edir. Ermənistanda qazın qiymətinin qalxması əslində simvolik xarakter daşıyır. Ermənistan Rusiyadan da müəyyən güzəştlər qoparmaqla onların himayəsində yaşamağa davam edəcəklər. Lap bərkə düşəndə isə Ermənistan Rusiyanın tərkibinə daxil olmağa razılıq verəcək”.
Xatırladaq ki, bu gün Azərbaycan Gürcüstana qazın min kub metrini 230 dollara satır. Ermənistan isə Rusiyadan qazın min kubmetrini 315 dollara alırdı.
Ermənilər isə İrəvanda Rusiya səfirliyinin qarşısında qazın qiymətinin artırılmasına etiraz olaraq aksiya keçiriblər.
“Rusiya, rədd ol Ermənistandan!”, “Qazprom, rədd ol Ermənistandan!” şüarları səsləndirən aksiya iştirakçıları bildiriblər ki, qazın bahalanması digər kommunal xərclərin və ümumiyyətlə qiymətlərin artmasına səbəb ola bilər. May ayında “ArmRosqazprom” (Ermənistan-Rusiya Qaz Sənayesi) şirkəti istehlakçılar üçün təbii qazın qiymətini 64% artırmaq təklifi ilə Ermənistan İctimai Xidmətlərin Nizamlanması üzrə Komissiyaya müraciət edib. Şirkətin təklifi qəbul olunarsa, qazın qiyməti hal hazırda 1000 kub metr üçün 132 min dramdan (təxminən 318 dollar) 221 min dramadədək arta bilər.
banner

Oxşar Xəbərlər