• şənbə, 20 Aprel, 10:18
  • Baku Bakı 14°C

Ermənistan öz məkrli siyasətindən əl çəkməlidir

21.09.20 14:30 476
Ermənistan öz məkrli siyasətindən əl çəkməlidir
Azərbaycan dünya birliyi tərəfindən rəğbətlə qəbul olunan və xarici siyasətinin prioritet istiqamətlərini dəqiqliklə və incəliklə müəyyən edən nüfuzlu dövlətdir. İşğalçı Ermənistan isə bu siyasətə tamamilə əks siyasət yürütməklə dünya birliyi tərəfindən qeyri-ciddi dövlət kimi qəbul olunur. Belə olan təqdirdə Azərbaycan bu cür dövlətlə imitasiya naminə danışıqlarda iştirak etməyəcək. Ermənistanın hazırkı rəhbəri danışıqlar prosesini pozub. Onların cəfəng bəyanatları, təxribat xarakterli addımları, əsassız iddiaları danışıqlar prosesini tamamilə mənasız edir. Hətta Ermənistanın özündə də rasional düşüncəli insanlar etiraf edirlər ki, Ermənistanın mövcud rəhbərliyi bu ölkəni uçuruma aparır. Ermənistan baş nazirinin səsləndirdiyi absurd fikirlər danışıqlar prosesinə ciddi zərbə endirdi. Nikol Paşinyan "Qarabağ Ermənistandır” deməklə danışıqlar prosesini mənasız etdi.
Bu fikirləriAZƏRTAC-a politoloq Şəbnəm Həsənova bildirib.
Politoloq deyib: "O zaman sual olunur, Ermənistanın ardıcıl təxribatlarının əsas səbəbləri nələrdir? Heç şübhəsiz, ilk növbədə, danışıqları pozmaq, bunda Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaq. İkincisi, çevriliş nəticəsində hakimiyyətə gələndən bir ay sonra Azərbaycan Ordusunun uğurlu Günnüt əməliyyatından sarsılmış Paşinyan hakimiyyətinin iyulda hər hansı bir qələbə qazanmaq və revanş əldə etmək niyyəti. Nəhayət, yeni böyük müharibəyə hazırlaşan Ermənistan hakimiyyətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müttəfiqlərinin nəbzini ölçməsi və onların reaksiyasını yoxlaması”.
Ş.Həsənova bildirib ki, bütün bu amilləri açıq-aşkar görən Azərbaycan kimi nüfuzlu bir dövlət Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq niyyətində deyil. Azərbaycan heç bir zaman danışıqlar formatının dəyişməsinə razı olmayacaq və Azərbaycanın oyuncaq kriminal xunta rejimi ilə heç bir təmasları ola bilməz.
"Bu gün bütün beynəlxalq aləmə bəllidir ki, Ermənistan tərəfindən qanunsuz məskunlaşdırma aparılması beynəlxalq konvensiyalara zidd olmaqla kifayətlənmir, eyni zamanda, bu, bir cinayətdir. Ən önəmlisi isə küçədən hakimiyyətə gələn, heç bir siyasi savada və etikaya malik olmayan Ermənistanın baş nazirinin şərt dilində danışmağa heç bir haqqı yoxdur. Azərbaycan bu cəfəng şərtləri tamamilə rədd edir. Azərbaycanın bir şərti var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar. Başqa cür ola da bilməz. Əgər Ermənistan beynəlxalq hüququ yerə vurursa, o zaman Azərbaycan niyə beynəlxalq hüququ gözləməlidir? Qanunsuz məskunlaşdırma, bundan əlavə, Şuşada qondarma rejimin "rəhbəri”nin guya andiçmə mərasiminin keçirilməsi açıq təxribatdır. Ermənistan hakimiyyəti iyuldakı məğlubiyyəti qələbə kimi qələmə vermək istəyir. O zaman sual yaranır ki, əgər bu qələbədirsə, onda Ermənistan niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etdi? Ermənistanın iyul təxribatının səbəblərindən biri də məhz zondaj aparmaq idi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında onların müttəfiqlərinin reaksiyası nə olacaq? Çünki Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Ermənistanın təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Əgər Ermənistan öz çirkin planlarından, məkrli siyasətindən əl çəkməsə, onun üçün nəticələr çox ağır olacaq”, - deyə politoloq qeyd edib.
banner

Oxşar Xəbərlər