• cümə axşamı, 28 mart, 20:23
  • Baku Bakı 13°C

Ermənistan yenə dilənir

21.07.17 09:00 864
Ermənistan yenə dilənir
İqtisadi çətinliyin, miqrasiyanın pik həddə olduğu düşmən Ermənistanda vəziyyət günbəgün pisləşməkdə davam edir. Hərbi xuntanın prezidenti Serj Sarkisyan çıxış yolunu çox milyardlıq kreditlər almaqda görür və bu məqsədlə ənənəvi dilənmə kampaniyasına başlayıb. Lakin məsələ ondadır ki, ona kredit verən yoxdur. Heç bir beynəlxalq təşkilat və dövlət iqtisadi kollaps vəziyyətində olan ölkəyə yardım əlini uzatmaq istəmir. Ümid də qalır yenə onu özünün forpostu adlandıran Rusiyaya. Lakin məsələ ondadır ki, Rusiya da ona kredit vermək istəmir. Kreml Ermənistana yalnız hərbi kredit vermək niyyətindədir. Erməni xəbər agentliklərinin yaydığı xəbərə görə, Ermənistan Rusiyadan yeni hərbi kreditin alınmasına dair danışıqlara başlayıb. Bu barədə maliyyə naziri Vardan Aramyan məlumat verib. Nazir söhbətin hansı məbləğdən getdiyini deməyib. Bildirib ki, danışıqlara bu il başlanıb. Ötən ilin iyun ayında bəlli olub ki, Rusiya Ermənistana 200 milyon dollar həcmində dövlət krediti verib ki, bu pula Rusiya istehsalı olan silah alsın.
Belə bir vaxtda isə Ermənistanda antirusiya əhval-ruhiyyəsi qalmaqdadır. Ermənilər xüsusən də 2016-cı ilin aprel hadisələrindən sonra Rusiyaya qarşı mövqelərinin dəyişiblər. Bu günlərdə isə Ermənistan prezidenti Serj Sarkisyan yenə də həmin məsələyə qayıdaraq Rusiyanın Azərbaycana silah satmasını tənqid edib.
Bu arada ölkədə rus dili əleyhinə əhval-ruhiyyə də güclənməkdədir. Qalmaqal isə Rusiya Federasiyasının Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Ermənistan hökumətinə rus dilinə ölkədə rəsmi dil statusu vermək təklifi ilə qızışıb. "Biz xarici dilli məktəblərin açılmasına qarşıyıq” hərəkatının üzvü Armen Ovannisyan bildirib ki, bu təklif bundan öncə bu mövzuda edilən təkliflərdən fərqlənir: "Bundan öncəki təkliflər elə idi ki, Ermənistan rus dilinə rəsmi dil statusu verir və əvəzində mükafatlandırılır, kreditlər alır. Amma indi məsələ dövlət, qanunvericilik səviyyəsində qoyulub, yəni əks halda Ermənistanı təzyiq, sanksiyalar gözləyir”, - deyə A.Ovannisyan bildirib. A.Ovannisyan qeyd edir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına daxil yeganə ölkədir ki, burada rus dili rəsmi dil deyil. Bundan öncə Volodinin açıqlamasına cavab olaraq Ermənistan Milli Assambleyasının daimi komitəsinin sədri Armen Aşoyan bildirib ki, hazırda rus dilinin statusu ilə bağlı konstitusiyaya hər hansı dəyişiklik etmək gündəmdə deyil.
Onu da qeyd edək ki, bu il iyunun 1-dən Rusiyada ölkə daxilində xarici sürücülük vəsiqəsi ilə çalışmağı qadağan edən qanun qüvvəyə minib. İyulun 14-də isə Dövlət Duması qərar çıxarıb ki, ölkəsində rus dili dövlət dili olan ölkələrin vətəndaşlarına icazə verilsin ki, yerli sürücülük vəsiqəsi ilə Rusiya ərazisində professional sürücü kimi fəaliyyət göstərə bilsinlər. Rusiyanın TASS agentliyi yazır ki, bu günlərdə Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşdə Ermənistan parlamentinin spikeri Ara Babloyan sözügedən məsələni qaldırıb və Volodinin cavabı belə olub: "Ancaq onu deyə bilərəm ki, rus dilini rəsmi dil elan edin və qəbul olunmuş qərar (iyulun 14-də qəbul olunmuş qərar) avtomatik olaraq sizin üçün də keçərli olsun”.
Qeyd edək ki, bir müddət əvvəl daha bir qalmaqal qopmuşdu. Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə elçisi Elyanora Mitrofanova bəyan edib ki, rus dilinə keçmiş sovet ölkələrində ikinci dövlət dili statusu verilməsi Rusiya xarici siyasətinin gündəliyinə salınacaq. Onun bu bəyanatı Ermənistanda ciddi narazılıqla qarşılaşıb."Ermənistanın dövlət dili erməni dilidir və hər hansı bir dilə ikinci dövlət dili statusu verilməsinə ehtiyac yoxdur, istər rus, istər yunan, istərsə də ingilis dili olsun”. Bunu tert.am saytına müsahibəsində parlamentin sədr müavini Eduard Şarmazanov bildirib. Amma Şarmazanov qeyd edib ki, rus dili də daxil olmaqla Ermənistan cəmiyyətində xarici dilləri dərinləşdirmək lazımdır, gənc nəsil azı iki xarici dil - rus və ingilis dillərini bilməlidir. Ermənistan elm və təhsil naziri Levon Mkrtçyan da ölkədə rus dilinin statusunun dəyişilməsi barədə məsələyə münasibət bildirib. O, qəti şəkildə buna qarşı olduğunu bildirib. Onun sözlərinə görə, rus dili Ermənistanda digər dillərlə eyni statusa malikdir və heç bir dəyişikliyə uğraya bilməz.Ermənistan keçmiş SSRİ respublikaları içərisində son 30 ildə etnik rusların azalması səviyyəsinə görə lider ölkədir. Bu müddətdə Ermənistanda yaşayan rusların sayı 9 dəfə azalıb.
Qeyd edək ki, Ermənistan müstəqilliyini əldə edəndən sonra burada rus məktəblərinin sayı get-gedə azalmaqdadır. Bu gün rus məktəbləri ancaq Yerevan və Gümrüdə qalıb. Onlar da Rusiya hərbi hissələrinin ərazisindədir və rus hərbçilərinin uşaqları üçün nəzərdə tutulub. Hazırda Ermənistanın 40 məktəbində "rus sinfi” var və onların cəmi 3-də təhsil rus dilindədir.
Bir faktı da qeyd edək ki, Avrasiya İqtisadi İttifaqını yaradan Rusiya rus dilinə rəsmi dil statusu verilməsinə çalışır. Aİİ-yə Rusiya ilə yanaşı, Qazaxıstan və Belarus da daxildir. Belarusda rus dili dövlət dili statusuna malikdir, Qazaxıstanda yerli dil ilə yanaşı rus dili rəsmən dövlət təşkilatlarında və yerli idarəetmə orqanlarında istifadə olunur. Quruma üzv olmağa çalışan Ermənistanda isə rus dili belə statusa malik deyil. Erməni tərəfi bunu onunla əsaslandırır ki, respublika təkmillətlidir - son məlumatlara görə, ermənilər ölkə əhalisinin 97 faizini təşkil edir, etnik rusların sayı 0,4 faizdir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər