• cümə axşamı, 25 aprel, 08:13
  • Baku Bakı 14°C

Ermənistan XİN-dən gülüş doğuran açıqlama

26.09.18 17:03 724
Ermənistan XİN-dən gülüş doğuran açıqlama
Erməni baş nazir Nikol Paşinyan növbəti sərsəm və məsuliyyətsiz bəyanatını bu dəfə BMT Baş Assambleyasının tribunasından səsləndirib. Ənənəsinə sadiq qalan Nikol işğal altında olan Dağlıq Qarabağın Azərbaycanın tərkibində ola bilməyəcəyini dilə gətirib. Halbuki, bəyanatının səsləndiyi qurum Ermənistanın Azərbaycan torpaqlarının işğaldan azad etməsini tələb edən dörd qətnamə qəbul edib.
Sözsüz ki, bu bəyanat yalnız və yalnız daxili auditoriyaya hesablanıb və reytinq qaldırmağa hədəflənib. Hərbi xuntanın lideri dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlməsindən, əvvəlki hakimiyyət təmsilçilərinə qarşı yol verdiyi zorakılıqlardan, diktatura qurmasından danışmaqdansa, qonşu dövlətin torpağına qarşı iddia edir. Bu çıxış həm də onu deməyə əsas verir ki, rəsmi Yerevanın danışıqlar stolu arxasında oturmağa qətiyyəti yoxdur.
Qayıdaq Paşinyanın biabırçı Birləşmiş Ştatlar səfərinə. Məlumatlara görə, Brüssel səfərində olduğu kimi, bu səfərdə də onun işi-gücü ancaq hansısa bir dövlətin başçısı iclas zalından çölə çıxan kimi onunla selfi çəkdirmək, ayaqüstü görüşmək olub. Beləliklə də Paşinyanın Brüssel səfəri kimi bu səfəri də fiasko ilə nəticələnib. Onunla heç bir Birləşmiş Ştatlar rəsmisi görüşməyib. Paşinyanı Vaşinqtonda erməni icmasından savayı heç kim ciddi qarşılamayıb. Ən maraqlı və gülüş doğuran açıqlama isə Ermənistan XİN-dən gəlib. Nazirlik Paşinyanın ABŞ-a səfərinin uğursuzluğunu özünəməxsus formada malalamağa çalışıb. "Paşinyan və Donald Trampın görüşünə hazırlıq davam edir”, - deyə XİN-in mətbuat xidmətinin rəhbəri Tiqran Balayan bildirib. "Baş nazirin ABŞ-a səfəri zamanı bel bir məqsəd var idi – həm biz tərəfdən, həm də ABŞ tərəfindən. Lakin görüş hər iki tərəfin proqramının sıx olması üzündən baş tutmayıb. Hazırda bu istiqamətdə işlər aparılır. Tək ABŞ deyil, digər dövlətlərin liderləri ilə də görüşlər üçün əsas olacaq”, - deyə mətbuat katibi bildirib.
Onu da qeyd edək ki, baş nazir ənənəsinə sadiq qalaraq soydaşları ilə görüşdə onları Ermənistana investisiya yatırmağa çağırıb. Lakin çətin ki, onun bu arzusu reallaşsın. Məsələ ondadır ki, artıq Qərbdə ona qarşı münasibət tamamilə dəyişib. Vaşinqtonda ümid edirdilər ki, Paşinyan azacıq da olsa forpost damğasından qurtulmaq istiqamətində addımlar atacaq. Reallıqda isə bunun tam əksi baş verdi. Ermənistanın yeni rəhbərliyi Moskvada keçirdiyi görüşlərdə birqütblü xəttə sadiq qalacaqlarını birmənalı təsdiq etdi. Bu isə Qərbdə ona olan ümidləri tamamilə alt-üst etmiş oldu.
Yeri gəlmişkən, N.Paşinyan Baş Assambleyanın iclası çərçivəsində İran prezidenti Həsən Ruhani ilə də görüşməyə müvəffəq olub. Görüş zamanı ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı və Avrasiya İqtisadi İttifaqı ilə azad ticarət zonasının yaradılması məsələləri müzakirə olunub. Bu mənada, iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atılmasının vacibliyinə diqqət çəkən Paşinyan, İranla Ermənistan arasında illərdir kağız üzərində qalan və icrası üçün maliyyə tapılmayan, daha doğrusu, Tehranın reallaşmasına maraq göstərmədiyi layihələrin həyata keçirilməsi üçün səmərəli mühitin yaradılacağına ümid etdiyini bildirib. Başqa sözlə desək, iqtisadi, nəqliyyat-loqistika layihələrində əməli iş prosesinə start verilməsi üçün Paşinyan İran prezidentindən maliyyə ayırmasını xahiş edib. Lakin Ruhani söhbətdən yayınaraq Paşinyanı başından edib və bildirib ki, BMT kluarları iqtisadi əməkdaşlığın genişləndirilməsini detallı müzakirə etmək üçün heç də münasib yer deyil.
Yeri gəlmişkən, artıq erməni cəmiyyətində Paşinyan hakimiyyətinin Sarkisyan rejiminin davamı olduğu fikrində olanların sayı artır. "Milli Birlik” Partiyasının sədri Aram Arutyunyan bildirib ki, Ermənistanda korrupsiyanın miqrasiyanın artmasının və 1 mart qırğınlarının günahkarı Serj Sarkisyandır. "Bu gün hər kəs Serj Sarkisyana qarşı necə çıxdığını unudub. Əgər Serj Sarkisyan "nə qədər səs lazımdırsa, o qədər yığaram” deyirdisə, indiki baş nazir Paşinyan "gücünüz çatırsa, mənə səs verməyin” deyə təhdid edir. Ermənistanda faktiki olaraq siyasi plüralizm yoxdur, indiki hakimiyyət isə açıq şəkildə opponentlərinə qarşı təhdidlər səsləndirir. Qərb buna göz yumur, çünki inqilabı maliyyələşdirən Qərbdir. Hər şey Ermənistandan Rusiyanın 102-ci bazasının çıxarılması üçün təşkil edilib. Hökumət gizli oyun aparır və tamam fərqli hədəflərə doğru irəliləyir”, – deyə o bildirib.
Azər


banner

Oxşar Xəbərlər