• cümə, 19 Aprel, 13:12
  • Baku Bakı 25°C

Ermənistan vətəndaşları hakimiyyətin heç bir qanadına inanmır

10.01.18 10:00 562
Ermənistan vətəndaşları hakimiyyətin heç bir qanadına inanmır
Ermənistanda ötən ilin sonlarında keçirilən sorğuların nəticələri hakimiyyəti şoka sala biləcək bir nəticə üzə çıxarıb. Bəlli olub ki, əhalinin böyük əksəriyyəti hakimiyyət institutlarından heç birinə etibar etmir - nə prezident, nə hökumət, nə də parlamentə. Hakimiyyətin müxtəlif qanadlarının, eləcə də, digər dövlət və ictimai təşkilatlarının reytinq cədvəli ilə bağlı sualları cavablandıran ekspert Arman Gevorkyan bildirib ki, ölkədə çoxdandır ki, sosioloji sorğuların nəticələri ciddi qəbul olunmur. Lakin məsələ ondadır ki, bu dəfəki sorğuları Qərb qurumları, konkret olaraq Qafqaz Tədqiqat Resursları Mərkəzi və ABŞ-ın Caucasus Research Resource Centers təşkilatı keçirib. Hər ikisinin də ortaya qoyduğu rəqəmlərdə Serj Sarkisyanın ən aşağı reytinqə malik olduğu bəlli olub. Qafqaz Tədqiqat Resursları Mərkəzinin sorğusunda prezidentə dəstək göstəricisi 9 faizdir.
"Bəs bu, nə ilə bağlıdır” sualına cavab verən ekspertin qənaətincə, Ermənistan prezidenti heç bir vaxt yüksək reytinqə malik olmayıb. "Son 10 ildə keçirilən sorğularda onun hansısa bir reytinqə malik olması barədə nəticələr əsassız və yalan üzərində qurulub. Təbii ki, bu zaman belə bir sual ortaya çıxır - axı o necə prezident seçilib? 2008-ci ilin prezident seçkilərinin hesabatı ATƏT tərəfindən şübhə altına alınıb. 2013-cü ildə, 2008-ci ildə olduğu kimi, Sarkisyanın əsas rəqibi Raffi Ovanisyan seçkilərin nəticələrini tanımadı”, - deyə ekspert bildirib. Maraqlıdır ki, ən aşağı reytinqi olanlar sırasında parlament də var cəmi -12 faiz. Ekspertin sözlərinə görə, aşağı reytinq təbiidir. Çünki, parlamentin özünün legitimliyi şübhə doğurur. Qanunverici orqanın cəmiyyətin gözündə tam legitim olması üçün burada müxalifət təmsil olunmalıdır: "Bu gün biz real müxalifətdən danışa bilmərik, yalnız hakim koalisiyaya daxil olmayan bloklar var. Müxalifət də alternativ siyasi proqramlar təqdim etməli və onun qəbulu üçün çalışmalıdır. Bunu isə hakim koalisiyaya daxil olmayan bloklar etmirlər. Əlbəttə, Avrasiya İqtisadi İttifaqı və KTMT-dən çıxmaq barədə qışqırmaq olar, lakin cəmiyyət tərəfindən bu çağırışlar ciddi qarşılanmayacaq”. O, əlavə edir ki, "Çıxış” bloku seçkiqabağı aksiyalarında Aİİ və KTMT-dən çıxmaq barədə çağırışlar səsləndirmədi. Onun sözlərinə görə, buna yalnız seçiciləri aldatmaq cəhdi adını vermək olar.
Vətəndaşların KİV və qeyri-hökumət təşkilatlarına münasibəti də maraq doğurur. KİV-lərə inam cəmi 23 faizdir, QHT-lər isə bir qədər də az - 21 faiz. Ekspert bu yanaşmada da təəccüb doğuracaq bir hal görmür. "Vətəndaşlar çoxdan müşahidə ediblər ki, QHT-lər sadəcə qrant yeməklə məşğuldurlar. Yalnız qrant verilən vaxt və pul veriləndə öz şəxsi mənfəətlərindən çıxış edərək addımlar atır və bəyanatlar verirlər. Cəmiyyətə hər hansı bir mənfəət gətirmirlər. Elə təəssürat yaradırlar ki, guya vətəndaş cəmiyyətini təmsil edirlər”, - deyə ekspert vurğulayıb. O ki qaldı kütləvi informasiya vasitələrinə, ekspertin qənaətincə, əsas problem odur ki, Ermənistanda maliyyə cəhətdən müstəqil KİV-lər mövcud deyil. Medianın 90-95 faizi hakimiyyətin nəzarəti altındadır, yada ki, hakimiyyətlə bağlı olmayan müəyyən qrup və şəxslərdən dotasiya alır. Lakin bu da müstəqillik demək deyil. "Caucasus Research Resource Centers”in keçirdiyi sosioloji sorğunun nəticələrində də prezidentin reytinqi aşağıdır. Burada ən yüksək reytinq Erməni Apostol Kilsəsinindir.
Beləliklə, sorğunun nəticələri erməni cəmiyyətində hakimiyyətə olan mövqeni nümayiş etdirmiş olur. Bütün bunlar onu deməyə əsas verir ki, hakimiyyətin bütün qanadları ciddi böhran keçirir.
Azər
banner

Oxşar Xəbərlər