Ermənistan ümummilli aksiyaya hazırlaşır

Ermənistan ümummilli aksiyaya hazırlaşır

Təfsilat
18 Sentyabr 2013, 12:07 890
Ölkəsini Gömrük İttifaqına üzv qəbul etdirməklə ciddi narazılıqlara yol açan Ermənistan prezidenti Serj Sarkisyana qarşı təpgi və təzyiqlər səngimir. Demək olar ki, hər gün paytaxt Yerevanda müxtəlif təşəbbüs qrupları aksiyalar keçirir, ölkənin onsuz da kağız üzərində olan müstəqilliyinin tam şəkildə itirildiyi təhlükəsindən bəhs edirlər. Bu aksiyalarda hakimiyyətə qarşı kəskin ittihamlar səsləndirilir.

“Biz Rusiya ilə Gömrük İttifaqına qarşı” təşəbbüs qrupunun üzvləri “Ermənistanın suverenliyini yad edək” şüarı ilə Ermənistanın Avropa Birliyi nümayəndəliyi qarşısında aksiya keçiriblər. “Gömrük İttifaqına Ermənistanın üzvlük perspektivinə vətəndaşların etirazı başa düşüləndir” deyə “İrs” partiyasının lideri Raffi Hovannisyan bildirib. Onun qənaətincə, etirazların iştirakçılarının sayının artacağı gözləniləndir. Sentyabrın 20-də isə “Azadlıq” meydanında ümummilli etiraz aksiyasının keçiriləcəyini bildirib. İstisna deyil ki, bu aksiyaya erməni müxalifətini təmsil edən Erməni Milli Konqresi də qoşulsun. Konqres Gömrük İttifaqına münasibətini yaxın günlərdə bildirəcəyini artıq bəyan edib. Hərəkatın lideri Levon Ter-Petrosyan hesab edir ki, Gömrük İttifaqına üzv qəbul olmaqla hakimiyyət öz ömrünü uzatmağa çalışır. Öz növbəsində erməni nəşrləri, xüsusən də prezidentə qarşı sərt məqalələri ilə seçilən “Lragir” hesab edir ki, Ermənistan prezidentinin Moskvaya səfəri əbədi itaətdən xəbər verir.

“Serj Sarkisyan Ermənistanı təmsil edə bilməz. Ermənistanın öz maraqları var. O nə qədər tez öz vəzifəsindən getsə, bir o qədər yaxşıdır. Bu insan sentyabrın 3-də hakimiyyəti zorla ələ keçirmiş şəxsin ata biləcəyi addımı atdı. Mən hesab edirəm ki, bu addım Ermənistanın müstəqilliyi üçün çox ciddi təhlükədir. Nə qədər tez ictimaiyyət bunu başa düşsə və onun istefasını tələb etsə, bir o qədər yaxşı olar” - deyə “Asparez” kubunun rəhbəri Levon Barseqyan bildirib. Onun sözlərinə görə, proseslər belə davam edərsə, hakimiyyət çox çətin duruma düşmüş olacaq.

“Ermənistan obyektiv nöqteyi-nəzərdən nə Avrasiya, nə də Avropa iqtisadi zonasının bir hissəsi ola bilməz”. Bu fikirdə olan politoloq Ervand Bozoyanın sözlərinə görə, Ermənistan bu quruma üzv olmaq üçün çox ciddi təzyiq qarşısında qalıb. Politoloq daha sonra ölkəsi ilə Rusiyanın birliyini iki məşuqu olan qıza bənzədib: “Sonda isə Ermənistanı hazır olmadığı nikaha girməyə məcbur etdilər. Bu siyasi bir qərar idi və Ermənistanı yalnız bir nəfərlə oynamağa məcbur etdilər”.
Erməni ekspertlərin qənaətincə, Gömrük İttifaqına üzvlük Ermənistanda bir sıra ərzaq mallarının qiymətinin artmasına səbəb olacaq. İqtisadçı Samvel Avakyan bildirib ki, bu üzvlük ərzaq mallarında 15 faiz artıma səbəb olacaq. Bu da sonda inflyasiyanın artımına gətirib çıxaracaq. “Avropa Birliyinin Genişlənmə komissarı Stefan Fuele açıq şəkildə bildirdi ki, Ermənistan Gömrük İttifaqına daxil ola-ola, Avropa Birliyi ilə assosiasiya sazişi və azad ticarət sazişləri imzalaya bilməz. Bu bizim üçün həm siyasi, həm də iqtisadi fəlakətdir” - deyə erməni iqtisadçısı vurğulayıb. Erməni ekspertləri hesab edir ki, Ermənistan hakimiyyəti Gömrük İttifaqına qoşulmaqla əsas problemi olan mühasirə vəziyyətindən qurtula bilər. “Məhz Rusiyadan təcridi və Avropaya yerüstü nəqliyyat yollarının olmaması bu ölkəni inkişafdan qoyub. Ətraf aləmdən təcrid olunmuş vəziyyət Ermənistanı acınacaqlı vəziyyətə alıb. Bütün sənaye sahələri ölü vəziyyətinə düşüb. Əgər Yerevan Moskvaya Tbilisini dəmir yolu xəttini açmağa inandıra bilsə, bu, erməni hökuməti üçün ən böyük hədiyyə olacaq” - deyə erməni eksperti Ara Papzyan bildirib. “Ermənistan prezidenti Serj Sarkisyan Gömrük İttifaqına qoşulmaq niyyətini bəyan etdiyi vaxt Ermənistan parlamenti Avropa Birliyi ilə azad ticarət haqqında razılaşmaların imzalanması ilə bağlı danışıqların aparılmasına dair planlaşdırılan dinləmələri ləğv etdi. Ermənistanın bu qərarı bütün Cənubi Qafqazda gedən hazırkı siyasi təkamülə təsir göstərəcək və yaxın gələcəkdə Gürcüstanın Rusiyanın iqtisadi və siyasi təsir dairəsinə daxil olmasına gətirib çıxara bilər” - deyə o, fikrini tamamlayıb.

Ümumiyyətlə isə hesab edilir ki, Ermənistan iqtidarının Gömrük İttifaqına qoşulmaq barədə qəbul etdiyi qərar Rusiyanın Qərblə savaşda əldə etdiyi ən böyük qələbədir. Vilnüsdə “Şərq tərəfdaşlığı” sammitində assosiativ üzvlük barədə sazişə imza atmağa hazırlaşan Ermənistan qəfildən bəyan edir ki, Avrasiya Birliyinə inteqrasiya yolu seçir. Bu adımı atmağa onu nə məcbur etdi? Bu sual hələ də ekspertləri düşündürür. Əksəriyyət hesab edir ki, Rusiyanın Azərbaycanla yaxınlaşması sonda Sarkisyan hakimiyyətini bu addımı atmağa məcbur etdi. Bu addım istənilən halda onun avtomatik olaraq Avropaya inteqrasiya kursundan imtinası deməkdir. Başqa sözlə, Ermənistan Rusiyanın ona qarşı başladığı təzyiqə davam gətirə bilmədi. Və iqtidar hesab etdi ki, xarici siyasət kursunun dəyişdirilməsi daha təhlükəsizdir. Mövcud hakimiyyət, sadəcə, 1998-ci ildə baş verənlərin təkrarlanmasından çəkindi. O zaman prezident Levon Ter-Petrosyanın Moskvanın razılığı olmadan Dağlıq Qarabağla bağlı güzəştlərə getmək istəyi sonda onun hakimiyyətdən devrilməsinə gətirib çıxardı. Beləliklə, bu dəfə də Moskva göstərdi ki, həlledici anlarda özünün nüfuz dairəsi olan ərazilərə müdaxilə etmək imkanına malikdir.
Hazırkı anda Ermənistanla bağlı yaranmış vəziyyəti adi bir hal kimi deyil, daha geniş kontekstdə nəzərdən keçirmək gərəkdir. Bu kontekstdə Rusiya-Gürcüstan münasibətləri də analiz edilməli, eləcə də Moskvanın Moldova və Ukraynaya qarşı təzyiqləri də nəzərdən keçirilməlidir. Rusiyanın son vaxtlar xarici siyasət planında atdığı addımlar aydın görünür. Belə ki, Suriya məsələsində qeyri-müəyyənliyini qoruyub saxlayan Rusiya nəticədə ABŞ və Avropa Birliyini “şah” vəziyyətində saxlamağa müvəffəq olub. Dünya birliyi Rusiyanın onu saldığı bu vəziyyətdən çıxış yolunu aradığı vaxt isə Rusiya postsovet məkanında öz işlərini görməklə məşğuldur. Beləliklə də bu gün zaman hələ ki Rusiyanın xeyrinə işləyir desək, yəqin ki, yanılmarıq.

Azər NURİYEV