• cümə, 19 Aprel, 10:48
  • Baku Bakı 13°C

Ermənistan Türkiyənin təkliflərini qəbul etmədi

14.12.13 08:22 1528
Ermənistan Türkiyənin təkliflərini qəbul etmədi
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun qalmaqallı Ermənistan səfəri başa çatıb. Yerevan görüşü barədə açıqlama verən nazir erməni həmkarı ilə yarım saatlıq görüş keçirdiyini deyib. Görüşdən sonra Nalbandyan jurnalistlərin suallarına cavab verməkdən imtina etsə də, günün sonunda Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin görüş haqqında rəsmi məlumatı bir cümlə ilə ifadə olunub: “Türkiyə xarici işlər naziri ilə görüş zamanı Edvard Nalbandyan Ermənistanın Türkiyə ilə münasibətlərinin qeyd-şərtsiz tənzimlənməsinə dair prinsipial mövqeyini bir daha təsdiqləyib. Ermənistan-Türkiyə münasibətləri ilkin şərtsiz nizamlanmalıdır”. Nazirlər Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının gələcək fəaliyyəti və proqramları məsələlərinə toxunublar” – deyə məlumatda deyilir. Əhməd Davudoğlu isə yalnız türk jurnalistləri ilə təmasda olacağını söyləyib. O, erməni həmkarı Edvard Nalbandyanla baş tutmuş görüşündən sonra türk jurnalistlərinə bildirib ki, görüş səmimi və mehriban şəraitdə keçib. Əhməd Davudoğlu sonuncu dəfə İrəvanda 4 il əvvəl olduğunu bildirərək Ermənistana səfərinin əhəmiyyətini qeyd edib. Məlumata görə, Türkiyə XİN rəhbəri bu cür görüşlərin mütəmadi keçirilməsinin faydalı olduğunu bildirib. Əhməd Davudoğlu gələcəkdə görüşlərin keçirilməsinə dair hər hansı razılığın əldə olunması ilə bağlı heç bir açıqlama verməyib. “Bir çox mövzuda fikir ayrılıqlarımız var. Buna baxmayaraq, mütəmadi olaraq görüşlərin keçirilməsi önəmlidir” - deyə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Ermənistan XİN başçısı E.Nalbəndyanla görüşündən sonra jurnalistlərə açıqlamasında deyib. Türk və erməni xalqlarının əsrlərdir bir yerdə yaşadığını deyən Davudoğlu bildirib ki, “biz digər qonşularımızla olduğu kimi, Ermənistanla da əlaqələrimizin yüksək səviyyədə olmasını istəyirik”. Ermənistanın işğal etdiyi iki rayondan çəkilməsi durumunda Türkiyənin sərhədləri açacağı ilə bağlı iddialara cavab verən Davudoğlu bildirib ki, nə özü tərəfimdən, nə də Türkiyə hökuməti adından belə bir təklif irəli sürülməyib: “Belə bir müzakirə etməmişik. Bizim hədəfimiz dialoq və görüş mühitinin möhkəm bir psixoloji zəmində yaradılmasıdır”. Türkiyə, Gürcüstan və Azərbaycan arasında çox geniş əməkdaşlıq imkanlarını inkişaf etdirdiklərini deyən Davudoğlu qeyd edib ki, Ermənistanın da bu iqtisadi layihələrin bağçası olmasını istəyirik: “Türkiyənin 2008-ci ildə təklif etdiyi “Qafqazda sabitlik” təklifimiz hələ də gündəmdədir”.
Ermənistanın regionda olan enerji layihələrindən kənarda qaldığını deyən Davudoğlu İrəvanın da bu layihələrdə iştirak etməsinin tərəfdarı olduqlarını söyləyib: “Ermənistanın böhrandan çıxması və bu layihələrdə iştirak etməsi bizim arzumuzdur”. Türkiyəli diplomat hədəflərinin regionda sülh və dialoq mühitini yaratmaq olduğunu söyləyib: “Ölkələrin mövqeləri ortadadır. Amma bu cür donmuş münaqişələrə bir az da yeni fikirlər əlavə etmək lazımdır”.
Bu arada isə Ə.Davudoğlunun İrəvana uçarkən təyyarədə “Hürriyet” qəzetinin müxbiri ilə söhbətinin mətni yayılıb. Qeyd edilib ki, naziri səfərdə üç erməni ilə yanaşı Türkiyə XİN-in müşaviri, 2009-cu ildə Ermənistanla imzalanan Sürix protokollarına dair danışıqları aparan əsas şəxs olan Firudun Sinirlioğlu da müşayiət edib. Ə.Davudoğlu Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini dalandan çıxarmaq üçün “yaradıcı ideyalar” üzərində işlədiklərini gizlətməyib. Lakin detalları açıqlamaqdan çəkinib.
“Hədəfimiz sadəcə Türkiyə ilə Ermənistan sərhədlərinin açılması deyil. Qafqazda sülhün yolunu açacaq şərtlərin təşəkkül tapmasına çalışırıq. Bu işin üç ayağı var. Birincisi, Türkiyə-Ermənistan münasibətləri. Biz Bəşər Əsədlə dost idik. Ancaq bu gün Ermənistana getdiyim kimi Dəməşqə gedə bilmərəm. Salamlaşmağımız belə çətindir. İkincisi, Ermənistan-Azərbaycan münasibətləri. Bölgədəki gərginliyin azaldılması, münaqişənin həll edilməsi lazımdır. Üçüncü ayaq isə türk-erməni münasibətləridir. Yəni Los-Ancelesdə, Parisdə, Moskvada, harada olursa-olsun türklərlə ermənilər arasında məsələni ortaq zəminə oturtmaq lazımdır” - deyə nazir bildirib.
Ə.Davudoğlunun sözlərinə görə, bu üç ayaqdan biri zədələnsə, problem yaranacaq: “Tutaq ki, biz sərhədi açdıq. Sabah Ermənistan-Azərbaycan sərhədində müharibə başlasa, o zaman yenidən bağlamaq məcburiyyətində qalacağıq. Ən çətin olanı dondurulmuş status-kvonun buzunu əritməkdir. Həll edərkən yeni savaş da başlatmış ola bilərik. Buzu bir anda əridək deyə işə başlasaq, buz elə sınar ki, siz də altında qalarsınız”.
İddia edilib ki, Türkiyə XİN rəhbəri Osmanlı dönəmində ermənilərin kütləvi sürgün edilməsinə dair qəbul edilmiş qərarı “qeyri-insani” adlandırıb və deyib ki, bu qərarı dəstəkləmirlər. Ə,Davudoglu deyib ki, 1915-ci ildə ermənilərin Türkiyədən Suriyaya deportasiyası qeyri-insani olub. Onun sözlərinə görə, ermənilərin kütləvi şəkildə vətənə xəyanət edən və bu üzdən sürgün edilən toplum kimi anılması anlayışlarını da dəyişdirmək lazımdır.
Maraqlıdır ki, erməni nəşrlər Türkiyə xarici işlər nazirinin Ermənistan səfərinin ikitərəfli münasibətlərə necə təsir edəcəyinə barədə rəylər öyrəniblər. Məsələn, Ermənistan Respublika Partiyası (ERP) Ali Məclisinin iclasından sonra Ermənistan Milli Assambleyası sədrinin müavini, ERP-nin mətbuat katibi Eduard Şarmazanov deyib ki, Əhməd Davudoğlunun Ermənistana səfərindən sonra iki ölkənin münasibətlərində hər hansı dəyişiklik gözləməyə dəyməz. Onun sözlərinə görə, ERP-nin mövqeyi dəyişməyib: münasibətlərin ilkin şərtsiz qurulmasını istəyirlər: “Biz Ermənistanın Türkiyə tərəfindən blokadasını qəbuledilməz sayırıq. Fikrimiz dəyişməz qalır: top meydançanın Türkiyəyə aid hissəsindədir. Türklər Ermənistan sərhədindəki blokadanı şərtsiz açmağa, bu prosesi Qarabağ münaqişəsinin tənzimlənməsinə bağlamamağa hazır olan kimi, ola bilsin, müəyyən proses başlasın”. Ermənistanın hakim partiyasının mətbuat katibi onu da bildirib ki, türk həmkarları sülh çağırışları etməkdənsə, Ermənistan və dünya ictimaiyyətinin onlardan gözlədiyi addımları atsalar, yaxşı olar”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər