• cümə, 19 Aprel, 01:23
  • Baku Bakı 18°C

Ermənistan tərəfindən hazırlanmış siyasi təxribat

30.09.17 10:15 2485
Ermənistan tərəfindən hazırlanmış siyasi təxribat
Millət vəkilləri hesab edirlər ki, Türkiyə Dağlıq Qarabağa qanunsuz səfər edənləri ya özü cəzalandırmalı, ya da beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycana təhvil verməlidir
Sentyabrın 22-də Türkiyədən olan bir qrup şəxs - Əli Bayramoğlu, Səid Çəkinoğlu, sabiq millət vəkili "Yaşıllar və Sol Gələcək Partiyası”nın rəsmisi Ufuk Uras, yazıçı və aparıcı Erol Katırçıoğlu "Qərbi Ermənistan Konqresi” adlanan təşkilatın təşəbbüsü ilə Dağlıq Qarabağa qeyri-qanuni səfər ediblər. Qrup üzvləri səfər müddətində təşkil edilən tədbir və görüşlərdə anti-Azərbaycan, anti-Türkiyə xarakterli, ermənipərəst fikirlər səsləndiriblər. Təbii olaraq onların bu addımı Azərbaycan və Türkiyə cəmiyyətlərində böyük narazılıqla qarşılanıb, həmin şəxslər ciddi qınaq obyektinə çevriliblər. Bununla yanaşı, Azərbaycan Baş Prokurorluğunda Dağlıq Qarabağa getmiş Türkiyə vətəndaşlarına cinayət işi açılıb. Baş Prokurorluğun bu barədə yaydığı məlumatına görə, Türkiyə vətəndaşları U.Uras, Ə.Bayramoğlu, S.Çəkinoğlu, E.Katırçıoğlu Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində olan şəxslərlə qabaqcadan əlbir olub ölkəmizin beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müvafiq icra hakimiyyətinin razılığı və sənədləri olmadan, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qəsdən keçiblər.
Onların Xankəndi və digər yaşayış məntəqələrinə qanunsuz gəlmələrinə əsaslı şübhələr olduğundan 28 sentyabr 2017-ci il tarixdə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb. U.Uras, Ə.Bayramoğlu, S.Çəkinoğlu və E.Katırçıoğlu Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Türkiyə vətəndaşlarının bu addımına münasibət bildirən millət vəkili Aydın Mirzəzadə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisinə - Dağlıq Qarabağa qanunsuz səfər edən və orada ant-Aazərbaycan təbliğatı aparan şəxslərə ziyalı deməyin qəbahət olduğunu vurğulayıb. Bildirib ki, bu səfər Ermənistan tərəfindən hazırlanmış siyasi təxribatdır. Millət vəkilinin sözlərinə görə, bunun arxasında Azərbaycan-Türkiyə münasibətlərini pozmaq istəyən Ermənistan və xaricdəki müəyyən dairələr dayanır: "Türkiyə hər zaman Azərbaycana qardaş ölkə olub və iki ölkə arasındakı münasibətlər bütün dünyaya bəllidir: 80 milyonluq Türkiyədə bir-iki nəfər belə xainin olması təbiidir. Türkiyə həmişə bütün problemlərdə Azərbaycanın yanında, Azərbaycan isə Türkiyənin yanında olub. Bu şəxslərin Dağlıq Qarabağa qanunsuz səfəri yalnız Ermənistanın və xaricdə yaşayan erməni diasporunun təxribat xarakterli addımıdır. Bu hadisənin Türkiyə dövlətinin mövqeyi olmadığını bilirik. Azərbaycanın Baş Prokurorluğu bu səfərlə bağlı cinayət işi başlayıb və həmin şəxslərin qanunsuz hərəkətlərinə hüquqi qiymət veriləcək. İnanıram ki, qardaş Türkiyə də bu məsələdə Azərbaycana dəstək olacaq, həmin şəxsləri qısa müddətdə saxlayaraq Azərbaycana təhvil verəcək və onlar Azərbaycan qanunvericiliyinə uyğun cəzalandırılacaqlar”.

Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, politoloq Hikmət Məmmədov da Türkiyə vətəndaşları olan bir qrup şəxsin Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsini, bu barədə Türkiyə dövlətinin heç bir tədbir görməməsini təəssüflə qarşılayıb. Qeyd edib ki, bu, ilk növbədə Türkiyə - Azərbaycan münasibətlərinə, ölkələrimiz arasındakı strateji əməkdaşlıq ruhuna yaraşmır: "Türkiyədən olan bir qrup "ziyalı”nın Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər etməsi, təkcə Azərbaycanın əleyhinə deyil, həm də Türkiyə əleyhinədir. Onlar orda öz ölkələrinin əleyhinə də fikirlər səsləndiriblər. Türkiyə güclü dövlətdir və bu qanunsuz səfərlə bağlı mütləq tədbirlər görülməlidir. Bu cür hərəkətlər, addımlar birinci dəfə deyil. Bilirik ki, bir neçə dəfə bəzi türkiyəli jurnalistlər Azərbaycanın icazəsi olmadan işğal olunmuş ərazilərimizə səfər ediblər. Bu məsələnin bu şəkildə davam etməsi Azərbaycan ictimaiyyətində haqlı olaraq çox ciddi hiddət doğurub. Azərbaycan ictimaiyyəti bu səfəri şiddətlə qınayır. Ona görə də Türkiyə dövləti bu şəxslər haqqında ən ciddi tədbirləri görməlidir”.

H.Məmmədovun sözlərinə görə, münasibətlər hər şeydən öncə qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanmalıdır: "Azərbaycan bu məsələdə çox həssasdır. Çünki Azərbaycanın əraziləri işğal olunub. Türkiyənin belə bir həssas, milli məsələsində azərbaycanlılar buna bənzər addımlar atsa, tutaq ki, Azərbaycanın bir qrup tanınmış şəxsi Cənubi Kipr Respublikasına səfər edir və orada müxtəlif görüşlər keçirib anti - Türkiyə fikirləri səsləndirirsələr, görəsən Türkiyənin münasibəti necə olar? Türkiyə özünü Azərbaycanın yerinə qoymalıdır və buna əsasən də qərar qəbul etməlidir. Azərbaycan beynəlxalq təşkilatlarda, hər yerdə hər zaman Türkiyəni dəstəkləyib. 2016-cı ilin iyul ayında Türkiyədə qanuni hakimiyyətin hərbi yolla çevrilməsinə cəhd olunan zaman Azərbaycan prezidenti cənab İlham Əliyev öz qəti mövqeyini ortaya qoydu. Azərbaycan xalqı daim Türkiyənin yanında olduğunu bildirir. Ona görə də Azərbaycan ictimaiyyəti, bu qətiyyəti Türkiyədən gözləyir. Türkiyə ya o şəxsləri özü cəzalandırmalıdır, ya da beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycana təhvil verməlidir. Burada mütləq cəza tədbirləri görülməlidir ki, bir də belə hallar təkrar olunmasın. Hazırkı vəziyyətdə Azərbaycan ictimaiyyəti bu məsələnin necə başa çatacağını gözləyir. Ümid edirik ki, Türkiyə dövləti bu şəxsləri ciddi şəkildə cəzalandıracaq”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər