• cümə axşamı, 25 aprel, 11:43
  • Baku Bakı 14°C

Ermənistan sülh istəyir, yoxsa müharibə?

03.04.19 19:07 651
Ermənistan sülh istəyir, yoxsa müharibə?
Ötən ayın sonunda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Pşainyan arasında rəsmi danışıqlar keçirildi. Lakin bunun ardınca Ermənistanın müdafiə naziri David Tonoyan ABŞ-da erməni icmasının nümayəndələri ilə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi ilə bağlı "ərazi qarşılığında sülh” formulunu dəyişdirərək "yeni ərazilər üçün yeni müharibə” formuluna keçdiklərini bəyan edib.
Baş nazir Nikol Paşinyan isə məsələni şərh edərkən Tonoyanın fikirlərini müdafiə etdiyini dilə gətirib. Ermənistanın keçmiş iqtidar partiyasının sədr müavini Armen Aşotyan da ölkəsinin müdafiə nazirinə dəstək nümayiş etdirərək, yeni ərazilərə sahib olmaqdan danışıb.
Bütün bunlar onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişikliyi olsa da, bu ölkə işğalçılıq ideologiyasından əl çəkmək niyyətində deyil. Belə olan halda, sülh danışıqlarının davam etdirilməsinin bir mənası varmı?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, Ermənistan müdafiə nazirinin sərsəm bəyanatlarının şərhə ehtiyacı yoxdur: "Çünki Ermənistan bir tərəfdən qorxur, digər tərəfdən isə qorxudur. Məşhur bir deyimi yada salmaqla da, vəziyyəti şərh eləmək olar, necə ki, boş qazanın həmişə səsi bərk çıxır. Bütün bu məqamlar onu göstərir ki, Ermənistanda tənəzzül və özbaşınalıq davam edir. O cümlədən hakim zümrə ölkə idarəçiliyində zəifdir. Onu da deyim ki, Vyana görüşündən əvvəl Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan guya məxfi tərzdə Moskvaya səfər etdi və onlar orada xahiş ediblər ki, görüşdən sonra Minsk qrupunun bəyanatında Ermənistan zəif görünməsin. Hətta Ermənistan mətbuatı da bu haqda yazır ki, Zöhrab Mnatsakanyan rusiyalı həmsədr Popovun vasitəsilə bunu edib. Digər tərəfdən, biz görüşdən sonra görürük ki, Nikol Paşinyanla Vladimir Putinin telefon danışığı olub. Təbii ki, bu formatda Paşinyan nökər, Kreml rəhbəri isə ağa qismində çıxış edir. Onlar arasındakı telefon danışığından sonra baş nazirin saytında yazı dərc olunub və bundan sonra görüblər ki, burada iki-üç cümlə həqiqətən Ermənistanı aşağılayır, həmin o bəyanatı korrektə edib yenidən yerləşdiriblər. Bütün bunların fonunda Ermənistan müdafiə nazirinin sərsəm və səfeh bəyanat verməsi onun göstərir ki, bunların bir-birindən xəbəri yoxdur. Ya da ki, var, amma belə bir fon yaradırlar ki, bunların daxildə olan opponentləri onlara dair olan iddialarını zəiflətsinlər və ya təxirə salsınlar. Amma açıq şəkildə görünür ki, Ermənistan zəif bənd olaraq, özünün mövqelərindən bərk narahatdır”.
T.Abbasov əlavə etdi ki, istənilən məqamda yeni hərbi fazanın başlayacağını Ermənistan anlayır: "Yeni hərbi faza başlasa, təbii ki, onun nə ilə nəticələnməsi heç də şübhə doğurmur. Yəni, Ermənistan onsuzda o zərbəni alacaq. Ona görə də bunların ciddi-cəhdlə çalışdığı odur ki, daxildəki vəziyyəti stabilləşdirsinlər və rəqiblərinə onları kəskin tənqid etmək üçün əlavə şans verməsinlər. Digər tərəfdən müxtəlif yollarla başqa ölkələrdən, o cümlədən Rusiyadan dəstək alsınlar ki, Paşinyan hökumətinin möhləti bir qədər də uzansın. Üçüncü məqam da ondan ibarətdir ki, ermənilərin fikrincə, guya bu torpaqlar məsələsi həllini tapıb və Azərbaycana veriləcək heç bir ərazi yoxdur. Əgər belədirsə, onda bu təlatüm, təşviş və titrəmələr nəyə lazımdır? Qəti bildirmək olar ki, Ermənistan qeyri-adekvat və nataraz qonşudur, onun intellektual potensialı yanlış bir istiqamətdə inkişaf edir. Onlar ölkənin müqəddəratını həll etmək əvəzinə, əlavə torpaqlar əldə etməsini önə çıxarırlar. Bu, sağlam düşüncənin məhsulu ola bilməz. Burada Nikol Paşinyanın ən böyük günahı ondan ibarətdir ki, guya demokratdır, amma ölkəsinin əvvəlki işğalçı siyasətini dəstəkləyir, üstünlük verir. Yəni, onun demokratik olması işğalçılıq siyasəti ilə uzlaşmır. Ona görə də Ermənistanın aqibəti çox acınacaqlıdır. İndiki halda deyərdim ki, tutarlı bir zərbəyə möhtacdırlar və çox güman ki, o zərbə də olacaq”.
Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov bildirdi ki, Ermənistan müdafiə naziri David Tonoyanın çıxışı və faktiki olaraq Paşinyanın onu müdafiə etməsi, daha sonra Respublikaçılar partiyasının sədr müavininin "biz yeni torpaqları azad edəcəyik” fikri bir daha ermənilərin işğalçı obrazını göstərmiş oldu: "Məsələ ondadır ki, onların hər biri "yeni torpaqların azad ediləcəyi”ni deyirlər və burada məhz "azad edilmə” fikrinə diqqət yetirmək lazımdır. Bu isə o deməkdir ki, onlar "böyük Ermənistan” ideologiyası ilə yaşayırlar və düşünürlər ki, hələ Azərbaycanın bütün torpaqlarına sahib ola bilməyiblər. Buradan bəlli olur ki, ermənilər gələcək məqsədləri kimi nəinki işğal etdikləri torpaqları azad etmək, əksinə, yeni əraziləri işğal etmək niyyətindədirlər. Hesab edirəm ki, biz dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltməliyik. Ermənistan rəsmilərinin və bu ölkədəki siyasi partiya nümayəndələrinin çıxışlarının nəticəsini informasiya müharibəsi şəraitində beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Çünki söhbət kifayət qədər ciddi məsələdən gedir”.
Z.Məmmədov vurğuladı ki, ATƏT-in Minsk qrupu Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh prosesində iştirak edir: "Onlar Ermənistan tərəfinin verdiyi bu bəyanatlara ciddi şəkildə cavab verməlidirlər. Çünki burada söhbət Azərbaycan torpaqlarının taleyindən gedir. Bundan başqa, Vyana danışıqlarının ardından belə bəyanatların verilməsini biz təsadüfi hal hesab edə bilmərik. Danışıqlar zamanı müzakirə olunan məsələlərlə bağlı Ermənistan hakimiyyəti daxilində olan təşvişin nəticəsidir ki, erməni siyasətçiləri belə bir bəyanat verirlər. Bu bəyanatların arxasında həm də qorxu hissi dayanır ki, Azərbaycan öz ərazisində antiterror əməliyyatlarına başlayacağı halda, "İsgəndər” raketləri ilə cavab verəcəklərini deyirlər. Məhz qorxu hissi ermənilərin bu taktikadan istifadə etmələrinə və növbəti dəfə işğalçı olmalarının təsdiqinə gətirib çıxarır”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər