Ermənistan Rusiya mediasının hədəfində
"Yerevanda dövlət
paradiqmasının dəyişməsindən çox, klanların müharibəsini müşahidə edirik”
Vətəndaş müharibəsinin bir addımlığında olan Ermənistanda vəziyyət
kritik həddədir. Hazırkı rejimlə "Qarabağ klanı” və onun tör-töküntüləri
arasında gərginlik pik həddə çatıb. Qarşılıqlı ittihamlar o həddə çatıb ki,
tərəflər bir-birini satqınlıqda günahlandırır. Beləliklə, vəziyyət kritik
həddədir və proseslərin belə davam edəcəyi təqdirdə, xaos və böhran qaçılmaz
olacaq. Dünya mediasının diqqət
mərkəzində olan Ermənistanda baş verənlərə reaksiyalar müxtəlifdir. Bir qisim
rusiyapərəst qüvvələri günahlandırır, bir qisim də Qərbin müxtəlif dairələnin
sifarişi ilə proseslərin gərginləşdirildiyini iddia edir. Rusiya mediasında dərc
olunan məqalələrdə ekspertlər və müəlliflər birmənalı olaraq Nikol Paşinyanı günahlandırır. Ən əsası, baş
nazirin Rusiya silahları ilə bağlı söylədikləri ruslara yaman yer edib. Bu
səbəbdən də əksər media vasitələri baş naziri hədəfə alıblar. Bütün nəşrlər
birmənalı olaraq mövcud durumun kritik olduğunu bildirirlər. Eyni zamanda,
Ermənistan hakimiyyətinin baş verən hərbi fiaskodan hələ də nəticə çıxarmadığı
vurğulanır. Bəziləri isə hesab edir ki, Ermənistanın bəlalarının səbəbi
ermənilərin əldə bayraq etdikləri aşırı millətçilikdədir.
"İt hürər, karvan keçər” prinsipi ilə hərəkət etməyi tövsiyə edərdim”
"Çetıre pera” nəşrində dərc
olunan məqalədə Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyovun fikirləri
maraq doğurur. Deputatın qənaətincə, Ermənistan ilk növbədə qərbyönümlü,
rusofobiya və azərbayacanafobiya siyasətindən əl çəkməlidir. Qeyd edək ki,
adıçəkilən deputat işğaldan azad edilən Azərbaycan torpaqlarına səfər edən ilk
Rusiya deputatıdır. Və təəssüratlarından dəhşətə gəldiyini açıq formada göstərib.
Tamamilə yer üzündən silinən şəhər və kəndlər, dağıdılan məscidlər və obyektlər
onda şok effekti doğurub. Bildirib ki, erməni tərəfi əsl terror həyata keçirib.
Bombalanan Bərdə şəhərində yaxınlarını itirən dinc sakinlərlə söhbət də onda
şok doğurub. Əlavə edib ki, insanlar dəhşətli terrora baxmayaraq özlərində güc
tapıb evlərinə dönüb, gündəlik işləri ilə məşğuldurlar: "Bu insanlar özlərini
cəsur, ləyaqətli aparıblar. Əminəm ki, Azərbaycan hökuməti onların ümidlərini
həyata keçirə, yeni həyat bəxş edə biləcək. Dağlıq Qarabağın işğalının başa
çatması və hərbi əməliyyatların sonu torpaqların dirçəlməsinə gətirib
çıxaracaq. Bir məsələ də var ki, erməni işğalından azad olan elə yerlər var ki,
hərbi əməliyyatlardan çox, məskunlaşma olmamağından dağılıb. Elə yerlər var ki,
sıfırdan başlamaq gərəkdir. Aydındır ki, erməni tərəfi məqsədyönlü şəkildə
Dağlıq Qarabağda normal həyatı dağıdıb. Yavaş-yavaş, günbəgün bunu edib”.
"Paşinyan kinoda rol alsaydı...”
Başqa bir nüfuzlu nəşr "Kommersant”da dərc olunan məqalədə isə bildirilir ki, Nikol Paşinyan müxalifətlə küçə qarşıdurmasında qalib gəldi. Müəllif yazır ki, hökumət başçısı rəqiblərinə qarşı əks-hücuma keçdi və göstərdi ki, eyni zamanda həm iqtidar ola, həm də rəqibləri ilə tamamilə inqilabi mübarizə apara bilər: "Nikol Paşinyan siyasətdə mümkün olmayanı mümkün etmək təcrübəsi göstərir. Ölkədə bütün hakimiyyət əlində olduğu halda, o, nə vaxt lazım olursa, dərhal inqilabçı roluna girir. Və bu sehr işə yarayır. 1 martda onun çağırışı ilə on minlərlə tərəfdarı itaətkarlıqla paytaxtın mərkəzi meydanını doldurdu. Həmin gün onlar burada cənab Paşinyana lazım idi. Baş nazirin keçirdiyi aksiya ilə, demək olar ki, eyni zamanda "Vətəni xilas hərəkatı”nda birləşən müxalifət parlament yaxınlığında öz mitinqini keçirirdi. Və Nikol Paşinyan üçün dəstəyin kimin tərəfində olduğunu göstərmək vacib idi. Bu, alındı. "Respublika” meydanındakı izdiham hökumət əleyhinə olan etiraza nisbətən daha təsirli görünürdü”. Müəllif yazır ki, Nikol Paşinyan kinoda rol alsaydı, "Oskar”a iddiaçı ola bilərdi. "Əgər səhnədə çıxış edən adamın artıq 3 ildir ölkəni idarə etdiyi məlum olmasaydı, düşünmək olardı ki, bu parlaq natiq xalqı rejimlə mübarizəyə qaldıran müxalifət lideridir”. "Kommersant”ın "Mənim addımım” fraksiyasında olan mənbəsi anonimlik şərtilə xəbər verib ki, erkən seçkilərin keçirilməsi prosesi ən yaxın zamanda, Baş Qərargah rəisi məsələsi həll edilən kimi, "işə salınacaq”.
İqtidar blokundan olan deputat "Kommersant”a deyib ki, bu proses başa çatan kimi biz erkən seçkilərin təşkilinə başlayacağıq. Biz ona, yaranmış durumdan çıxış üçün fürsət kimi baxırıq”.
"Ölkəni ən azı 300-400 min insan tərk edəcək”
"Moskovski komsomolets”də dərc olunan məqalədə isə Ermənistan parlamentinin keçmiş deputatı Tevan Poqosyanın fikirləri yer alıb. Nikol Paşinyanın çıxışını neqativ qiymətləndirən keçmiş deputat onu yalançılıqda ittiham edir. Növbədənkənar parlament seçkilər keçirilməsi barədə vədini bir neçə dəfə pozmaqda günahlandırıb. "Biz hələ bir il bu rəhbərliyin hakimiyyəti altında yaşamalıyıq. Azərbaycan hər gün öz maraqlarını yeridir, biz ona heç nə ilə cavab vermirik. Azərbaycanda hərbi vəziyyət çoxdan ləğv edilib, bizdə isə bəlli olmayan səbəbdən hələ qalır.”
Qəzetdə dərc olunan başqa bir məqalədə isə Rusiya-Ermənistan Slavyan
Universitetinin siyasi intriqalar səbəbindən zərər çəkdiyi bildirilir. Bu ali
məktəbi, bir vaxtlar Rusiya ilə Ermənistan arasında dostluğun simvolu kimi
dəyərləndirirdilər. Moskva bu ali məktəblə bağlı razılaşmadan çıxdığını bəyan
edib. Rusiya tərəfi bu addımına heç bis səbəb göstərməyib.
"Komsomolskaya pravda”nın Yerevandan hazırladığı reportaj da maraq
kəsb edir. Müəllif qeyd edir ki, yaranmış böhran Paşinyanın qələbəsi ilə başa
çatarsa, onda o, 2023-cü il seçkilərini udacaq: "Ölkəni isə ən azı 300-400 min
insan tərk edəcək. Bunun səbəbini isə miqrasiyanın yüksək həddində görür. İndi
Ermənistanda insanlar yaşamaqdan qorxur. Sərhəd ərazilərdə yaşayanlar
türklərdən, Azərbaycandan qorxurlar. Ölkədə ancaq Paşinyanın nüvə elektoratı
qalacaq. Bundan sonra onlar Ermənistanın cənub hissəsini itirəcəklər. Rusiya
ilə münasibətlərə gəldikdə, Paşinyan bu münasibətlərin zərər görməsinə,
zəifləməsinə çalışacaq”.
Rusiyanın "Jurnalistskaya pravda” nəşri "İsgəndər” Operativ-Taktiki
Raket Kompleksinin səmərəsizliyi ilə bağlı Paşinyanın qalmaqallı bəyanatına və
bir neçə gün sonra "üzr istəmək cəhdi”nə toxunub.Nəşr qeyd edir ki, bir neçə gün öncə Paşinyanın verdiyi "absurd”
bəyanatdan sonra ölkədə ən böyük daxili siyasi böhran başlayıb və bunun hərbi
çevrilişə dönməsinə az qalmışdı. Müəllif bildirir ki, Paşinyan istənilən çətin
vəziyyətdə "kolların arxasında gizlənmək” strategiyasına sadiq qalır.
Yeri gəlmişkən, rusiyalı bloger və jurnalist Aleksey Romanovun
Ermənistanda baş verənlərlə bağlı müsahibəsi maraqlıdır. Deyir, internetdəki
revanşist əhval-ruhiyyəli ermənilərdən fərqli olaraq, reallıqda başqa
Ermənistan var: "Əhalinin çoxu müharibənin əleyhinədir və dinc yaşamaq istəyir.
Xalq müharibə vaxtı yaxınlarını necə gizlətdiklərini, xilas etdiklərini indi
açıq danışır. Paşinyanı da buna görə dəstəkləyir. Ekstremist və revanşist
əhval-ruhiyyə yaratmağa çalışanlar əvvəlki quldur hakimiyyət və diasporadır,
media resursları və maliyyə də daha çox onların əlindədir. Belə çıxır ki, biz
də elə buna görə uzun müddət mediada, internetdə normal düşüncəli erməni görə
bilməyəcəyik. Ermənistan əhalisinin çoxu bir ovuc köhnə quldurun və diasporun
girovuna çevrilib”.
Rusiyanın "EurAsia
Daily” nəşrində Nikol Paşinyanın "İskəndər” Operativ-Taktiki Raket Kompleksləri
ilə bağlı verdiyi bəyanatı ilə Ermənistan-Rusiya münasibətlərində daha bir
qalmaqal yaranmasından bəhs edən məqalə yayımlanıb. İndi hər kəs müasir
raketlərin necə partlaya bilmədiyini və üstəlik "cəmi 10% partlaya biləcəyini”
anlamağa çalışır. Rusiya KİV-ləri Ermənistan baş nazirinin bəyanatına dair
ekspertlərin tənqidi qiymətləndirmələri ilə doludur. Rusiya Federasiyası Dövlət
Dumasında, hətta Paşinyanın "İskəndər”lə bağlı dediklərinə görə üzr istəməsinə
dair çağırışlar da səsləndirilib. Belə bir sərt reaksiya başadüşüləndir.
"İskəndər” Rusiyanın hərbi sənaye kompleksinin qüruru sayılır və Moskvanın bu müasir
kompleksləri satmağa razı olduğu yeganə ölkə Ermənistandır.
Rusiyanın Birinci kanalı reportaj hazırlayaraq Ermənistanda hökm
sürən siyasi vəziyyətə toxunub. Reportajda Paşinyanın "İsgəndər”
Operativ-Taktiki Raket Kompleksinin "10 faiz partlamış raketləri” barədə
qalmaqallı bəyanatı xatırladılıb. "Baş nazir Baş Qərargah rəisinin istefasını
tələb edən sənədlərlə prezidentin ofisini "bombalayır”. Baş verən prosesin
motivlərini başa düşmək lazımdır. Raket komponenti böyük deyil, amma həm də
mövcuddur”, - deyə reportajın əvvəlində "Voskresnoe Vremya” xəbər proqramının
aparıcısı Vitali Yeliseyev qeyd edib. Reportaj müəllifinin sözlərinə görə,
hərbi ekspertlərin gözləri təəccübdən bərəlib.
Azər NURİYEV