• şənbə, 20 Aprel, 00:35
  • Baku Bakı 15°C

Ermənistan rəhbərliyi ciddi nəticələr çıxarmalıdır

12.01.19 21:15 483
Ermənistan rəhbərliyi ciddi nəticələr çıxarmalıdır
Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində Prezident İlham Əliyev iqtisadi problemlər içində üzən, əhalisinin sayı durmadan azalan Ermənistana bir çağırış etdi və yol göstərdi ki, bu cür ağır vəziyyətdən necə çıxa bilər. Əgər Ermənistan hakimiyyətinə yeni gəlmiş insanların az da olsa uzaqgörənliyi varsa onlar Azərbaycan Prezidentinin bu dəyərləndirməsindən nəticə çıxarmalıdır. Yəni, onlar anlamalıdır ki, Azərbaycan Prezidenti ən yüksək iradə sahibi olaraq Azərbaycan dövlətinin bir nömrəli təmsilçisi kimi onlara çağırış edir ki, bu münaqişəni tezliklə bitirmək lazımdır. Bu, Ermənistanda insanların normal yaşaya bilməsi, Ermənistan dövlətinin digər dövlətlər kimi fəaliyyət göstərə bilməsi üçün önəmlidir. Yaxud da Ermənistan dövlətinin gələcəkdə mövcud olub-olmaması bu münaqişənin həllindən, böyük hesabla Azərbaycandan asılıdır. Ona görə də Prezidentin bu xoşməramlı çağırışı Ermənistan üçün bir mesajdır. Ümid edirik ki, Ermənistanda bu mesajı anlayacaq bir iradə sahibi ortaya çıxacaq.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib.
Siyasi şərhçi deyib: "Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı nitqinin hər cümləsi bir tezisdir. Onun nitqi hələ uzun müddət təhlil ediləcək. Dövlət başçısının Ermənistanla bağlı fikirlərini xoşməramlı fikirlər və rəsmi Yerevanın ağıllı davranmasına çağırış kimi qiymətləndirirəm. Prezident qeyd etdi ki, Ermənistanın hazırkı çətin vəziyyətdən çıxmasının tək yolu Azərbaycanla münasibətləri normallaşdırmaqdır. Bunun da yolu Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərindən öz silahlı qüvvələrini çıxarmasıdır. Digər tərəfdən, Azərbaycan Prezidenti xüsusilə vurğuladı ki, biz Ermənistanın təcrid siyasətini davam etdirəcəyik. Yəni, münaqişə ədalətli həllini tapmayınca, Dağlıq Qarabağ və digər torpaqlarımız geri qaytarılmayınca Azərbaycan Ermənistanı təcrid etməkdə davam edəcək. Əlbəttə ki, bizim başqa yolumuz da yoxdur, yəni, biz Ermənistanla dostyana münasibətlər qura bilmərik. Bunun üçün Ermənistanın bizim torpaqlarımızdan çıxıb getməsi lazımdır”.
Azər Həsrət bildirib ki, Prezidentin iclasda qeyd etdiyi kimi, 27 illik müstəqilliyinin 20 ilini kriminal xunta rejimi tərəfindən idarə olunan Ermənistanın bu günə düşməsi təbiidir. Dövlət başçısı uzun illərdir Ermənistanın kriminal rejim tərəfindən idarə olunduğunu deyirdi. İndi isə Ermənistanda hakimiyyət başına yeni qüvvələr gəlib və həmin qüvvələr Azərbaycan Prezidentinin dediklərini artıq təsdiqləyirlər. Onlar daha əvvəl dövləti idarə etmiş şəxslərə qarşı məhkəmə prosesləri başlayıblar. Bu, bir daha göstərir ki, Azərbaycan dövləti və onun rəhbəri düzgün siyasət yürüdüb, Ermənistandakı rejimin əsl mahiyyətini dünyaya açıb göstərə bilib.
"Üzərində dayanılması lazım olan digər məsələ isə "konyak diplomatiyası” ilə bağlı deyilən fikirlərdir. Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistan hakimiyyəti, ümumiyyətlə, oradakı rejim bu illər ərzində xüsusən də Avropadakı siyasət adamlarını, ayrı-ayrı fəalları "konyak diplomatiyası” ilə satın alıb və onların qeyri-obyektiv mövqe tutmasına çalışıb. Burada söhbət Azərbaycana münasibətdən, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən gedir. Düşünürəm ki, Prezident İlham Əliyevin bu nitqi ilə bağlı təkcə ölkəmizdə deyil, xarici dövlətlərdə, o cümlədən Ermənistanda da ciddi təhlillər aparılacaq”, - deyə siyasi şərhçi bildirib.
banner

Oxşar Xəbərlər