• cümə, 26 Aprel, 00:43
  • Baku Bakı 16°C

Ermənistan rəhbərliyi başını itirmiş durumdadır

05.05.16 11:56 855
Ermənistan rəhbərliyi başını itirmiş durumdadır
İşğal altında olan Azərbaycan torpaqlarında hərbi əməliyyatlarda uğursuzluğun şokunu yaşayan Ermənistan rəhbərliyi başını itirmiş durumdadır. Cəbhə zonasında yüzlərlə hərbçinin məhvi, etirazların artdığı və antirusiya ritorikasının gücləndiyi bir vaxtda hərbi xunta məsuliyyətsiz addımlar atmaqda davam edir. Bu dəfə onun atmaq istədiyi addım separatçı Dağlıq Qarabağ rejiminin tanınması məsələsinin parlamentin müzakirəsinə çıxarmaqdır.
Erməni informasiya agentlikləri xəbər verir ki, parlamentin bu günki iclasının gündəliyinə separatçı rejimin tanınması məsələsi salınıb. Böyük ehtimalla hər dəfə olduğu kimi, bu dəfə də məsələnin müzakirəsi baş tutmayacaq. Sadəcə, bununla ölkə ictimaiyyəti arasında reytinqlərini qaldırmaq istəyirlər. Ekspertlər hesab edirlər ki, erməni tərəfinin bu təxribatı həm də beynəlxalq birliyi, o cümlədən ATƏT-in Minsk qrupu və BMT-ni şantaj etməkdir. Təəssüfedici hal ondan ibarətdir ki, adları çəkilən qurumlar hələ də məsələyə münasibət bildirmirlər.
Qeyd edək ki, rəsmi Yerevanın bu təşəbbüsü bir neçə gündür ki, mətbuat və siyasi dairələrdə müzakirə mövzusuna çevrilib. Artıq işğalçı Ermənistanın Xarici İşlər Nazirliyi qondarma qurumun tanınması ilə bağlı xəbərə münasibət bildirib. Burada qeyd edilir ki, qondarma qurumun tanınması gündəmdə deyil. Belə görünür ki, Ermənistan cəmiyyətində və siyasətçiləri arasında Qarabağın taleyi ilə bağlı ziddiyyətlər var. Çünki hökumət hələ Dağlıq Qarabağın "müstəqilliyinin” tanınmasına razı deyil. Həmçinin bu, ATƏT-in Minsk qrupunun həmsədrlərinin mənafeyinə uyğun gəlmir. Çünki Ermənistan Dağlıq Qarabağın "müstəqilliyini” tanısa, qrupa daxil olan böyük dövlətlərin münaqişənin həllinə təsiri ortadan qalxacaq. Məlumat üçün bildirək ki, qanun layihəsinin müəllifləri "Jaranqutyun” (İrs) parlament fraksiyasının rəhbəri Zaruhi Postancyan və Erməni Milli Konqresi fraksiyasının üzvü, sabiq baş nazir Qrant Baqratyandır.
Qeyd edək ki, Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın Dağlıq Qarabağı tanıyacağı barədə açıqlamalarına münasibət bildirib: "Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin Ermənistan tərəfindən tanınması rəsmi Yerevanın Minsk Qrupu prosesinə son qoyması mənası daşıyır ki, bu halda Minsk Qrupunun danışıqlar aparmaq üçün artıq heç bir mandatı olmayacaq. Bu, Minsk qrupu prosesi, onun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətə qarşı təhqir və özbaşınalığın ifrat nümunəsidir. Ermənistanın bu kimi təxribatçı əməllərinə beynəlxalq ictimaiyyət tərəfindən adekvat münasibət bildirilməlidir”.
Xatırladaq ki, Ermənistan tərəfindən "DQR-in rəsmən tanınması” məsələsi bir sıra müxalifətçi xadimlər tərəfindən də dəfələrlə qaldırılıb. Lakin rəsmi Yerevan belə təklifləri rədd edib. Hökumət hesab edir ki, bu, Minsk qrupu çərçivəsində aparılan danışıqlardan birtərəfli surətdə çıxmaq kimi qəbul oluna bilərdi. Lakin aprel ayında Azərbaycanın "genişmiqyaslı hücumundan” danışan prezident Serj Sarkisyan Ermənistan tərəfindən "DQR-in tanınması” ehtimalından bəhs edib.
Beləliklə, böyük ehtimalla bu günki müzakirələr də elə müzakirə olaraq qalacaq. Ermənistan rəhbərliyi gözəl anlayır ki, qondarma qurumu tanımaq barədə qərar qəbul edərsə, bu onun beynəlxalq aləmdə nüfuzuna ciddi təsir etmiş olacaq. Ən əsası, bu addım cəbhə zonasında hərbi əməliyyatların yenidən start götürməsinə səbəb olacaq. Əksəriyyət hesab edir ki, layihə parlamentdə yalnız qondarma rejimlə əlaqələrin möhkəmləndirilməsi kimi müzakirə oluna bilər. Ekspertlər hesab edir ki, əsas məqsəd gələcəkdə qondarma rejimlə daha geniş əlaqələr üçün baza yaratmaqdır. Amma bu da layihənin parlamentdən keçməsinə şərait yarada bilməz. Çünki hazırda regiondakı vəziyyət Ermənistan üçün arzuolunmazdır.
Ermənistanın Qarabağın "müstəqiliyini” bu vaxta qədər tanımamasının əsas səbəbi Azərbaycanın ərazi bütövlüyünün dünya birliyi tərəfindən birmənalı olaraq qəbul edilməsidir.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər