“Ermənistan prezidentinin Kəlbəcər rayonuna səfəri təxribat məqsədi daşıyır”
Ermənistan prezidenti Armen Sarkisyanın
Azərbaycanın işğal olunmuş ərazilərinə, o cümlədən Kəlbəcər rayonuna
səfəri təxribat məqsədi daşıyır və vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Bunu APA-ya açıqlamasındaXarici İşlər
Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, bu bir daha onu sübut edir
ki, Ermənistan rəhbərliyinin sülhdən və ya əməkdaşlıqdan danışması
riyakarlıqdan və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən başqa bir şey
deyil.
"ATƏT-in
Minsk Qrupunun həmsədrlərinin Yerevana səfəri günü Ermənistan rəhbərliyi bu
kimi təxribatçı və destruktiv addımları, o cümlədən qondarma rejimin
danışıqlarda iştirak etməsi barədə əsassız iddiaları ilə Ermənistanın
münaqişənin danışıqlar yolu ilə həllində tamamilə maraqlı olmadığını,
status-kvonun saxlanması və hərbi təcavüz yolu ilə işğal edilmiş Azərbaycan
ərazilərinin ilhaqı siyasətini yürütdüyünü açıq şəkildə nümayiş etdirir”, deyə
H.Hacıyev vurğulayıb.
XİN rəsmisi qeyd edib ki, Ermənistan rəhbərliyinin
yürütməkdə davam etdiyi siyasət regional sülh və təhlükəsizliyi ciddi təhdid
altına qoyur: "Bir daha bəyan edirik ki, yaranmış mövcud vəziyyətə görə
məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”.