• cümə axşamı, 25 aprel, 10:05
  • Baku Bakı 14°C

Ermənistan Paşinyandan bezib?

19.05.20 16:55 747
Ermənistan Paşinyandan bezib?
"Vesntik Kafkaza” yazır ki, Nikolun canlı yayımlarına maraq kəskin şəkildə azalıb

Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook”da iki saatlıq növbəti canlı yayımında yenə də populist bəyanatları ilə yadda qalıb. Bu dəfə ictimaiyyətin suallarını cavablandırarkən hökumətin "100 nailiyyətini” reklam etməyə üstünlük verməyə çalışıb. Nə üçün məhz 100 məsələsini isə dəqiqləşdirmək istəməyib. Rusiyanın "Vestnik Kafkaza” nəşri yazır ki, baş nazir bu "nailiyyətlər” arasına pandemiya dövründə iqtisadiyyatın dəstəklənməsi üçün irəli sürülən antiböhran tədbirlərini daxil edib: "Baş nazir çıxışında maraqlı bir məqama toxunub. O, kömək alan, lakin buna ehtiyacı olmayan şəxsləri, aldıqları yardımı ehtiyacı olan tanışlarına, qonşularına paylamağı təklif edib. İctimaiyyəti, belə olan halda maraqlı bir sual düşündürür - əgər yardımı insanlar özləri müəyyən edəcək və paylayacaqsa, onda dövlət nəyə lazımdır? İnsanların Paşinyan komandasına münasibətinin ən parlaq simptomunu karantin rejimində hiss etmək mümkün oldu. Məhz bu münasibətin nəticəsidir ki, koronavirus pandemiyası artıq qocalar evinə də gəlib çıxıb”. Məqalədə xüsusi vurğulanır ki, Nikol Paşinyanın canlı yayımının izləyiciləri 800 min təşkil edir, lakin üstündən yarım saat sonra efirdə cəmi 2400 nəfər, finalda isə daha az sayda adam qalır. Erməni kütləvi informasiya vasitələri diqqəti ona yönəldirlər ki, baş nazirə sona kimi qalıb qulaq asanlar da, əsasən, onu şərhlərdə tənqid edənlərdir.
Rusiya nəşrinin gəldiyi qənaəti elə erməni siyasiləri, ekspert, politoloq və müxalifəti də bölüşür. Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan öz "Facebook” səhifəsində yazıb ki, Ermənistanda koronavirus xəstələrinin sayı 4300-ü keçib. Bu o deməkdir ki, bir gündə 239 nəfər yoluxub. O qeyd edib ki, 5,9% artım tempi, deyəsən, ya dünya rekordudur, ya da ən pis nəticələrdən biridir. "Müqayisə üçün həmin gündə yeni xəstələrin kəmiyyət artımının dünyadakı sayı ABŞ-da 2.2 faiz, Rusiyada 1.8 faiz, Türkiyədə 3.8 faiz, İranda 1 faizdən aşağı, Gürcüstanda 0.3 faiz, Azərbaycanda 1.5 faiz olub”, - deyə Baqratyan bildirib. Əlavə edib ki, vəziyyətin pisləşməsinin səbəbi qaydalara düzgün əməl olunmamasıdır. Maraqlıdır ki, "Sasna Tsrer” partiyasının yaydığı bəyanatda da bu məsələyə toxunulur. "Mövcud hakimiyyət epidemiyaya qarşı mübarizədə də cılızlıq nümayiş etdirdi”, - deyə bəyanatda vurğulanır. Bəyanatda qeyd edilib ki, Ermənistanın hazırkı hakimiyyətinin məsuliyyətsiz davranışı və qabiliyyətsizliyi səbəbindən epidemiyaya qarşı mübarizə formal və qeyri-ciddi olub, buna görə də tətbiq edilən karantin və digər məhdudiyyətlər ikiqat ziyan vurub. "Ermənistan hakimiyyəti öz cılızlığını və cinayətkar hərəkətsizliyini etiraf etmək əvəzinə, günahı cəmiyyətin üzərinə atır”, - deyə bəyanatda bildirilib.
Öz növbəsində "Milli gündəm” partiyasının rəhbəri Avetik Çalabyan isə bu qənaətdədir ki, Ermənistan parlamentinin siyasi əksəriyyəti artıq ictimaiyyətin əksəriyyətini təmsil etmir və bu, hazırkı böhranın əsas mənbəyidir. Çalabyan qeyd edib ki, parlament konstitusiyanın istənilən dəyişikliyini həyata keçirmək üçün Konstitusiya Məhkəməsinin razılığını almalıdır ki, bu, Ermənistan Konstitusiyasının 168-ci maddəsinin ikinci bəndində aydın şəkildə qeyd olunub. O bildirib ki, hakimiyyət güc təzyiqi ilə məsələləri həll etmək illüziyasından imtina etməli və ağıllı şəkildə siyasi dialoq sahəsinə qayıtmalıdır. Keçmiş erməni diplomat Ara Papyan isə deyib ki, Ermənistanın hər bir hökumətinin etməli olduğu ən vacib şey diversifikasiyadır. "İqtisadiyyat və istehsalın əsaslandığı hər şey müxtəlif olmalıdır ki, sənin tərəfdaş ölkəndə və ya hər hansı bir sahədə böhran yaransa, bu, sənə o qədər də ciddi mənfi təsir, ağır nəticələr göstərməsin. Ermənistanın halında, düzünü desəm, nə indi, nə də keçmişdə bunu görməmişəm”, - deyə Papyan bildirib. Ermənistan Respublikaçılar partiyasının mətbuat katibi Eduard Şarmazanov isə Nikol Paşinyanı növbəti dəfə Lavrovun bəyanatlarını birbaşa şəkildə təkzib etməyə cəsarəti çatmamaqda ittiham edib. Şarmazanov qeyd edib ki, faktiki olaraq Ermənistanın strateji müttəfiqi olan ölkənin xarici işlər nazirinin bəyanatlarını təkzib etmək üçün Paşinyan ABŞ Dövlət Departamentinin vəzifəli şəxslərinin yardımından istifadə edir. "Nikol, bəs bir gün də bildirə bilərsənmi ki, Rusiyaya qarşı sanksiyalar ədalətlidir? Müxtəlif qərb dairələrinə xoş olmaq üçün erməni-rus müttəfiq münasibətlərini korlasan, kifayətdir”, - deyə o yazıb. Öz növbəsində erməni politoloq Stepan Danielyan "Facebook” səhifəsində yazıb ki, Ermənistanın faktiki baş naziri "inqilab layihəsi”ni məhv edib və getdikcə daha çox insan bundan əmin olur. Danielyan qeyd edib ki, Mülki Aviasiya Komitəsində baş verənlər göz qabağındadır, lakin demək olar, bütün sahələrdə vəziyyət eyni və ya daha pisdir. Erməni politoloq öz qeydində bildirib ki, Ermənistanda idarəetmə böhranı var.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər