• cümə, 29 Mart, 08:43
  • Baku Bakı 5°C

Ermənistan parlamentinin vitse-spikeri Paşinyana “KVN”-şik dedi

06.09.18 18:41 564
Ermənistan parlamentinin vitse-spikeri Paşinyana “KVN”-şik dedi
Ermənistanın siyasi gündəmi bu günlərdə baş tutacaq Paşinyan-Putin görüşünə yönəlib. Hər gün erməni mediasında bu məsələ ilə bağlı ən müxtəlif versiya və mülahizələr səslənir, ehtimallar irəli sürülür. Bu xüsusda daha çox diqqət Rusiya prezidentinin 10 ildə ilk dəfə olaraq Ermənistanın ikinci prezidenti Robert Köçəryanı ad günü münasibətilə təbrik etməsinə yönəlir. Sözün əsl mənasında bu təbrik hakimiyyətə tərs şillə kimi dəyib. "1in.am” saytı yazır ki, sentyabrın 8-də baş tutacaq Putin-Paşinyan görüşü ilə bağlı intriqa həddən artıq yüksəkdir. Görüş erməni-rus münasibətlərində presedentsiz böhran kontekstində keçirilir. "Bu böhranın əlamətləri çoxdur. Biz bunlar haqqında çox danışmışıq və təkrar etməyə ehtiyac duyulmur. Ən azından, Rusiya xarici işlər naziri Sergey Lavrov nəinki böhranın olduğunu təkzib edir, əksinə, açıq şəkildə deyir ki, Paşinyan Moskvaya Rusiyanın tələbi ilə çağırılır. Nikol Paşinyan yeganə yüksək rütbəli məmurdur ki, Rusiya ilə Ermənistan arasında münasibətlərdə problemin olmadığını iddia edir. Paşinyanın səfəri həm də dörd aylıq fəaliyyətlə bağlı hesabat deməkdir. Bu siyasət mahiyyətcə Moskvanı incitməməyə əsaslansa da, əks effekt verdi. Suverenliyin möhkəmləndirilməsi əvəzinə risklər artmış oldu, Ermənistanın təhlükəsizliyinə hədələr yarandı. Hətta Ermənistanın Rusiyanın Suriya avantürasına cəlb ediləcəyi təhlükəsi yaranıb”, - deyə müəllif yazır. Məqalə müəllifi əlavə edir ki, Moskvanın formal meydançalarda Yerevana təzyiqi artmaqdadır. "Ekspert dairələrində belə bir fikir yayılıb ki, Moskva Ermənistanın xarici siyasətdəki uğursuzluqlarından yararlanmağa çalışır və əvvəlki status-kvonu bərpa etməyə, hətta bu ölkəni daha çox asılı vəziyyətə salmağa çalışır”, - deyə vurğulanır. Daha sonra prezident İlham Əliyevlə Vladimir Putin arasında Soçidə baş tutan görüşə toxunulur. Bildirilir ki, çoxları Paşinyanın dəvətini paritetliyi qorumağa xidmət etdiyini deyirlər. "Lakin formal planda belə deyil – İlham Əliyev Soçidə rəsmi səfərdə idi. Paşinyan isə sadəcə işgüzar səfərə gedir və çox güman ki, protokol xatirinə adi sənədlər imzalanacaq”, -deyə müəllif yazır.
İki ölkə arasında münasibətlərdən söz düşmüşkən, Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan etiraf edib ki, Ermənistan-Rusiya münasibətlərində etimadsızlıq mövcuddur. Armen Qriqoryan bunu "Nuhun gəmisi” qəzetinə müsahibəsində deyib. "Xarici siyasət kursu əvvəlkidir. Rusiya ilə yaxşı münasibətlərimiz var. Etimadsızlıq məsələsi zamana bağlıdır. Biz rusiyalı həmkarlarımızla fəal işləyirik və yaxın gələcəkdə bütün məsələlər həllini tapacaq”, - A.Qriqoryan deyib. Mənbə xatırladır ki, daha öncə Ermənistan parlamentinin deputatı Artaşes Geqamyan məqalələrindən birində iddia edirdi ki, yeni Ermənistan hökumətinin az qala bütün komandası rusofoblar və qərbyönümlülər, Sorosun və digər "dağıdıcı” strukturların yetirmələridir. Deputat həmçinin A.Qriqoryanın adını çəkmişdi. A.Geqamyanın fikrincə, bu səbəb üzündən hazırkı hakimiyyətin Ermənistanın Rusiya ilə münasibətlərdə kursunun dəyişməzliyi barədə dedikləri etimadsızlıqla qarşılanır. Çünki hamı bilir ki, əslində Ermənistanın yeni hökuməti Qərbə meyllənir. "Rusiyada da Qərb ölkələrində təhsil almış, lakin öz ölkəsinin vətənpərvəri olan adamlar az deyil. Bizim komandada da qərb təhsilli insanlar var və Ermənistanın vətənpərvərləridir. Biz dövlətçilərik və ölkəmizin, onun maraqlarının qayğısını çəkirik. Ermənistanın maraqları isə Rusiya ilə sıx bağlıdır və biz bundan çıxış edirik. Ermənistanın təhlükəsizliyi, müəyyən mənada ölkənin iqtisadiyyatı Rusiya ilə bağlıdır”, - deyə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi vurğulayıb.
Öz növbəsində parlamentin vitse-spikeri Eduard Şarmazanov Paşinyanın Lavrovun bəyanatına verdiyi cavabı sərt şəkildə tənqid edib. O bildirib ki, bu cavabın Ermənistan-Rusiya münasibətlərinə neqativ nəticələri ola bilər. "Mən xatırlamıram ki, nə vaxtsa, Levon-Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyan iki ölkə arasındakı münasibətləri belə yumoristik formada şərh etsinlər. Sən Şən və Hazırcavablar klubunun üzvü deyilsən, Ermənistanın bir nömrəli məmurusan. Hesab edirəm ki, artıq ciddi olmağın vaxtı çatıb. Paşinyanı ciddi siyasi səhnəyə dönməyə çağırıram”, -deyə o bildirib.
"Joxovurd” qəzeti isə yaydığı məqalədə maraqlı bir məqama toxunur. Məqalədə bildirilir ki, Ermənistan baş naziri N.Paşinyanın apardığı kadr islahatları ciddi problem olaraq qalır. Onun vəzifəyə gətirdiyi bəzi şəxslər hələ də Rusiya tərəfindən qəbul edilmir. "Söhbət uzun illər ərzində Rusiyaya qarşı düşmən mövqeyi tutub, indi Ermənistanda yüksək vəzifəyə gətirilən şəxslərdən gedir. Rusiya özəlliklə Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan və Dövlət Əmlakına Nəzarət Xidmətinin rəhbəri David Sanasaryanın vəzifədə olmasından narazıdır. Mənbələrimiz də bildirir ki, Moskva açıq mətnlə dəfələrlə İrəvana bu şəxslərin hakimiyyətdə olmasının arzuedilməz olduğu barədə ultimatum verib”, – deyə qəzet bildirib.

Azər
banner

Oxşar Xəbərlər