• cümə, 19 Aprel, 17:21
  • Baku Bakı 25°C

Ermənistan parlamentində Avrasiya İqtisadi İttifaqına etirazlar

05.10.17 09:00 1128
Ermənistan parlamentində Avrasiya İqtisadi İttifaqına etirazlar
Ermənistan parlamentində ölkənin Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması haqqında qanun layihəsi ilə bağlı müzakirələr keçirilib. "Avrasiya İqtisadi İttifaqına inteqrasiya Ermənistanın suverenliyinə mane olur”. Bu sözləri "Çıxış” blokunun rəhbəri Nikol Paşinyan layihəni təqdim edərkən bildirib. "Avrasiya İqtisadi İttifaqından çıxmağın ardınca, dərhal Avropa İttifaqı ilə assosiativ üzvlük haqqında sazişin imzalanmasına nail olmaq gərəkdir. Ölkənin suverenliyini bərpa etmək gərəkdir”, - deyə deputat vurğulayıb. O, əlavə edib ki, hakimiyyət orqanları Aİİ çərçivəsində ölkənin iqtisadiyyatı və təhlükəsizliyini iflas həddinə çatdırıblar. 2016-cı ilin aprel hadisələri zamanı hakimiyyət orqanları bildirirdilər ki, Aİİ təhlükəsizlik məsələlərinə aid deyil, sırf iqtisadi birlikdir: "Onda biz soruşanda ki, nə üçün Aİİ ölkələrində bu cür iqtisadiyyat var, deyirdilər elə məsələlər var ki, geniş açıqlamaq olmur. Əgər elədirsə, onda gəlin bu məsələni bağlı qapalı arxasında müzakirə edək”.
Ermənistan parlamentinin "Çıxış” blokundan olan deputatı Edmon Marukyan isə bildirib ki, Aİİ Ermənistanın bütün istiqamətlər üzrə azadlıqlarını məhdudlaşdırır. Onun sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv olandan bəri ölkədə plüralizm əleyhinə mübarizə güclənməkdə davam edir. Deputat əlavə edib ki, çox tezliklə mətbuatın fəaliyyətini məhdudlaşdıran qanun layihəsinin şahidi olacağıq. "Çıxış” blokundan olan digər deputat Aram Sarkisyan isə layihə ilə bağlı müzakirələrdə bildirib ki, Ermənistanın azadlığına və müstəqilliyinə 1999-cu ildə baş nazir Vazgen Sarkiyanın öldürülməsiylə son qoyulub: "Ermənistanda nə qədər uşaq doğulmayıb, nə qədər yetim qalıb, çünki ataları çörək pulu qazanmaq üçün başqa ölkələrdədir. Bütün yük də anaların üzərinə düşüb. Baxın, görün indiki hakimiyyətin siyasəti nələrə gətirib çıxarıb. Biz isə istəyirik ki, vətəndaşlarımız uzaq ölkələrə deyil, öz evlərində çörək qazansınlar. Lakin ölkə rəhbərliyi ölkəni yarıac və asılı vəziyyətdə saxlamağa üstünlük verir”. Başqa bir deputat Sasun Mikaelyan isə bildirib ki, Ermənistan Aİİ-də digər üzv dövlətlərlə bərabər hüquqlara malik olmalıdır. O, Dağlıq Qarabağ məsələsində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Ermənistana barmaq silkələməsini xatırladıb. "Çıxış” blokunun deputatı onu da deyib ki, Aİİ Ermənistana heç bir mənfəət gətirməyib. Əvəzində təhlükəsizliklə bağlı problemləri dərinləşdirib, işsizliyi, siyasi izolyasiyanı gücləndirib. Onun qənaətincə, bu birliyə üzvlüyün gətirdiyi yeganə hal avtoritarizmin güclənməsi olub. Qərbyönümlü deputat onu da deyib ki, təmsil etdiyi blok Aİİ-yə üzvlüyün müsbət və mənfi tərəflərini araşdıracaq müvəqqəti komissiya yaradılmasını təklif edib. Onun hazırlayacağı məlumatlar sonra digər fraksiyalarla müzakirə olunacaq.
Fraksiyanın başqa bir üzvü, Gevorq Qorqisyan isə hakimiyyəti onların komissiya yaradılması tələbi qarşısına tutarlı bir arqument qoya bilməməkdə günahlandırıb. "Əgər siz övladlarınızın gələcəyini Ermənistanda görürsünüzsə, sabah ailənizi də götürüb ölkəni tərk etməyi düşünmürsünüzsə, demək Ermənistanın gələcəyi barədə düşünməlisiniz. Siz ölkənizə güzəştə gedirsiniz - əvəzində nə əldə edirsiniz? Ermənistan vətəndaşları bunu bilmək hüququna malikdirlər”, - deyə o bildirib. Deputat daha sonra Respublika Partiyasından olan həmkarlarına üzünü tutaraq "siz övladlarınızı Avropaya təhsil almağa göndərirsiniz və bilirsiniz ki, geri qayıtmayacaqlar. Göndərin Belarus və yaxud da Qazaxıstana”- deyib. Bu zaman onun hakim partiyadan olan həmkarı Artaşes Geqamyan bildirib ki, Ermənistan Aİİ-dən çıxmaqla tək qaza görə əlavə 360 mln. dollar ödəməli olacaq.
Beləliklə, Rusiyanın himayəsi altında qurulan Avrasiya İqtisadi İttifaqına qarşı növbəti sərt çıxış forpost Ermənistandan gəlib. Sözsüz ki, deputatların Aİİ əleyhinə çıxışı elə belə deyil və bunun arxasında hakimiyyət durur. Məsələ ondadır ki, Rusiyanın lider olduğu quruma üzv qəbul olmaqla Ermənistan hansısa əlavə üstünlüklər əldə edəcəyini düşünürdü, lakin bunun əksi baş verdi. Bu qərar veriləndən sonra Qərb strukturları Ermənistanla əməkdaşlıqdan da boyun qaçırmağa başladılar. İndi hakimiyyət məsələni parlamentdə qaldırmaqla Rusiyaya mesaj vermək istəyir və əlavə güzəştlər qoparmaq arzusundadır.
Parlamentdəki çağırışlara hakimiyyət də reaksiya verib. Parlamentin vitse-spikeri Mikael Melkumyan hesab edir ki, Ermənistanın Aİİ-dən çıxması aktual deyil. "Başa düşmək gərəkdir ki, Rusiyada bizim 100 mindən artıq insanımız çalışır. Biz bu ittifaqdan çıxsaq həmin insanların problemləri üzə çıxacaq. Həm də ay ərzində ölkəmizə daxil olan 180 mln. dollarlıq transferlər necə olacaq? Onların kəsilməsi baş verərsə, çox böyük çətinlik yaşamış olarıq! Biz bu məsələni müzakirə edəcəyik. Lakin bu o demək deyil ki, yanaşmamızı dəyişəcəyik. Biz Ermənistanın bu ittifaqa üzv olmasına səs vermişik. Bu məsələlərə kompleks yanaşmanın tərəfdarıyıq. Proseslərin necə olacağı, risklər barədə danışmaq istəmirəm, lakin qəti deyə bilərəm ki, bu məsələ aktual deyil”, - deyə vitse-spiker vurğulayıb.
Rəsmi Moskva isə hələ ki, yaşananlara reaksiya vermək istəmir. Sadəcə, Rusiyanın Ermənistandakı səfiri İvan Volınkinın münasibəti ortadadır. Səfir bildirib ki, Ermənistan qurumun tərkibindən çıxmaq barədə azaddır: "Lakin əhalinin böyük bir qismi bununla razı olmayacaq. Çünki, bu quruma üzvlüyün üstünlükləri var”. Erməni nəşrlərinin bu üstünlüyün nədən ibarət olduğu barədə sualına isə səfir cavab verməyib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər