• cümə, 29 Mart, 04:26
  • Baku Bakı 7°C

Ermənistan ordusundakı özbaşınalıqlar nədən xəbər verir?

08.08.19 19:04 9157
Ermənistan ordusundakı özbaşınalıqlar nədən xəbər verir?
Ermənistan hökuməti uzun illər ordusunda baş verən neqativ halları ört-basdır edib. Hətta Sarkisyan dönəmində övladları Qarabağda öldürülən əsgər analarının prezident sarayı qarşısında mütəmadi keçirdikləri etiraz aksiyaları polisin gücü hesabına dağıdılıb. Xüsusilə, erməni hərbçilərinin qeyri-döyüş şəraitində öldürülməsi halı durmadan artdığı üçün Ermənistan cəmiyyətində ciddi narazılıqlar yaranıb. Paşinyanın hakimiyyətə gəlməsi orduda baş verən ölüm hallarını, cinayət əməllərini aradan qaldırmadı.
Bu günlərdə Azərbaycanın işğal altında olan Ağdərə rayonun, Madagiz kəndi ərazisindəki hərbi hissədə 2018-ci ildə baş vermiş cinayət hadisəsi ilə bağlı məhkəmə materialları yayılıb. Maraqlıdır ki, məhkəmə əsgərlərə işgəncə verən və onları döyüb təhqir edən erməni zabiti cinayət məsuliyyətindən azad edib. Bu azmış kimi, Ermənistanın Müdafiə Nazirliyi açıqlama verərək zabitin haqlı olduğunu bildirib və nizamnamədən kənar hərəkət etdikləri üçün əsgərlərin cəzalandırılmasını doğru hesab edib. Bu faktın özü bir sıra suallar yaradır. Ermənistan ordusunda özbaşınalıqlar niyə günbəgün artır və hökumət niyə laqeydlik nümayiş etdirir?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Paşinyan Qarabağa gəlməmişdən əvvəl sosial şəbəkə hesabında Sarkisyan dönəmində bir hesabatın hazırlandığını yazmışdı: "Həmin bu hesabat o dövrdə ictimaiyyətə açıqlanmayıb. Paşinyan isə bunu gündəmə gətirərək göstərir ki, bu hesabata görə, Ermənistan heç bir istiqamətdə uğur qazanmayıb, dövlət iflic vəziyyətindədir və bunu dəyişmək mümkün deyil. Bu qeyd edilənlər orduya da sirayət edib və artıq Ermənistanın baş naziri tərəfindən etiraf olunur. Bir gün sonra isə o, Xankəndinə gəlir və 2050-ci il üçün hədəflərini açıqlayır. İki məqam onu göstərir ki, Paşinyan erməni cəmiyyətini ələ salır. Çünki bir gün əvvəl qeyd edir ki, vəziyyət iflicdir, buna görə islahatları sürətləndirə bilmərəm.
Eləcə də bu günlərdə bir erməni generalının etiraflarını oxudum. O da ordudakı acınacaqlı vəziyyəti etiraf edərək qeyd edir ki, biz bunu dəyişmək iqtidarında deyilik. Ermənistan ordusunu dəyişmək üçün struktur islahatları olmalıdır, ərzaq təchizatı düzəlməlidir, hərbi hissələr yenidən qurulmalı və ya təmir olunmalıdır, zabitlərlə sıravi heyət arasında münasibətlər normallaşmalıdır. İndiki halda bunların heç biri Ermənistan ordusunda yoxdur. Məhz bu səbəbdən də ölüm halları, toqquşmalar, zorakılıq artır. Bəzən onlar döyüş itkilərindən çox itkilər verirlər. Ya maşın dərəyə düşür, ya zabit əsgərini öldürür və ya əksi olur. Ermənistan ordusunda ölüm xəbərləri artdığına görə, illər öncə əsgər anaları komitəsi yaradıldı. Bu komitə Sarkisyanın dövründə az qala hər gün prezident sarayı qarşısında yürüş-mitinq edirdi ki, övladlarımızı öldürməyin, zorakılığa son qoyun”.
E.Şahinoğlu əlavə etdi ki, indiki halda ordudakı özbaşınalığa Paşinyan da son qoya bilmir: "Açığını demək lazımdır ki, Paşinyan heç mövcud generalitetə tam nəzarət edə bilmir və "Qarabağ klanı”nın mövqeləri hələ güclüdür. Eləcə də ordu Rusiyadakı mərkəzlərlə də bağlıdır. Bu səbəbdən Paşinyanın orduda islahat aparması yetərsizdir. Ümumiyyətlə, orduda islahat aparmaq üçün maliyyə lazımdır və o maliyyə Ermənistanda yoxdur. Son aylar ərzində ermənilər yaranmış problemləri etiraf etməyə başlayıblar. Həm Paşinyan, həm də ordu generalları etiraf edir ki, vəziyyəti dəyişmək iqtidarında deyillər. Onu da qeyd edim ki, Azərbaycan bir az da işğalçını sıxsa, təzyiqləri artırsa və ermənilərin itkiləri olsa, əsgər anaları övladlarının təhlükəli zonaya göndərilməsinə etiraz edəcəklər. Düşünürəm ki, bir müddət sonra erməni cəmiyyətində müzakirələr başlayacaq ki, niyə valideynlərinin icazəsi olmadan övladları Ermənistandan kənara aparılır? Erməni cəmiyyətində belə narazılıq var və bir müddət sonra gündəmə gələcək”.
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirdi ki, Ermənistan ordusunda qanundankənar əməllər və nizamnamənin tələblərinə cavab verməyən hadisələr hər zaman xarakterik olub: "Bu gün də biz bu hadisələrin şahidi oluruq. Əgər müharibə başlayarsa, bu kimi hallar daha qabarıq şəkildə özünü göstərəcək. Çünki Ermənistan ordusu bir hərbi struktur kimi özünün fundamental bazasını hələ də işləyib hazırlamayıb. 90-cı illərdə baş verən hadisələr hərbidən çox siyasi xarakter daşıyırdı və Azərbaycan ordusunun müvəqqəti məğlubiyyəti də daha çox siyasi məqamlarla əlaqəli idi. Bütövlükdə götürdükdə isə, Azərbaycan ordusu o qədər güclüdür ki, onu Ermənistan ordusu ilə müqayisə etmək mümkün deyil. Qeyd etdiyim kimi, hər hansı bir döyüş vəziyyəti yaranarsa, Ermənistan ordusunda neqativ halların sayı həndəsi silsilə şəklində artacaq”.
İ.Rüstəmli qeyd etdi ki, Ermənistan ordusunda xidmət edən zabit və əsgərləri Qarabağ torpağına heç bir mənəvi tellər bağlamır: "Yəni, Ermənistan əsgəri və zabiti orda candərdi xidmət edir. Ona görə də Yerevandan gəlmiş erməni hərbçisinin orada xidməti bir növ sürgün xarakteri daşıyır. Bu səbəbdən də vaxtı ilə əsgər anaları komitəsi bəyanat yaymışdı ki, övladlarımızın Qarabağda xidmət etməsini istəmirik və buna etiraz edirik. İndi də Ermənistan ordusunda cinayət tərkibli hadisələr kütləvi xarakter daşıyır. Komandirlər, hüquq-mühafizə orqanları bu kimi halları ictimaiyyətdən gizlətməyə çalışır. Onsuz da dinc erməni əhalisinin Qarabağla bağlı düşüncələri fərqlidir. Ermənistan siyasi elitasının fikri ilə sadə ermənilərin fikri arasında ciddi uçurumlar var. Onu qeyd edim ki, Ermənistan ordusunda özbaşınalıqların sosial, siyasi, ictimai, mənəvi, psixoloji əsasları mövcuddur. Təkcə əsgərlərin döyülməsi, təhqir olunması deyil, eləcə də seksual tərkibli cinayətlərin də sayı gündən-günə artır”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər