Ermənistan niyə nala-mıxa vurur?
Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı
ATƏT-in Minsk qrupu tərəfindən dəfələrlə görüşlər keçirilib. Soçi, eləcə də
Paris görüşlərindən sonra Ermənistan danışıqlardan geri çəkilsə də, son olaraq
Moskvanın təşəbbüsü ilə xarici işlər nazirləri görüşdülər. Lakin bu görüşün
nəticəsiz yekunlaşacağı əvvəlcədən bəlli idi.Bu günlərdə Minsk qrupu həmsədrlərinin iyunda Ermənistana və
Azərbaycana səfər edəcəkləri xəbərinə münasibət bildirən Ermənistanın xarici
işlər naziri Edvard Nalbadyan deyib ki, bu səfərdən sonra Azərbaycan və
Ermənistan XİN rəhbərlərinin görüşü keçirilə bilər. O qeyd edib ki, danışıqların
alternativi yoxdur, onu davam etdirmək lazımdır. Maraqlıdır ki, Ermənistanın hər vəchlə danışıqlardan uzaq qalmağa
çalışdığı bir vaxtda bu ölkənin XİN rəhbərinin "danışıqların alternativi
yoxdur” fikrini səsləndirməsinin arxasında nə dayanır?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirib ki, Ermənistan
ötən ilin aprel hadisələrindən sonra mövqeyini bir neçə dəfə dəyişib: "Gah
danışıqlara qeyd-şərtsiz razı olduğunu, problemin sülh yolu ilə həll edilməsinin
tərəfdarı olduğunu bildirdi, gah prezidentlər səviyyəsində danışıqlardan imtina
etdi və Azərbaycanla heç bir danışığa getməyəcəyini qeyd etdi. İndi isə yenidən
danışıqlara alternativ olmadığını deyir. Sadəcə olaraq, Ermənistan hakimiyyəti
danışıqlardan imtina etdikdən sonra dünyanın sərt reaksiyasını və bu fonda
Azərbaycanın diplomatik sahədəki uğurlarını gördü. Hiss etdi ki, danışıqlardan
imtina etməsi ilk növbədə Ermənistanın özünə çox böyük zərbədir. Azərbaycan isə
problemin hansı yolla həll etməsinin fərqinə varmır. Ölkəmiz həm danışıqlar,
həm də hərbi yolla öz torpaqlarını işğaldan azad etmək əzmindədir və hər iki
variant üzərində ciddi işlər aparılır. Ermənistanda isə vəziyyət kökündən
dəyişilib. Özünü izoliyasiya səviyyəsinə çatdırması, iqtisadiyyatının
zəifləməsinə, büdcənin kiçilməsinə və ümumilikdə hərbiyə ayrılan vəsaitin
minimal səviyyəyə düşməsinə səbəb olub. Beynəlxalq aləmdə də Ermənistana hər
hansı bir dəstəkdən söhbət gedə bilməz. Ənənəvi olaraq bu ölkəyə simpatiya
bəsləyən dövlətlərdə də Ermənistanın hərəkətinə qarşı çox sərt reaksiyalar
var”.
A.Mirzəzadənin sözlərinə görə, Ermənistanın danışıqlara qayıtması
hiss edilir: "Amma bunun özü də bir aldadıcı gedişdir. Belə ki, Ermənistan əsas
məsələ - torpaqları işğaldan azad etmək istəmir. Nalbandyanın bəyanatı sadəcə
vaxt udmaq, diplomatik manevr etmək məqsədi güdür. Ancaq Azərbaycana danışıqlar
naminə danışıqlar lazım deyil”.
"Atlas” Araşdırmalar
Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, əslində
ermənilər bu danışıqların münaqişənin həllini sürətləndirmədiyini, status-kvonu
uzatdığını bilirlər: "Bu sadəcə, imitasiyadır. Xarici işlər naziri Elmar
Məmmədyarov da açıqlama verib ki, danışıqlar xatirinə danşıqlarda iştirak
etməyəcəyik. Son Moskva görüşü nəticəsiz qaldı və düşünürəm ki, bu görüş
əhəmiyyətsiz idi. Gələcək görüşlərdə bizim rəsmilər gərək iştirak etməsinlər.
Çünki danışıqlar uzanır, işğalçıya təzyiq yoxdur. Həmsədrlər iyun aynda bölgəyə
səfər planlaşdırırlar. Onların iki məqsədi var. Biri odur ki, tərəflər atəşkəsə
riayət etsin. İkinci məqsədləri isə prezidentləri görüşdürməkdir. Amma nə
atəşkəsə nail ola bilirlər, nə də prezidentlərin görüşü baş tutur. Atəşkəsə ona
görə nail olunmur ki, danışıqlarda irəliləyiş yoxdur. Prezidentlərin görüşünün
alınmamasının səbəbi isə həmsədrlərin, nazirlərin görüşlərində irəliləyiş əldə
edilməməsindən irəli gəlir. Hansısa yeni təkliflər yoxdur ki, prezidentlər onu
müzakirə etsin. Ona görə də Ermənistan rəsmiləri müxtəlif vaxtlarda belə
açıqlamalar verirlər. Gah deyirlər danışıqlara qatılmayacaqlar, gah da
qatılacaqlarını deyirlər. Əslində bunlar özbaşına qərar vermirlər, birbaşa
Kremldən asılıdırlar. Ermənilər aprel savaşından sonra deyirdilər ki,
danışıqlar mənasızdır. Amma elə ki, Rusiya rəsmiləri Ermənistan rəhbərini
Moskvaya çağırdılar, o da sakitcə görüşlərdə iştirak elədi”.
E.Şahioğlu əlavə edib ki, Ermənistana ultimatum verməyin vaxtı gəlib
çatıb: "Ermənilər artıq işğal altındakı Azərbaycan ərazilərində infrastruktur
layihələrinə başlayıb. 20 ildir heç nə etmirdilər, amma indi bunu edirlər. Demək,
kimsə ermənilərə təminat verib. Fikrimcə, bunun qarşısının alınmasının yeganə
yolu ultimatum verilməsidir. Konkret müddət qoymalıyıq ki, bu müddətdə mərhələli
həll planı əsasında Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmasaz, bunun
nəticəsi ilə hesablaşmaq məcburiyyətində qalacaqsınız”.
Bəxtiyar MƏMMƏDLİ