• cümə, 29 Mart, 05:29
  • Baku Bakı 7°C

Ermənistan müxalifəti Paşinyana sürpriz hazırlayır

06.02.19 19:42 689
Ermənistan müxalifəti Paşinyana sürpriz hazırlayır
"Ermənistanda hakimiyyət dəyişikliyindən 9 ay keçməsinə baxmayaraq, real nəticələr görünmür”. Bu sözləri erməni jurnalistlərinə politoloq Vigen Akopyan bildirib. Onun sözlərinə görə, biznes və cəmiyyət problemlərə malikdir və onun həllinə çalışırlar. Əlavə edib ki, onların heç biri koordinə edilmiş yanaşma, dəqiq baxışlara malik deyillər: "Nəhayət ki, Nazirlər Kabineti "iqtisadi inqilab” termini dedikdə, nəyi nəzərdə tutduğunu da anlamır”. Onun qənaətincə, bu gün belə bir təəssürat yaranır ki, Nikol Paşinyan müxtəlif vəziyyətləri idarə edən "xilasedici” rolunu oynayır: "Bu gün vəzifəli şəxs bir söz danışır və dərhal da onun fikri sosial şəbəkələrdə, siyasi dairələrdə müzakirə mövzusuna, diskussiyalara səbəb olur. Elə ki, bu məsələ episentrə yüksəlir, bu zaman "xilasedici” Paşinyan peyda olur və yanğınsöndürən kimi odu söndürməyə çalışır”. Yeri gəlmişkən, Paşinyanın "islahatları” cəmiyyətdə ciddi narahatçılıqlar və hətta etiraz aksiyalarına səbəb olmaqdadır. Dünən Yerevan Dövlət Universitetinin 200-ə yaxın əməkdaşı paytaxtda etiraz aksiyası keçirib. Aksiya iştirakçıları hökumətin yeni qərarına etiraz edirlər. Məlumata görə, işdən çıxarılmalar Ermənistan hökumətinin 2018-ci ilin dekabrın 27-də qəbul etdiyi qərar əsasında həyata keçirilib. Bildirişdə qeyd olunub ki, Yerevan Dövlət Universitetinin 450 əməkdaşı 2019-cu ilin martın 31-dən etibarən ali məktəbin işçisi statusunu itirəcək. Lakin işdən çıxarılanlar bununla razılaşmırlar. Yerevan Dövlət Universitetinin və başqa ali məktəblərin əməkdaşları fevralın 7-də universitetdən "Respublika” meydanınadək etiraz yürüşü keçirməyə hazırlaşırlar. Bundan bir gün əvvəl isə Yerevanda küçə ticarəti ilə məşğul olan şəxslər Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçiriblər. Onlar sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına icazə verilməsini tələb ediblər. Yerevan meri bu il yanvarın 1-dən küçə ticarətini qanunsuz sayaraq sərt tədbirlər həyata keçirməyə başlayıb. "Özümüzü zorla dolandırırıq. Bizim böyük bazarlara iri həcmdə malla çıxmağa imkanımız yoxdur”, - aksiya iştirakçılarından biri vurğulayıb. Merin qərarını polis əməkdaşları və meriyanın nümayəndələri birlikdə yerinə yetirirlər. Onlar adamların çox sıx olduğu meydan, küçələrdə ticarətin qarşısını alırlar.
"Ermənistanın daxili siyasi həyatında heç bir ciddi irəliləyiş yoxdur, məyus olan insanların sayı getdikcə artır, bundan istifadə edən müxalifət isə öz proqramını səssizcə və planlı şəkildə təkmilləşdirir”. Bunu isə Ermənistanın "İrates” qəzeti yazıb. Qəzet etibarlı mənbələrinə istinadən yazıb ki, hazırda ölkənin əsas müxalif cəbhəsinin Paşinyana qarşı ciddi işə keçməməsinin səbəbi hökumətin daha çox səhvlər buraxmasını gözləməsi və hakimiyyətdə olduğu bir il müddətində verdiyi vədlərin əksinə olaraq, dövlətin borcunu 7 milyard dollara yaxınlaşdıran baş nazirə mayda sarsıdıcı sürpriz etməyə hazırlaşması ilə əlaqədardır. Və müxalif cəbhədə birləşib bu sürprizə hazırlaşanlar təkcə Paşinyana görə istefaya məcbur edilən Serj Sarkisyan və onun Respublikaçılar Partiyası yox, həm də həbsdəki Robert Koçaryanın komandası və yeni hökumətin yoxlamalarından narazı oliqarxlardır. "Əgər sosial-iqtisadi həyatda nəzərəçarpan nəticələr olmasa, onda Nikol Paşinyan hakimiyyəti günbəgün öz mövqelərini və sosial dayaqlarını itirməyə başlayacaq. Belə vəziyyətdə kifayət qədər güclü təbliğat kampaniyası və savadlı addımların köməyilə parlamentdənkənar müxalifət hakimiyyətin mövqelərini düşündüyümüzdən daha sürətlə sıradan çıxaracaq. Məlumata görə, əvvəlki rəhbərliyin nümayəndələri – söhbət təkcə respublikaçılardan yox, həm də Koçaryan qanadından gedir – mayda hakimiyyətə gəlməsinin bir ili tamam olacaq Paşinyana ciddi sürprizlər etməyi planlaşdırırlar. Lakin bu sürprizin hansı format və növdə olacağını öyrənə bilmədik, çünki proses hələ müzakirə mərhələsindədir və ciddi hazırlıq davam edir. Belə vəziyyətdə hər şey Paşinyandan asılıdır: əgər o, ciddi islahatlar apara və məyusluq çarxını dayandıra bilsə, müxalifət istəyinə çatmayacaq. Əks təqdirdə, biz Ermənistanda növbəti sarsıntılar və siyasi özbaşınalığın şahidi olacağıq”, – deyə qəzet yazıb.

Azər
banner

Oxşar Xəbərlər