• çərşənbə, 17 Aprel, 00:58
  • Baku Bakı 14°C

Ermənistan müxalifəti irimiqyaslı aksiyaya hazırlaşır

19.09.14 12:09 1153
Ermənistan müxalifəti irimiqyaslı aksiyaya hazırlaşır
Nəhayət ki, Ermənistanın uzun müddətdir can atdığı Avrasiya İqtisadi Birliyinə üzvlüyü məsələsi reallaşır. Rusiya Dövlət Dumasının MDB və soydaşlarla iş üzrə komitəsinin sədri Leonid Slutski ötən gün bəyan edib ki, Rusiya, Belarus, Qazaxıstan və Ermənistan parlamentlərinin Avrasiya İqtisadi Birliyi ilə bağlı ratifikasiyanı sinxron şəkildə həyata keçirəcək. Onun sözlərinə görə, Ermənistan Birliyə oktyabrın 9-da qoşulacaq.
“Rusiya, Belarus və Qazaxıstana başqa dövlətlər də qoşulacaq. Ermənistandan sonra Qırğızıstan Birliyə üzv olacaq” - deyə Slutski bildirib. Lakin erməni müxalifəti hakimiyyətə sürpriz etmək qərarına gəlib. Belə ki, həmin tarixdə quruma üzvlük, eləcə də, Konstitusiya islahatlarına etiraz əlaməti olaraq aksiya keçiriləcək. Ermənistan parlamentində təmsil olunan üç müxalifət partiyası - “Çiçəklənən Ermənistan”, Erməni Milli Konqresi və“İrs” bu barədə qərar qəbul edib. “Çiçəklənən Ermənistan” təmsilçisi Nairi Zöhrabyan bildirib ki, Daşnaksutyun Partiyası mitinqə qatılmayacaq. Həmçinin 3 partiyanın bölgələrə planlaşdırdığı səfərlər də “Daşnaksutyun”suz keçəcək. N.Zöhrabyan qeyd edib ki, bölgələrə səfər zamanı müxalifətin Konstitusiya islahatları ilə bağlı 12 maddəlik tələbləri seçicilərin müzakirəsinə təqdim olunacaq. Gözlənilən islahatlara görə, Ermənistan prezident idarə-üsulundan parlament respublikası quruluşuna keçəcək. “Konstitusiya islahatının əsas və tək hədəfi Serj Sarkisyanı hakimiyyətdə saxlamaqdır”. Bu barədə jurnalistlərə açıqlamasında “Erməni Milli Konqresi” partiyasının mətbuat katibi Armen Musinyan deyib. “Biz əminik ki, indiki prezident və onun komandasının bu islahatları alınmayacaq və Sarkisyan öz hakimiyyət müddətini uzada bilməyəcək” - deyə Musinyan qeyd edib. Hətta, Ermənistanın parlament idarəsi sisteminə keçidinin tərəfdarları belə konstitusiya islahatlarının keçirilməsinə qarşı çıxırlar. “İrs” partiyasının lideri Raffi Ovanisyan isə qeyd edib ki, bugünkü hakimiyyət belə islahatların keçirilməsi üçün qeyri-legitimdir. Öz növbəsində erməni parlamentinin üzvü Levon Zurabyan bildirib ki, varlıların əsas cəhdi hakimiyyəti nəyin bahasına olursa olsun saxlamaqdır: “Hamı bilir ki, Serj Sarkisyan öz prezident müddətini tamamlayır. Zurabyanın fikrincə, yeni islahatlar prezidentin baş nazir postuna keçməsinə və uzun illər öz hakimiyyətini geniş səlahiyyətlərlə davam etdirməsinə imkan verəcək. Parlamentin çox deputatları artıq açıqca deyirlər ki, xalq konstitusiya islahatları deyil iqtisadi islahatlar gözləyir. “Milli özünüdərk” birliyinin lideri Paruyr Ayrikyan isə bildirib ki, hakimiyyət konstitusiyada olan yeni formalarla idarəetmə məsələsində milləti manipulyasiya etmək istəyir. Müxalifətçi həm də Serj Sarkisyanın Ermənistanın Gömrük İttifaqına girməsi barədə qərarını tənqid edib. O, bunu ölkəni məhvə gətirib çıxara biləcək ölümcül səhv adlandırıb. Ayrikyan xəbər verib ki, 21 sentyabrda Ermənistanın müstəqillik gününə təyin edilən mitinq olacaq. Onun sözlərinə görə, hakimiyyət müstəqillik gününü qeyd etməyə layiq deyil. Ayrikyan da bir daha bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyan islahat prosesinə gələcəkdə özünə baş nazir postunu təmin etmək üçün təşəbbüskarlıq edir. “Levon Ter Petrosyan, Robert Köçəryan, Serj Sarkisyan - bunlar bir komandanın insanlarıdır. Onlar siyasətə biznes kimi yanaşırlar. Siyasi arenada da öz şəxsi maraqları üçün çıxış edirlər. Ermənistana isə ilk növbədə xalqın rifahını düşünən lider lazımdır”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər