• çərşənbə axşamı, 19 mart, 06:46
  • Baku Bakı 8°C

Ermənistan müxalifəti hakimiyyəti dəyişmək proqramını hazırlayır

12.09.17 09:45 1172
Ermənistan müxalifəti hakimiyyəti dəyişmək proqramını hazırlayır
Erməni müxalifəti hakimiyyətə qarşı mübarizənin yeni formatını işləyib hazırlayıb. Bunu bəyan edən "Yerkir çirani” (Əriklər ölkəsi) partiyasının lideri Zaruhi Postandcyan bildirib ki, onlar Ermənistanın iri şəhərlərinin sakinlərinin qatılacağı geniş şəbəkə mübarizəsinə başlayırlar. "Hakimiyyətə qarşı etirazlar tək paytaxtın Teatr Meydanında başlamamalıdır. Etirazlar şəhərləri və kəndləri əhatə etməli və diasporumuzun cəm olduğu şəhərlər də burada iştirak etməlidirlər. Biz bir siyasi orqana çevrilməliyik”, - deyə o bildirib. Onun sözlərinə görə, 2018-ci ilin aprelinə qədər işləri başa çatdırmaq gərəkdir. Həmin tarixdə prezident Serj Sarkisyanın səlahiyyət müddəti başa çatır və Ermənistan parlament üsul-idarəli respublikaya çevrilir.
Baş nazir isə ölkənin faktiki rəhbərinə çevrilir. Müxalifət liderinin qənaətincə, Sarkisyan baş nazir olmamalıdır: "Onun yeri cəzaçəkmə müəssisəsi olmalıdır və bizim bütün fəaliyyətimiz buna həsr olunmalıdır. Özü də tək onun yox, onunla birlikdə ölkəni son 25 ildə uçuruma sürükləyənlərin yeri ora olmalıdır. Ölkəni məhvə sürükləyənlər cinayət məsuliyyətinə alınmalıdırlar. Bu gün 1,5 milyonluq miqrasiya faktı ilə heç cürə barışmaq olmaz. Ölkəmizdən 30 milyon dollar qanunsuz şəkildə çıxarılıb”. Z.Postandcyan əlavə edib ki, yaxın vaxtlarda hüquq-mühafizə orqanlarına Ermənistan prezidentinin törətdikləri cinayətlər barədə məlumatları təqdim edəcəklər. "Bizim gəldiyimiz qənaət budur ki, məhz o, bütün baş verən neqativ hallara görə məsuliyyət daşıyır. Həmçinin, onun xəyanəti barədə də faktları toplamışıq. Söhbət dördgünlük aprel müharibəsindən gedir. Həmin hərbi əməliyyatlardakı uğursuzluğun əsas və başlıca günahkarı məhz odur. Gənc və iyirmi yaşlı gənclərin ölməsinin günahkarı odur. Biz ona görə Sarkisyanı məsuliyyətə cəlb etməliyik”, - deyə sabiq deputat olan xanım bildirib.
"Yerkir çirani”nin lideri əlavə edib ki, onlar atdıqları bütün addımlar barədə ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracaqlar. Z.Postandcyan bu mübarizədə diasporun iştirakına xüsusi əhəmiyyət verir. "Bu gün əhalinin əhəmiyyətli bir qismi ölkə hüdudlarından kənarda yaşayır”, - deyə əlavə edib. "Azazutyun” radiosunun "insanları küçələrə çıxmağa necə inandıracaqsınız” sualına isə Postandcyan belə cavab verib: "Biz elə edəcəyik ki, insanlar özləri küçələrə çıxmağa çalışacaqlar. Əlbəttə, insanlar baş verənlərdən pessimizmə qapılıblar, heç nəyə inanmırlar. Ağır sosial-iqtisadi şəraitdə yaşayırlar. Lakin bu, bizim özümüzə olan inamı itirməyib”. Müxalif lider bildirib ki, sentyabrın 15-də partiyanın hərəkət planı barədə ətraflı məlumat veriləcək və bu plan üzrə mübarizə aparılacaq. O ki qaldı digər partiyalarla əməkdaşlığa – Postandcyan bunu istisna edir. Onun sözlərinə görə, bu məsələdə onların tərəfdaşları yoxdur və hətta özü də bilmir ki, kim nə işlə məşğuldur. Xatırladaq ki, "İrs” partiyasının keçmiş üzvünün rəhbərlik etdiyi "Yerkir çirani” bu il Yerevan Ağsaqqallar Şurasına keçirilən seçkilərdə 5 mandat əldə edib.
Beləliklə, sosial-iqtisadi sahədə ciddi problemlər yaşayan Ermənistanda ictimai-siyasi sferada da vəziyyət gərgin xarakter alır. Bunun əsas səbəblərindən biri hakimiyyətin insan hüquqlarını pozmaqda davam etməsi, məhkəmələrin sifarişli əsasda fəaliyyət göstərməsi, məmur özbaşınalıqlarının daha geniş vüsət almasıdır. Bu səbəbdəndir ki, indi Ermənistanda hökm sürən qanunsuzluq mühitindən narazı qalan insanların sayı sürətlə artır. Tək bir faktı qeyd edək ki, işğalçı ölkə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayətlərin sayına görə birinci yerdədir. Bu hesabat əhalinin hər 100 min nəfərinə düşən şikayətlərin sayına görə aparılıb.
Azər
banner

Oxşar Xəbərlər