• cümə, 26 Aprel, 21:18
  • Baku Bakı 22°C

Ermənistan müstəqilliyinə əlvida deyir

24.10.13 09:33 1269
Ermənistan müstəqilliyinə əlvida deyir
Bu gün Minskdə MDB Dövlət başçıları Şurasının toplantısı keçiriləcək. MDB İcraedici Katibliyinin yaydığı xəbərdə göstərilir ki, tədbir ərəfəsində bu şəhərdə MDB dövlətləri xarici işlər nazirlərinin görüşü olacaq. Görüşdə prezidentlərin sammiti də müzakirə ediləcək. Dövlət başçılarının iclasının ilkin gündəliyinə isə 18 məsələ daxildir.
MDB Xarici İşlər Nazirləri Şurası 2014-cü ilin MDB-də Turizm İli elan edilməsini təsdiq edib. Şübhəsiz ki, Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqı ilə bağlı məsələ burada əsas müzakirə mövzusu olacaq. Artıq Ermənistan və Qırğızıstanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü məsələsi reallaşmaq üzrədir. “Ermənistanın Avrasiya Birliyinə üzvlüyü məsələsi oktyabrın 24-də Minskdə keçiriləcək Avrasiya Ali İqtisadi Şurasının iclasında müzakirə olunacaq”. Bu barədə Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, iclasda bir neçə əsas məsələ müzakirə olunacaq. “İclasda 2015-ci ilin yanvarına qədər Avrasiya İqtisadi Birliyinin formalaşması məsələsinə xüsusi diqqət yetiriləcək”. Y.Uşakov əlavə edib ki, Avrasiya Ali İqtisadi Şurasının iclasında Vladimir Putin, Nursultan Nazarbayev və Aleksandr Lukaşenko iştirak edəcək. Genişləndirilmiş iclasın tərkibinə isə Avrasiya İqtisadi Komissiyasının sədri Viktor Xristenko, Rusiya baş nazirinin müavini Yuri Şuvalov, Qazaxıstan baş nazirinin müavini Kayrat Kalimbetov və onun belaruslu həmkarı Sergey Rumas iştirak edəcək. Yuri Uşakov iclasa Ermənistan prezidenti Serj Sarkisyanın da dəvət olunacağını istisna etməyib. Öz növbəsində Aleksandr Lukaşenko Ermənistanın Gömrük İttifaqına qoşulması ilə bağlı fikirlərini bölüşüb. Belarus prezidenti Gömrük İttifaqına üzvlüyün uzun bir proses olduğunu bildirib: “Ermənistan Gömrük İttifaqına nə bu gün, nə sabah, nə bu il, nə də ki, çox güman gələn il üzv ola biləcək”. Bununla belə, Lukaşenko Avrasiya Birliyinin Minsk sammitində Ermənistanla hər hansı sənədin imzalanmasını istisna etməyib: “Ermənistanın Gömrük İttifaqına qoşulması barədə hər hansı sənədin imzalanmasını istisna etmirəm”. Aleksandr Lukaşenko toplantı ərəfəsində onu da bildirib ki, Avrasiya Birliyini Avropa İttifaqı ilə bərabər səviyyəli tərəfdaş bir quruma çevirmək istəyirlər. Belarus prezidenti MDB ölkələrindən olan KİV rəhbərləri ilə görüşündə bildirib ki, bir sıra digər ölkələrin layihədə iştirak etmək səylərini nəzərə alsaq, geosiyasətin şahmat lövhəsində ən yaxın vaxtda Avrasiya İqtisadi Birliyi ilə Avropa İttifaqı təxminən bərabər səviyyəli tərəfdaş olacaqlar: “Onların maraqlarını balanslaşdırmaq lazım olacaq. Bu, onun canlı nümunəsidir ki, inteqrasiya ideyası tamamilə realdır”. Belarus prezidentinin sözlərinə görə, vahid Avropa ilə danışıqların inteqrasiya edilən birlik tərəfindən aparılması daha effektiv olacaq: “MDB-yə üzv ölkələrə ayrı-ayrılıqda vahid Avropa ilə təhqiredici şərtlərlə separatçı danışıqlar aparmaqdansa, danışıqları birgə aparmaq daha effektli olar”. Belarus prezidenti onu da bildirib ki, Vahid İqtisadi Məkan daxilində vahid valyuta barədə danışmaq hələ tezdir.
Onu da qeyd edək ki, Qırğızıstanın da Gömrük İttifaqına üzvlük məsələsini diqqət yetirəcək iclasda qurumun Avrasiya məkanında əsas prioritetlərinin istiqamətləri müəyyən olunacaq. Rusiyalı ekspertlərin qənaətincə, artıq bu inteqrasiyaya alternativ yoxdur. Lakin bəzi ekspertlər hesab edir ki, sürətli inteqrasiya tempi Vahid İqtisadi Məkanın tam şəkildə fəaliyyət göstərməsinə ziyan gətirir. “Bu, düzgün qiymətdir. Avropa İttifaqını yada salaq. Bu qurum detalları onilliklər ərzində razılaşdırırdı” - deyə Dünya İqtisadi Siyasəti İnstitutunun direktoru Sultan Akimbekov bildirir. Onun sözlərinə görə, Gömrük İttifaqında bir sıra problemlər həll olunmamış qalıb və onu yaradanlar həddən artıq tələsiblər. Bu səbəbdən də bir sıra sənədlər tam işlənməyib. “Biz bu gün bu problemlə üzləşirik. Məsələn, Qazaxıstan mallarının Rusiya bazarına çatdırılması ilə bağlı problem yaşayırıq. Rusiyadan istənilən mal gətirmək olar. Rusiyaya isə yox. Bunu bu günlərdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev də bəyan etdi” - deyə o bildirib.
Bir faktı da qeyd edək ki, sammit ərəfəsində MDB dövlətləri arasında viza rejiminin tətbiqi barədə söhbətlər də mətbuata çıxmışdı. Lakin Rusiya prezidenti Vladimir Putin bunu təkzib edib: “Viza rejiminin tətbiqi Rusiyanın miqrasiya problemlərini həll edə bilməyəcək: “Viza rejimi yoxdur. Məsələ bundadır ki, əgər biz bunu tətbiq etsək vəziyyət necə olacaq - pis və ya yaxşı? Bu da problemli sualdır. Çünki, haqqında danışdığımız rüşvət bazarlardan sərhədlərə keçəcək”. Dumanın Beynəlxalq münasibətlər üzrə şuranın iclasında çıxış edən prezident onu da bildirib ki, Rusiyada millətlərarası münaqişələrə görə regional məmurların məsuliyyəti haqqında qanun artıq qüvvəyə minib. Bu sənədə əsasən, yerli icra hakimiyyəti millətlərarası münaqişənin qarşısını almamağa görə istefaya göndərilə bilər. Sənəddə vurğulanır: “Bu federal qanun rəsmi şəkildə dərc olunmasından sonra qüvvəyə minir”.
Qeyd edək ki, bu və eləcə də Biryulevo hadisələri ilə bağlı Rusiyanın daxili işlər naziri Vladimir Kolokolsev, Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski və Moskva merinin regional təhlükəsizlik üzrə müavini Aleksandr Qorbenko Moskvanın Dövlət Dumasında çıxış edəcəklər. Bu barədə “RİA Novosti” məlumat yayıb. Rusiyanın insan haqları üzrə müvəkkili Vladimir Lukin bundan öncə geniş əks-səda doğuran Biryulevo hadisələri ilə bağlı parlament istintaqı aparmağı təklif etmişdi. Bu təklifi şərh edən Dövlət Dumasının spikeri Sergey Narışkin parlament istintaqının aparılmasını istisna etməyib. Lakin o, bunun DİN və FMX rəhbərlərinin hesabatından sonra mümkün ola biləcəyini qeyd edib. Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov isə Biryulevo hadisələrini Təhlükəsizlik Şurasının iclasında müzakirə etməyi təklif edib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər