• cümə, 29 Mart, 11:12
  • Baku Bakı 5°C

Ermənistan müharibə istəyirsə, onu mütləq alacaq!

28.08.19 18:45 6009
Ermənistan müharibə istəyirsə, onu mütləq alacaq!
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM - 1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT - Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
İşğalçılığın ifşası və ya etirafı
Həmin vaxtdan indiyə qədər ötən vaxt ərzində işğalçı Ermənistanın qeyri-konstruktivliyi səbəbindən Dağlıq Qarabağ münaqişəsi həllini tapmayıb. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri rəsmi İrəvan tərəfindən yerinə yetirilməyib. Bununla yanaşı, BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə, münaqişənin yalnız bu çərçivədə həllinə dair qətnamələri işğalçı Ermənistan tərəfindən qulaqardına vurulub. Beləliklə də, rəsmi İrəvanın bu münaqişənin həllində maraqlı olmadığı dəfələrlə nümayiş etdirilib. Bu azmış kimi, Ermənistanın yeni hökumətində Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri və Müdafiə Naziri vəzifəsini icra edənlər "Azərbaycana bir qarış da torpaq qaytarmamaq”, "yeni ərazilər üçün yeni müharibə” kimi məsuliyyətsiz və təxribatçı açıqlamalarla çıxış ediblər. Ermənistanın baş naziri Nikol Paşinyan isə 2019-cu il avqustun 5-də Xankəndinə səfər edərək, "Qarabağ - Ermənistandır və vəssalam” açıqlaması verib. Erməni baş nazirin Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsini nəzərdə tutan "miatsum” ifadəsini səsləndirməsi bu ölkənin əsl məqsədinin işğalçılıqdan başqa bir şey olmadığını ortaya qoyub.

Rəsmi İrəvanın bəhanələri
Halbuki, indiyə qədər Ermənistan tərəfi hərbi işğal və anneksiya siyasətinin beynəlxalq siyasi-hüququ və mənəvi məsuliyyətini dərk edərək, işğalçılıq siyasətini gizlədir və onu Dağlıq Qarabağın erməni əhalisinin öz müqəddəratını təyin etmək formasında pərdələməyə çalışır, müxtəlif bəhanələrə əl atırdı. Lakin N.Paşinyan və onun rəhbərlik etdiyi hökumətin digər yüksək vəzifəli şəxslərinin qeyd edilən açıqlamaları epizodik hallar olmayaraq, rəsmi İrəvanın dövlət səviyyəsində işğalçılıq siyasəti yürütməsinin və buna görə, Ermənistanın beynəlxalq hüquqi məsuliyyət daşımasının sübutudur. N.Paşinyan davamlı olaraq populist çıxışlar edir, tarixi saxtalaşdırır, müharibənin işğala, etnik təmizləməyə gətirib çıxaran nəticələrini təqdir edir və onları qoruyub saxlamağa çalışır.
Danışıqlar prosesinin gələcəyi

Ən önəmlisi isə budur ki, Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırış ilə Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını ayaq altına atır, təhqir edir və beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə total hörmətsizlik nümayiş etdirir. Bu bəyanat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesinə ciddi zərbədir. Bundan sonra danışıqlar prosesinin gələcəyi barədə suala ATƏT-in Minsk qrupunun həmsədrləri cavab verməlidir.

Sülhə məcburetmə vasitələrinə əl atmaq
Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşən millət vəkili, politoloq Hikmət Babaoğlunun qənaətincə, Ermənistandakı daxili siyasi prosesləri və 16 aylıq xarici siyasəti təhlil edərək bu qənaətə gəlmək olar ki, bu dövlət özünü tamamilə təcrid vəziyyətinə salıb, beynəlxalq hüququ görməzlikdən gəlib, işğalçı ölkə olmasını rəsmən etiraf edib. Politoloq deyib ki, Ermənistan indiyə qədər ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəsilə aparılan danışıqları əslində imitasiya məqsədi ilə həyata keçirib: "Ermənistanın baş naziri Xankəndinə qeyri-qanuni səfəri zamanı Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi tanıdığını bildirərək, əslində, işğalçılıq siyasətinin, baş naziri olduğu ölkənin rəsmi siyasəti olduğunu etiraf edib. Bütün bunlar azmış kimi, Ermənistanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri və Müdafiə Naziri də məsuliyyətsiz və təxribatçı açıqlamalarla çıxış edib. Bu, müharibəyə təhrikdir və belə məsuliyyətsiz bəyanat verənlər bilsinlər ki, əgər onlar müharibə istəyirlərsə, onu mütləq alacaqlar! Hələliksə, bütün dünya ictimaiyyəti, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan hakimiyyətinin radikal bəyanatlarını görməli, onu qiymətləndirməli və adekvat cavab verməlidir”.


Azərbaycan bunu etməyə qadirdir
Millət vəkili deyib ki, dünyada işğalçı ölkəni işğalçılıq siyasətindən çəkindirmək üçün müxtəlif cəza tədbirləri var. Onun fikrincə, bu tədbirlər iqtisadi sanksiyalardan başlamış siyasi təcridə qədər ən müxtəlif vasitələrlə həyata keçirilir: "Təəssüf ki, Ermənistan işğalçı dövlət olduğu və bunu etiraf etdiyi halda, ATƏT-in Minsk qrupu Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan məsuliyyətsiz bəyanatlarını və addımlarını pisləmir, onu bu yoldan çəkindirmək, münaqişənin sülh yolu, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həllinə məcbur etmir. Ona görə də, hazırkı vəziyyətdə danışıqların sülh yolu ilə aparılması imkanları get-gedə məhdudlaşır və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi üçün sülhə məcburetmə vasitələrinə əl atmaqdan başqa çarəsi qalmır. Belə olan halda, ya BMT Təhlükəsizlik Şurasının mandatı ilə sülhə nail olmaq missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu real addımlar ataraq işğal faktına son qoymalı və regionda sülh yaratmalı, ya da Azərbaycan beynəlxalq hüquqla ona tanınmış müstəsna səlahiyyətləri ilə öz ərazi bütövlüyünü bərpa etməlidir. Regiona və ən əsası isə Ermənistanda hamı bilir ki, Azərbaycan bunu etməyə qadirdir və bir gün mütləq edəcək”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər